“Bu, Azərbaycanın qlobal həmrəyliyə verdiyi önəmin təzahürüdür”

bu-azerbaycanin-qlobal-hemreyliye-verdiyi-onemin-tezahurudur
Oxunma sayı: 964

“Azərbaycan iqtisadi, siyasi, humanitar mərkəz kimi dünyanın diqqətindədir. Martın 2-də Bakıda öz işinə başlayan, 70-ə yaxın ölkənin dövlət və hökumət başçılarının, 5 ölkənin prezidentlərinin, üç ölkənin vitse-prezidentlərinin, müxtəlif ölkələrin yüksək səviyyəli nümayəndələrinin,  beynəlxalq təşkilatların rəhbərlərinin, eyni zamanda, nazirlərin, nazir müavinlərinin, səfirlərin qatıldıqları Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşü bu gün dünyada baş verən hadisələrin, mövcud çətinliklərin təhlili fonunda səylərin birləşdirilməsi çağırışının aktuallığını nümayiş etdirir. Bu tədbir Azərbaycanın qlobal həmrəyliyə verdiyi önəmin təzahürüdür”.

“Qafqazinfo” xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.

Deputatın sözlərinə görə, Prezident İlham Əliyevin çıxışında səsləndirdiyi çağırışların, təkliflərin hər biri Qoşulmama Hərəkatının nüfuzunun artırılmasına xidmət edir: “Bu məqamı qeyd etməliyik ki, Hərəkata üzv ölkələrin dövlət və hökumət başçılarının 2016-cı ildə keçirilmiş XVII Zirvə görüşündə növbəti sammitin Bakı şəhərində keçirilməsi və 2019-2022-ci illər üzrə sədrliyin Azərbaycana həvalə edilməsi barədə yekdil qərar qəbul olunmuşdu. Bu, ölkəmizə göstərilən hörmətin, inamın və etimadın təzahürü, dünya ölkələrinin əksəriyyətini öz sıralarında birləşdirən Qoşulmama Hərəkatının dövlətimizin siyasətinə verdiyi dəstəyin ifadəsi idi. Ötən il Hərəkata üzv dövlətlərin yekdil qərarı əsasında Azərbaycanın sədrlik müddətinin bir il, 2023-cü ilin sonunadək uzadılması bir daha ölkəmizin artan nüfuzunun təqdimatı oldu. Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi dövründə irəli sürdüyü təşəbbüsləri, qəbul etdiyi qərarları ilə daim Hərəkatın  inkişafına, söz sahibliyinə böyük töhfələr verir. Hazırda Qoşulmama Hərəkatı qlobal məsələlərin müzakirə edildiyi platforma kimi diqqətdədir".