Bu gün Bakının 545 küçəsi yuyuldu - Fotolar+Yenilənib

bu-gun-bakinin-545-kucesi-yuyuldu
Oxunma sayı: 3009

Yay mövsümünün başlanması və paytaxtımıza çoxsaylı qonaqların və xarici turistlərin gəlişinin gözlənilməsi ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyətinin qərarına uyğun olaraq iyun ayının 10-da paytaxt ərazisində təmizlik və abadlıqla bağlı növbəti ümumşəhər daxili iməciliyi keçirilib.

“Qafqazinfo” xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyəti qurumlarının əməkdaşlarının iştirakı ilə səhər saatlarından başlanan iməclik paytaxtın bütün rayonlarını əhatə edib. İməcilik zamanı paytaxtın kommunal xidmətləri tərəfindən şəhərdə prospekt və küçələrin, səki kənarlarının və işıq dirəklərinin, yol kənarındakı məhəccərlərin, bir sıra binaların fasadlarının, park və istirahət yerlərində oturacaqların təbiətə ziyanı olmayan vasitələrlə yuyulması həyata keçirilib.

İməcilikdə həm də prospekt və küçələr boyunca yerləşən ictimai iaşə, ticarət və digər obyektlərin vitrinləri, köşklər və avtobus dayanacaqları yuyulub, ətrafı təmizlənib. İctimai iaşə, mağaza və digər obyektlərin əməkdaşları öz obyektlərinin fasad və vitrinlərinin yuyulması, onların qarşısında səliqə-səhman yaradılması işlərində fəallıq göstəriblər. Həmçinin Bakı Şəhər İcra Hakimiyyətinin çağırışına qoşulan müəssisə, idarə və təşkilatların kollektivləri, şəhər sakinləri də bu iməclikdə yaxından iştirak ediblər.

Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi əməkdaşları tərəfindən əsas magistral yol və prospektlərin kənarlarındakı ağacların dibi yumşaldılıb, həmişəyaşıl ağaclar yuyulub. Eyni zamanda, şəhər ərazisində Abşeron iqliminə uyğun yeni ağaclar, kollar, güllər əkilib, yaşıllıq zolaqları və parklarda qazon örtüyünə qulluq göstərilib.

Bakı Şəhər İcra Hakimiyyəti kommunal təsərrüfat xidmətlərinin texnikası əsas küçə və prospektlərin yuyucu maddələrlə yuyulmasını aparıb, əməkdaşlar tərəfindən balansda olan yaşayış binalarında, həyət və yaşayış məhəllələrində, məişət tullantılarının atıldığı konteyner meydançalarının ətrafında əlavə təmizlik işləri görülüb.

İməcilik tədbirləri gün ərzində paytaxtın bütün rayonlarında keçirilib və şəhərin təmizliyinin lazımı səviyyədə saxlanılması üçün tələb olunan bütün tədbirlər mütəmadi olaraq davam etdiriləcək.

***

Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, yay mövsümünün başlanması və paytaxtımıza çoxsaylı qonaqların və xarici turistlərin gəlişinin gözlənilməsi ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyətinin qərarına uyğun olaraq bu gün paytaxtda təmizlik və abadlıqla bağlı geniş ümumşəhər daxili iməcliyi keçirilib.

Səhər saatlarından etibarən Bakı Şəhər İcra Hakimiyyətinin kommunal təsərrüfat xidmətlərinin texnikası tərəfindən şəhərin 545 əsas küçə və prospektlərin təbiətə ziyanı olmayan vasitələrlə yuyulmasını təmin edilib və eyni zamanda genişmiqyaslı təmizlik və abadlıq işləri həyata keçirilib.

İməclikdə Bakı Şəhər İcra Hakimiyyətinin strukturları ilə yanaşı müəssisə, idarə və təşkilatların kollektivləri, fərdi sahibkarlar və özəl sektor nümayəndələri, şəhər sakinləri də yaxından iştirak ediblər.

Paytaxtın bütün rayonlarını əhatə edən belə iməcliklər Bakı şəhərinin daha da gözəlləşdirilməsinə böyük töhfə olacaqdır.