Xəbər verdiyimiz kimi, Qətərin paytaxtı Dohada “FIFA The Best 2025” mükafatlandırma mərasimi keçirilib.
“Qafqazinfo” xəbər verir ki, ənənəvi olaraq təşkil olunan tədbirdə dünya futbolunda iz qoymuş oyunçu və mütəxəssislər müxtəlif nominasiyalar üzrə mükafatlandırılıb.
Belə ki, ilin ən yaxşı futbolçusu adına PSJ-nin hücumçusu Usman Dembele, ilin ən yaxşı baş məşqçisi mükafatına isə Paris təmsilçisinin çalışdırıcısı Luis Enrike layiq görülüb.

FIFA tərəfindən 2025-ci ilin ən yaxşı qapıçısı adına “Mançester Siti” və İtaliya millisinin üzvü Canluici Donnarumma seçilib. Qeyd edək ki, italiyalı qolkiper 2025-ci ildə PSJ ilə Fransa çempionluğunu, Fransa Kubokunu və UEFA Çempionlar Liqasını qazanaraq “qızıl trebl”ə imza atıb. Tarixi mövsümdən sonra o, “Mançester Siti”yə transfer olunub.

İlin ən yaxşı qolu üçün təqdim edilən Puşkaş mükafatının qalibi isə Argentinanın “Atletiko İndependente” klubunun 25 yaşlı müdafiəçisi Santiaqo Montiel olub.

Qadın futbolunda da qaliblər müəyyənləşib. İngiltərə qadın millisinin baş məşqçisi Sarina Uiqman rekord sayda – beşinci dəfə “İlin qadın məşqçisi” mükafatını qazanıb.

İspaniya millisinin və “Barselona”nın yarımmüdafiəçisi Aitana Bonmati ardıcıl üçüncü il FIFA-nın ən yaxşı qadın futbolçusu seçilib.

“Çelsi”nin qadınlardan ibarət komandasının qapıçısı Hanna Hempton isə 2025-ci ilin ən yaxşı qadın qapıçısı adına layiq görülüb. 25 yaşlı ingilis qolkiper “Çelsi” ilə trebl, İngiltərə millisi ilə isə Avropa çempionluğu qazandığı mövsümdən sonra bu mükafatı ilk dəfə əldə edib.

Meksikanın qadınlardan ibarət millisi və “Tiqres” komandasının oyunçusu Lisbet Oval isə 2025-ci il FIFA Marta mükafatının qalibi seçilib. Keçən il təsis edilən nüfuzlu mükafat qadın futbolunda ən yaxşı qol vuran oyunçuya verilir.
.jpg)
Son xəbərlər
Son Xəbərlər