77 nəfəri qətlə yetirən terrorçu yenidən azadlığa çıxmaq istəyir

77-neferi-qetle-yetiren-terrorcu-yeniden-azadliga-cixmaq-isteyir
Oxunma sayı: 653

Norveçli ifrat sağçı terrorçu Anders Breyvik şərti azadlığa buraxılmaq üçün növbəti dəfə məhkəməyə müraciət edib.

“Qafqazinfo” Norveçin “Aftenposten” qəzetinə istinadən xəbər verir ki, bu barədə məlumatı terrorçunun vəkili İsteyn Storrvik paylaşıb.

Vəkil ərizənin artıq Breyvikin adından rəsmi şəkildə təqdim edildiyini bildirib.

Bildirək ki, müasir Norveç tarixinin ən qəddar qatili hesab olunan Breyvik 2011-ci ilin iyul ayında paytaxt Oslo və Utöya adasında törətdiyi terror aktları nəticəsində 77 nəfərin ölümünə səbəb olub. Məhkəmənin qərarı ilə o, ölkədəki ən yüksək cəza həddinə – 21 il müddətinə azadlıqdan məhrum edilib. Lakin qanunvericiliyə görə, təhlükəlilik dərəcəsi nəzərə alınmaqla bu müddətin uzadılması ehtimalı da mövcuddur.

Qeyd edək ki, Breyvik cinayətləri törətdiyini etiraf etsə də, özünü hələ də günahsız hesab edir. O, bu qətliamı “Norveç mədəniyyətinin tənəzzülünün” qarşısını almaq üçün “özünümüdafiə” məqsədilə etdiyini iddia edir.

Xatırladaq ki, terrorçunun azadlığa çıxmaq cəhdləri ilk deyil. O, 2020-ci və 2022-ci illərdə də vaxtından əvvəl azadlığa buraxılmaq üçün müraciət etsə də, məhkəmə hər iki vəsatəti rədd edib. 2022-ci ilin martında isə “vəziyyəti dəyişmək üçün” başqa bir həbsxanaya köçürülüb.