Ağstafa Rayon İcra Hakimiyyəti başçısı Aparatının inzibati binasında tədbir təşkil olunub. Tədbirdə RİH başçısı Seymur Orucov, rayonun səhiyyə işçiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
“Qafqazinfo” xəbər verir ki, əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və akademik Zərifə Əliyevanın əziz xatirələri birdəqiqəlik sükutla anılıb.
Tədbiri giriş sözü ilə açan RİH başçısı bildirib ki, Ulu Öndər Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli dostu və etibarlı silahdaşı olan Zərifə Əliyevanın zəngin elmi irsi, oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər, yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin parlaq səhifəsidir. Mənalı ömür yaşamaq hər insanın taleyinə yazılmır. Elə insanlar var ki, onların ömür yolu gələcək nəsillərin həyatına işıq saçır. Zərifə Əliyeva da məhz belə seçilmiş şəxsiyyətlərdən olub.
Sonra “Ağsafa Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin məsul əməkdaşı Ləman Abdullayeva, “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun direktor müavini Lalə Yusifzadə və rayon Uşaq-gənclər inkişaf mərkəzinin dərnək rəhbəri Firuzə Məmmədovanın çıxışları dinlənilib. Qeyd olunub ki, Zərifə Əliyeva Azərbaycanda tibb elminin inkişafına əhəmiyyətli töhfələr verib, oftalmologiya sahəsində elmi məktəb yaradıb, onun peşəkar həkimlik fəaliyyəti və təklif etdiyi yeni müalicə üsulları sayəsində on minlərlə insanın görmə qabiliyyəti bərpa olunub, minlərlə insan qlaukoma xəstəliyindən xilas edilib. Görkəmli alim 12 monoqrafiya, dərslik və dərs vəsaitinin, 150-yə yaxın elmi işin, 1 ixtira və 12 səmərələşdirici təklifin müəllifi kimi tarixə düşüb. O, yüksəkixtisaslı kadrların hazırlanmasına da böyük əmək sərf edib. Onun birbaşa rəhbərliyi ilə gənc alimlər və həkim-oftalmoloqlar nəsli yetişib. Görkəmli alim tələbələrinə zəngin həyat təcrübəsi öyrədib, onlara diqqət və qayğı ilə yanaşıb.
Daha sonra ağstafalı şagirdlər - Erkin Xəlilzadə, Nuray Məhərrəmli, Aylin Bayramlı və Faiq Vəlizadə Xalq şairi Zəlimxan Yaqubun “Böyük ömrün dastanı” kitabından seçilmiş şeirlərdən ibarət bədii kompozisiya səsləndiriblər.




Son xəbərlər
Son Xəbərlər