“Bu konfrans bəşəriyyət üçün xüsusi aktuallıq kəsb edir”

bu-konfrans-beseriyyet-ucun-xususi-aktualliq-kesb-edir
Oxunma sayı: 1420

“Mina problemi ilə bağlı Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) və Birləşmiş Millətlər Təşkilatının (BMT) birgə təşkilatçılığı ilə keçirilən konfrans bəşəriyyət üçün xüsusi aktuallıq kəsb edir”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri “Report”a açıqlamasında Milli Məclisin deputatı Mahir Abbaszadə deyib.

Onun sözlərinə görə, mayın 25-26-da Azərbaycanda “Mina Təhlükəsi ilə Mübarizə - Dayanıqlı İnkişafa Gedən Yol” mövzusunda minalardan təmizləmə üzrə ikinci beynəlxalq humanitar konfrans keçirilib. Tədbir ANAMA və BMT-nin birgə təşkilatçılığı ilə baş tutub. Konfransda 50-dən çox ölkədən 160-a yaxın rəsmi şəxs – sabiq dövlət və hökumət başçıları, bir sıra ölkələrin parlament üzvləri, BMT baş ofisinin rəhbər heyəti, nüfuzlu beynəlxalq təşkilatların, minatəmizləmə sahəsində fəaliyyət göstərən qurumların, eləcə də Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələri iştirak ediblər. Bu da mina təhlükəsi ilə mübarizə istiqamətində qlobal həmrəylik nümayiş etdirərək, yeni tərəfdaşlıqlar qurmaq və minasız dünyaya yol açacaq konkret fəaliyyət planları hazırlamaq üçün bir imkan yaradır. Tədbirin əsas məqsədi Azərbaycanın üzləşdiyi mina probleminin miqyası və törətdiyi fəsadları beynəlxalq ictimaiyyətin və mina təhlükəsi ilə mübarizədə maraqlı olan tərəflərin diqqətinə çatdırmaq idi. Bundan başqa, problemin qlobal xarakter daşıdığını nəzərə alaraq, konfrans humanitar minatəmizləmə üzrə milli və qlobal Dayanıqlı İnkişaf Məqsədinin (DİM) təqdim edilməsini, bu istiqamətdə birgə tərəfdaşlıq və dəstəyin gücləndirilməsini hədəfləyib”.

Deputat bildirib ki, minalarla bağlı problemlər Azərbaycan üçün və ümumiyyətlə bütün bəşəriyyət üçün xüsusi aktuallıq kəsb edir: “Ermənistanın məqsədyönlü siyasəti nəticəsində Azərbaycan dünyada minalar və partlamamış hərbi sursatlar ilə ən çox çirklənmiş ölkələr sırasında yer alıb. Belə ki, erməni işğalı dövründə bu ərazilərdə təxminən 1,5 milyondan artıq mina basdırılıb. 44 günlük Vətən müharibəsindən sonra bu günə qədər 302 nəfər Azərbaycan vətəndaşı mina qurbanı olub. Onlardan 57 nəfər həlak olub, 245 nəfər isə yaralanıb. Ümumilikdə isə Ermənistanın hərbi təcavüzünün başladığı dövrdən indiyədək 3400-ə yaxın Azərbaycan vətəndaşı minalardan zərər çəkib, onlardan 587-i həyatını itirib. Təəssüf ki, münaqişə bitdikdən sonra belə Ermənistan Laçın yolundan istifadə edərək Azərbaycan ərazilərinə minalar basdırmağa davam edib, 44 günlük müharibədən sonra ərazimizdə 2021-ci il Ermənistan istehsalı olan 2700-dən çox piyada əleyhinə mina aşkarlanıb. Prezident İlham Əliyevin konfrans iştirakçılarına ünvanladığı məktubda da bu məsələlərə toxunulub. Dövlət başçısının məktubunda qeyd edilib ki, Azərbaycanın üzləşdiyi mina təhlükəsi kütləvi qırğın silahlarının doğurduğu dəhşət ilə müqayisə oluna bilər. Ölkə rəhbəri məktubunda bildirib ki, torpaqlarımızın kütləvi şəkildə minalarla çirklənməsi hazırda burada apardığımız bərpa və yenidənqurma işlərini ləngitməklə yanaşı, insanların həyat və sağlamlığına ciddi təhdid yaradır, uzun illər doğma torpaqlarına dönmək arzusu ilə yaşayan yüz minlərlə məcburi köçkünün hüquqlarının reallaşdırılmasına əngəl törədir”.

Parlamentari söyləyib ki, bu gün Azərbaycanda minatəmizləmə fəaliyyəti dünyada mövcud olan ən müasir və qabaqcıl texnologiyalardan istifadə etməklə həyata keçirilir:

“Milli minatəmizləmə potensialımızın gücləndirilməsi istiqamətində davamlı olaraq iş aparılır. Minatəmizləmə fəaliyyətimizin 90 faizindən çoxu ölkəmizin daxili resursları hesabına aparılır, xaricdən gələn dəstəyin həcmi isə hələ ki, çox məhduddur. Biz ərazilərimizin minalardan təmizlənməsi işində beynəlxalq təşkilatlardan fəal dəstək gözləyirik”.

M.Abbaszadə bildirib ki, Ağdamda və Bakıda keçirilən tədbirin sonunda iştirakçılar tərəfindən bəyannamə qəbul edilib: “Sənəddə konfrans iştirakçılarının böyük mina probleminin həllində Azərbaycanla və mina təsirinə məruz qalmış digər ölkələrlə həmrəyliyi əks olunub. Tədbir iştirakçıları beynəlxalq ictimaiyyəti Azərbaycanın humanitar minatəmizləmə səylərini dəstəkləməyə çağırıblar. Ümid edirəm ki, beynəlxalq ictimaiyyət bu çağırışa öz dəstəyini ifadə edəcək”.