Bu mesajlardan sizə də gəlir? - Ehtiyatlı olun! - Yenilənib

bu-mesajlardan-size-de-gelir
Oxunma sayı: 9100

Son vaxtlar sosial şəbəkələrdə saxta iş elanları yayaraq dələduzluq edənlər yeni metoda əl atırlar.

“Qafqazinfo” xəbər verir ki, Azərbaycanın mobil operatorlarına məxsus nömrələrə oxşayan, əslində isə xarici ölkələrə məxsus saxta nömrələrdən vətəndaşlara iş təklifləri ilə bağlı həvəsləndirici mesajlar daxil olur. Demək olar ki, hər kəsin telefonuna belə iş elanları gəlir və daha sonra yazışamalar vatsap üzərinə yönləndirilir.

Məsələ ilə bağlı “Qafqazinfo”nun sorğusunu cavablandıran DİN-in Mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev bu kimi hallarla qarşılaşaraq dələduzluqla üzləşən şəxslərin polisə müraciət etməli olduğunu deyib: “Son dövrlərdə saxta iş elanları paylaşaraq dələduzluq edənlərə tez-tez rast gəlinir. Onlar elan saytları vasitəsi ilə yüksək maaşla iş təklif edirlər. İşlə bağlı onlara müraciət edənlərdən də müəyyən məbləğdə rüsum istəyirlər. Daha sonra isə həmin şəxslərlə əlaqə saxlamaq mümkün olmur.

Həmin şəxslər adətən vətəndaşlara xüsusilə saxta xarici nömrələrdən zənglər edir və yazışmanı vatsap vasitəsilə aparırlar. Bu kimi neqativ halların qarşısını almaq məqsədilə polis əməkdaşları tərəfindən daxil olmuş məlumat əsasında əməliyyat texniki əməliyyat axtarış və əməliyyat istintaq tədbirləri görülməklə hal araşdırılır və qanunamüvafiq şəkildə təmin olunur”.

“DİN bir daha vətəndaşları internet üzərindən edilən təkliflərlə bağlı diqqətli olmağa çağırıb: “Həmçinin tanımadığınız şəxslərə etibar etmədiyiniz şirkətlərə onlayn qaydada ödəniş etməməyi tövsiyə edirik. Kibercinayətkarlıqla üzləşdiyiniz təqdirdə DİN-in "102 – Xidməti Zəng Mərkəzi” vasitəsi ilə məlumat verə bilərsiniz”.

***

Məsələ ilə bağlı “Qafqazinfo”ya danışan İKT üzrə ekspert Elvin Abbasov bildirib ki, bu, ümumi seqmenti hədəf almış hiperdələduzluq formatıdır: “Bu nə deməkdir? Əgər vətəndaşın birbaşa nömrəsinə yazılsaydı biz bilərdik ki, bir vətəndaş hədəf alınıb. Amma kütləvi olduğu üçün məlum olur ki, xaricdən bu tip məsələlər üçün hazırda hücumlar hazırlanır. Həmin hücum atakı əsasında Azərbaycan Gsm kodu əldə olunub. Bu kodu əldə etmək çox asandır. Yəni bütün ölkələrin Gsm kodu əlçatandır. Bundan sonra Azərbaycanda mobil operatorların Gsm kodları əldə olunur. Məsələn, bilinir ki, Azərselin 050, 051, Bakselin 055 və.s. Bu həmçinin əldə olunan məlumatlarla geri qalan telefon nömrələri təsadüfi generasiya olunur. Kompüter özü 10 minlərcə, 100 minlərcə rəqəm yazır. Hansı kimə düşdü-düşdü... Yəni bu nömrələrin necə tapılması təəccüblü deyil. Ola bilər ki, o nömrələrdən bəziləri heç yoxdur, onlar bunu təyin etmirlər.  Buna görə də, bu atak Azərbaycanda baş vermiş iqtisadi, maliyyə atakı, banklardan pul çəkmək, məlumatların əldə olunması, bütün bunlar dələduzluq üçün hazırlanan ssenarilərdir. Əslində bizdə nə baş verir? Yəni bizdə heç kim fokuslanmayıb, sadəcə seqment fokslanıb. Daha öncədən əldə edilmiş ölkə kodu ilə mobil operator kodlarının arxasına rastgələ nömrələr yazılaraq və heç istifadədə olub-olmadığını bilməyərək bu sms-lər hər kəsə gedir. Bütün dövlət qurumları, Elektron Təhlükəsizlik Xidməti bu barədə dəfələrlə məlumat verib”.

Ekspert bildirib ki, bunun qarşısını almaq mümkünsüzdür: “Bu sms-lər deşifrə olduğu üçün vətəndaşlar bilməlidirlər ki, artıq ölkəmizə qarşı xaricdən hücum var və belə mesajlara aldanmamalıdırlar. Bunun kimi qaynağı sağlam olmayan, tanınmış şirkətlər, banklar, mobil operatorlar bu işin arxasında durmadıqca, onların rəsmi saytlarından, rəsmi telefon nömrələrindən mesaj gəlmədikcə əhəmiyyət verilməməlidir. Ümumiyyətlə bu qarşısı alına biləcək bir hal deyil. Məsələn, biri mənə sms atır. Biz bunun qarşısını ala bilmərik. Yəni onun qarşısını alsaq, başqa nömrədən atılacaq. Sadəcə mariflənmə yolu ilə qarşısı alına bilər. Bunlar kiberdələduzluq halıdır və əhəmiyyət vermək lazım deyil”.

Nizam Rza