“Bu o demək deyil ki, sertifikasiya sualları çətinləşəcək”

bu-o-demek-deyil-ki-sertifikasiya-suallari-cetinlesecek
Oxunma sayı: 309

“Biz düşünürük ki, sertifikasiya Azərbaycan təhsili üçün böyük müsbət addım idi və ümumən nəticələri müsbət qiymətləndirə biləcəyik. 2024-cü ildən başlayaraq ibtidai təhsilə gələn uşaqlarımızın demək olar ki, hər biri sertifikasiyadan keçmiş müəllim tərəfindən tədris alacaq”.

“Qafqazinfo” xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ilinə dair keçirdiyi mətbuat konfransında bildirib.

O qeyd edib ki, sertifikasiya sualları paylaşıldı, ictimaiyyət də hansı suallardan istifadə edildiyini gördü: “Bizim zaman etibarilə müəllimlərə olan tələblərimiz də artacaq. Çünkü zəmanənin tələbləri artır və biz təhsilin daha yaxşı keyfiyyətdə olmasını istəyiriksə, müəllimlərimizdən də daha yüksək keyfiyyət standartları gözləməliyik. Ona görə yəqin ki, yaxın aylarda, yaxın həftələrdə bizim Təhsil İnstitutu tərəfindən növbəti, artıq ikinci dəfə sertifikasiyaya cəlb olunacaq müəllimlərlə bağlı yeni çərçivələr təqdim olunacaq.

İnandığım bundan ibarətdir ki, xüsusən ibtidai sinifdə oxu ağırlıqlı olacaq. Bizim üçün çox vacibdir ki, ibtidai sinifdə tədris edən müəllimlərimiz oxuyub-anlama bacarıqları yüksək olan insanlar olsun, çünkü əks halda o, uşaqları öyrədə bilmir, öyrədə bilməyəndə uşaqların nəticəsi aşağı düşür, nəticə etibarilə cəmiyyətin rifahı aşağı düşür. Lakin bu o demək deyil ki, suallar çətinləşəcək”.

Nazir bildirib ki, bu mənada, həmçinin maaş yanaşmaları ilə bağlı müəyyən müzakirələr aparılır: “Onlar müəyyən mənada hazır olanda ictimaiyyətə də məlumat verəcəyik. Amma indi artıq mən elan edib deyə bilərəm ki, sertifikasiyalaşdırmanın ikinci fazası, yəni ikinci dəfə sertifikasiyaya cəlb olunan müəllimlər üçün yeni qiymətləndirmə çərçivələri əsaslı şəkildə əvvəlkindən fərqlənməsə də, müəyyən fərqlər olacaq. Biz anlayırıq ki, harada boşluqlarımız var. Harada boşluğumuz varsa, oraya daha çox diqqət yetirəcəyik”.

Gülnar Əliyeva