“Bu prezident başqa nə etməlidir?” - - Şura sədri

bu-prezident-basqa-ne-etmelidir-
Oxunma sayı: 3041


Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyevin “Qafqazinfo”ya müsahibəsi




- Azay bəy, hazırda QHT-lərlə işlərinizdə hansı yeniliklər var?

- Cənab prezidentin may 1-də imzaladığı sərəncamla fəaliyyətimiz daha da genişləndi. Artıq təkcə Azərbaycanda fəaliyyət göstərən QHT-lərə yox, xarici QHT-lərə də maliyyə yardımı ayırmağa başlamışıq. Bundan sonra ofisimizin genişlənməsi zərurəti də meydana çıxdı. Və artıq ofis genişlənib, işçilər üçün də rahat şərait yaranıb. Başqa bir yenilik də odur ki, biz fəaliyyətimizi elektron xidmət üzərində qurmağa başladıq. QHT-lər artıq maliyyə hesabatlarını, layihə təkliflərini bizə elektron vasitələr üzərindən verəcəklər. Hətta, biz layihələrin qiymətləndirilməsini də elektron xidmət üzərindən təşkil edəcəyik. 

- Yəni, belə demək mümkündürsə yavaş-yavaş canlı ünsiyyət kəsilir?

- Bəli, şəxsi təmas aradan qalxır. Hesab edirəm bu iki baxımdan mühümdür. Həm subyektiv amilləri minimuma endiririk, insanlar bir-biri ilə təmasda olmur, həm də insanlara yaxşı imkan yaradırıq, onlar rahat xidmətlə təmin olunurlar. Eyni zamanda cənab prezident 2013-cü ili İKT ili elan etdi. Əlbəttə ki, bu təşəbbüsə də biz qoşulmalı idik və qoşulduq. 

- Artıq Şura 5 ildir fəaliyyət göstərir. Bu müddət ərzində təxminən nə qədər QHT-nı öz ətrafınıza toplaya bilmisiniz?

- Biz hal-hazırda 2000-dən çox QHT-yə dəstək vermişik. Demək olar ki, Azərbaycanda elə bir QHT yoxdur ki, Şuraya müraciət edib, əsaslandırılmış layihə təqdim etsin, kifayət qədər ictimai əhəmiyyətli məsələlərə toxunsun və o bizdən qrant almasın. Hətta, biz yaranmamışdan öncə Şura haqqında fərqli yanaşmalar var idi. Deyirdilər ki, Şura hökumətyönlü təşkilatlara dəstək vermək, QHT-lərin fəaliyyətinə müdaxilə etmək üçün yaranıb. İndi mən məmnunam ki, ötən 5 il ərzində biz o yaranamış stereotiplərin hamısını darmadağın edə bildik. Digər tərəfdən hələ indiyə qədər elə bir fakt olmayıb ki, Şura hər hansı bir QHT-nin daxili işinə müdaxilə etsin, ona problem yaratsın.

- Bayaq dediniz ki, artıq xarici QHT-lərə də maliyyə ayırmısınız. Xarici təşkilatlardan müraciət edənlər var?

- Bəli, müraciət edənlər var. Biz hətta, əməkdaşlıq üçün dünyanın aparıcı 15 ölkəsini müəyyənləşdirmişik. Həmin ölkələr müəyyən məsələləri aydınlaşdırmaq baxımından bizə suallar da göndəriblər. 20-yə yaxın da layihə təklifi var. Hətta, həmin ölkələrdən kənarda olan ölkələr belə bizə müraciət ediblər ki, həmin layihədə iştirak edə bilərlər, ya yox. Fransadan, İngiltərədən bizə məktublar gəlir ki, biz heç təsəvvür edə bilməzdik Azərbaycan artıq beynəlxalq səviyyədə donorluq etmək gücündədir. Bu gün Azərbaycan Amerikaya, Avropaya qrant müsabiqəsi təşkil edə bilirsə bu artıq ondan xəbər verir ki, Azərbaycan öz sözünü deyə bilən ölkədir. 

- Xarici təşkilat üçün müsabiqə elan edirsiniz və yəqin ki, elə də böyük maliyyə ayrılmayıb. Belə olan halda 10-15 min manat üçün xarici təşkilatın əməkdaşlıq etməyə hansı marağı olacaq? 

- Xeyr, burada məbləğ kifayət qədər çoxdur. Maksimum məbləğ 100 min manatdır. Ola bilər ki, bu büdcəsi milyardlarla ölçülən təşkilatlar üçün maraqlı olmasın, amma illik büdcəsi az olan təşkilatların marağındadır.

- Həmin təşkilatlar Azərbaycanla bağlı layihələri həyata keçirməlidirlər?

- Biz 5 mövzu təklif etmişik. Onlardan ikisi- Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində vətəndaş cəmiyyətinin töhfəsi və Xocalı soyqrımının tanıdılması sırf Azərbaycanla bağlıdır. Amma digər 3 mövzu isə bizə birbaşa yox, dolayısı ilə aiddir. Bəzən QHT-lərin bəzilərində belə bir təəssürat yaranır ki, guya biz həmin təşkilatlara dəstək veririk. Amma bu belə deyil. Biz mövzulara dəstək veririk. Həmin mövzuların işıqlandırılmasına və müəyyən bir hədəfə yönəldilməsinə QHT-lərin potensialını cəlb edirik. 

- Şura fəaliyyətə başlayanda büdcədən 1-2 milyona qədər pul ayrılırdı. İndi vəziyyət necədir bəs?

- İndi yerli QHT-lər üçün büdcədən ayrılan vəsait təxminə 2 milyondan çoxdur. Yəni bu sırf müsabiqə üçün ayrılan vəsaitdir. Amma prezidentin sərəncamından sonra Şuraya Prezidentin Ehtiyat Fondundan 5 milyon manat vəsait də ayrıldı. Həmin məbləğin böyük bir qismi yəgin ki, xarici QHT-lərə təqdim etdiyimiz mövzulara həsr olunacaq. Eyni zamanda biz yeni müsabiqə də elan etmişik. Bir hissəsi də yəqin ki, həmin müsabiqəyə ayrılacaq.

- Vaxtilə Azərbaycanda çoxlu xarici təşkilatlar fəaliyyət göstərirdilər. QHT-lərin hamısı xarici ölkələrə üz tutmuşdular. Daha sonra Şura yarandı. Məqsəd də o oldu ki, Azərbaycanda QHT-lər xarici təsirdən qurtulsun. Artıq 5 il də keçdi. İndi siz nə dərəcədə bu məsələni həll edə bilmisiniz? 

- Şura yarananda qarşısında üç hədəf vardı. Hesab edirəm ki, həmin üç hədəfə də nail olduq. Birinci hədəf o idi ki, Azərbaycanda milli donor üçün institut yaradılsın. Azərbaycanda Şura yaranandan sonra mexanizm olaraq Azərbaycanın öz modeli formalaşdı. Hətta, 2011-ci ildə Avropa İttifaqının təşkilatçılığı ilə keçirilən Budapeşt görüşündə Azərbaycanın bu təcrübəsi Avropanın ən qabaqcıl təcrübəsi kimi elan edildi. İkinci hədəfimiz o idi ki, indiyə qədər xarici donorların əhatə etmək istəmədiyi və etmədiyi bir sıra mühüm mövzuları əhatə edə bilək. Buna şəhid ailələri, müharibə veteranları, milli vətənpərvərlik mövzuları, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, Qarabağ probleminin həlli, Xocalı soyqrımı və sairə aid idi. İndiyə qədər bu qədər böyük bir sahə boşluqda qalmışdı. Biz dəfələrlə bu mövzularla bağlı fondlara, donorlara müraciət edirdik, amma onlar imtina edirdilər. Hətta, deyirdilər ki, bu sizin dövlətinizin problemidir. Üçüncü hədəf ondan ibarət idi ki, QHT-lərlə hökumət arasındakı münasibətlər əməkdaşlıqdan tərəfdaşlığa çevrilsin. Biz əvvəl əməkdaşlıq edirdik, müəyyən məsələlərdə bir-birimizlə yardımlaşırdıq. Amma dövlət bu Şuranı yaratmaqla artıq QHT-ləri özünə partnyor kimi dəvət etdi və əməkdaşlığın müstəvisi dəyişdi. Yaxşı mənada dövlət QHT-ə sahiblik etməyə başladı. Niyə bütün QHT-lər bizə müraciət edir? Ona görə ki, artıq dövlətə inam var. Hətta, Azərbaycan hökumətinin fəaliyyətinə aid alternativ tənqidi hesabatlar hazırlamaq üçün də bizə müraciət edən təşkilatlar var və biz onlara məmnuniyyətlə dəstək veririk. 

- Artıq bəzi xarici təşkilatlar var ki, onların Azərbaycanda fəaliyyəti dayandırılıb, bəziləri qismən fəaliyyət göstərir, bəziləri ilə problemlər yaşanır. Elə son zamanlar MDİ ilə bağlı məsələ də Azərbaycanda aktualdır. 

- Azərbaycanda bütün xarici QHT-lərin fəaliyyəti üçün şərait yaradılıb. Amma bu şəraitdən sui-istifadə halları da olur. Bunun bir çox nümunələri var: qeyri-şəffaf fəaliyyət göstərmələri, məhz özlərinin gündəmlərinə uyğun proqramların Azərbaycanda təşkili və sairə. Yerli QHT-lər alternativ mənbə olmayanda yalnız və yalnız həmin bir neçə seçim üzərində dayanmalı olurdular. Ona görə də bizim Şuranın yaradılması onlara digər alternativ də təqdim etdi və bu alternativi təqdim etməklə həmin təşkilatların təsirini kifayət qədər azaltdı. Bizim hədəfimiz də o deyildi ki, Azərbaycana qrant verən beynəlxalq təşkilatları ölkədən çıxaraq. Bizim verdiyimiz vəsait də heç o qədər böyük deyil. Amma faktiki olaraq QHT-lərə belə bir alternativ verməklə neqativ halların qarşısını kifayət qədər ala bildik. Bəli, bu gün elə bir təşkilat var ki, onun üçün heç bir müqəddəs amal yoxdur. Onun üçün əsas məfhum və anlayış donordur, onun verdiyi qrantdır, sifarişdir. O təşkilatların ən azı məsuliyyəti, vətəndaş hissiyatı yoxdur. Onlara kim nə desə onu da icra edəcəklər. Həmin təşkilatları çıxmaq şərti ilə hesab edirəm ki, bu gün o baxımdan Azərbaycanda xeyli durulma baş verib. Bu gün Şura hər bir fəaliyyəti ilə bağlı ictimaiyyətə hesabat verir. Hətta, hər layihə ilə bağlı qısa məlumatı özündə əks etdirən illik kitab da nəşr edir. Amma Azərbaycanda elə bir donor varmı ki, bu qədər şəffaf olsun. Hesab edirəm ki, bu bizim digər qurumlardan və donorlardan ən başlıca fərqimizdir.

- Dünyada elə QHT-lər var ki, nüfuzu, gücü dövlətlərin özündən böyük olur. Məsələn, o QHT-lərin verdiyi bəyanatlar, açıqladığı hesabatlar dövlətlərin mövqeyinə təsir edir. Azərbaycanda da elə bir QHT yaratmaq olarmı ki, dünya onunla hesablaşsın? Onu yaratmaq üçün nə etmək lazımdır?

- Əvvəlcə həmin o dediyiniz təşkilatların tarixinə baxmaq lazımdır. Onları fərqli-fərqli ictimai-siyasi şərait yaradıb. Onların nüfuzunun ən birinci səbəbi odur ki, onları yaradan ölkələr məhz bu nüfuzu onlara qazandırıblar. O təşkilatların çoxu ABŞ tərəfindən yaradılıb və həmin təşkilatların gücünün səbəbi Amerika Birləşmiş Ştatlarıdır, baxmayaraq ki, təşkilatlar dövlətdən ayrıdır. İkinci səbəbi onlara verilən çox güclü maliyyə dəstəyidir. Green Peace təşkilatının büdcəsi bir neçə milyard dollardır. Hətta, o təşkilat Dünya Bankına, Beynəlxalq Maliyyə İnstitutunun verdiyi qərarlara təsir etmək imkanına malikdir. Yəni bu təşkilatlar həmin dövlətlər tərəfindən idarə olunur və dəstəklənir. Üçüncü səbəb odur ki, həmin təşkilatlarda çox böyük təcrübəyə malik olan insanlar fəaliyyət göstərir. Ona görə də onlarla bizi müzakirə etmək olmaz. 

- Bəs bizdə perspektiv varmı?

- Əlbəttə, var. ABŞ-ın 400, Böyük Britaniyanın 700 illik dövlətçilik təcrübəsi var. Onlarla özümüzü müqayisə edə bilmərik. Azərbaycan 20 ildir müstəqilliyini yavaş-yavaş qurur. Amma mən heç şübhə etmirəm ki, Azərbaycanda artıq bunun görüntüləri var. Təxminən 20-30 təşkilat var ki, onlar beynəlxalq rəqabətə tab gətirə bilər və bu gün onlara lazımi dəstək verilsə və davamlılıq amili təmin olunsa Azərbaycanda yaxın 15-20 ilə ən azı Avropa səviyyəsində QHT-in çıxması labüddür. 

- Bu gün Türkiyənin altını-üstünə çevirən məhz QHT-lərdir. Bu həm də QHT-lərin müasir dünyadakı rolunu üzə çıxardır. Hətta, Türkiyədə vəziyyət o qədər gərgindir ki, dünyanın ən güclü iqtidarlarından biri hesab olunan AKP hakimiyyətdən gedə bilər. QHT-lərin Taksimdəki mübarizəsini izləyirsinizmi? 

- Bəli, izləyirəm. Əvvəla onu deyim ki, beynəlxalq münasibətlər sistemində artıq QHT-lər bir tərəfdir. Ümumiyyətlə, siyasi sistemdə QHT artıq fenomenal bir yerdədir. Bu gün QHT-ləri gözardı etmək qeyri-mümkündür. Elə bir siyasi rejim və sistem yoxdur ki, QHT-ləri tamamilə ləğv edə bilsin. Mümkün deyil. Sadəcə olaraq ağıllı hakimiyyət həmişə QHT-ləri özünə dost edə bilir. Ağıllı dövlət həmişə QHT-lərlə işləməyi bacarır və QHT-ləri özündən narazı salmır. QHT-ləri “iqnor” etmir. QHT dediyin insandı, vətəndaşdı, toplumdur, səs verəndir. Hesab edirəm ki, bu məsələni hamı bilməlidir. Türkiyə bizim üçün çox doğma, qardaş ölkədir. Orada baş verən istənilən neqativ hadisə bizi üzür. Biz Türkiyənin daxili işinə qarışmırıq. Orada AKP-dir, MHP-dir, CHP-dir bizim üçün önəmli deyil. Bizim üçün ən önəmli olan Türkiyənin güclü olmasıdır. Son illər Türkiyə dövlətinin kifayət qədər gücləndiyini, inkişaf etdiyini Ərdoğanın 3 dəfə təkbaşına hakimiyyətə gəlməsini böyük bir hadisə hesab edirəm və o çox ciddi liderdir, ölkəsi üçün də çox işlər görüb. Hesab edirəm ki, həmin o etirazçılara adekvat yanaşılmayıb. Məncə orada iki səhvə yol verilib. Birinci həmin təşkilatların gücü doğru-dürüst dəyərləndirilməyib. İkinci ən böyük səhv odur ki, o insanlara qarşı ifrat güc tətbiq olunub. Hesab edirəm ki, bu məsələlərə görə, Türkiyənin aidiyyatlı orqanları çox ehtiyatsız davrandılar. İndi də çox üzücü bir proses gedir. Arzu edərdim ki, tezliklə bu prosesin qarşısı alınsın. Türkiyədə vəziyyətin qarışması Azərbaycana birbaşa təsir edən mənfi faktordur. Unutmayaq ki, bir çox xarici dövlətlər bu olaydan fürsət kimi istifadə edə bilərlər. 

- Türkiyədəki etirazlarla bağlı proqnozunuz necədir?

-Türkiyənin toplumuna az-çox bələd olan bir şəxs kimi demək istəyirəm ki, orada azadlıq çox yüksəkdir. Dəfələrlə bu cür mücadilələrdə türk insanı qalib gəlib. Ona görə də Türkiyə ilə münasibətdə başqa ölkələri qarışdırmaq olmaz. Mənə elə gəlir ki, çox vacib addımlar atılmalıdır. 

- Belə çıxır ki, dövlət QHT-lərin qarşısında geri çəkilməlidir.

- Geri çəkilmək sözü ilə razı deyiləm. Bu gün əgər Türkiyənin milli maraqları diktə edirsə ki, türk hökuməti adekvat addım atsın buna kimsə geriləmə, kimsə irəliləmə deyəcək onun məncə önəmi yoxdur. Önəmli olan məsələnin dərhal həll olunmasıdır. Ona görə bu məsələdə emosiya rol oynamır. Çox ciddi yanaşaraq həll etmək lazımdır. Türkiyə prezidentinin CHP başqanı ilə görüşünü çox vacib hesab etdim. Çünki bu ərəfədə yanan ocağa benzin yox, su tökmək lazımdır. Mən hesab edirəm ki, o olaylarda həm iqtidar, həm də müxalifət eyni şəkildə məsuliyyət daşıyırlar və onlar gərək çox soyuqqanlı şəkildə bu məsələni həll etsinlər. 

- Azərbaycanda da bu cür təsir imkanı yarada bilən QHT varmı? 

- Azərbaycan dövləti QHT-lə kifayət qədər ağıllı iş qurub. Cənab prezidentin QHT-lərlə gördüyü işin konkret nəticələri var və bu heç bir vaxt imkan verməz ki, QHT-lər bu qədər ciddi narazı qüvvəyə çevrilsin.

- Yəni siz bayaq dediyiniz kimi bizdə “iqnor”a qoyulan QHT yoxdur?

- Dövlətin apardığı liberal siyasət heç bir halda vətəndaşları hökümətə və dövlətə qarşı aqressiv ruhda köklənməsinə şərait yaratmır. 

- Şura olaraq hələ də kənarda qalan, işləməyə nail ola bilmədiyiniz QHT varmı?

- Bir neçə QHT ola bilsin ki, indiyə qədər bizə müraciət etməyib. Ondan əlavə 99, 9 fazi QHT-lərlə əmakdaşlığımız var.

- Siz özünüz də nüfuzlu QHT-lərlə işləməyə maraqlı olursunuz da yəqin?

- Biz keçirdiyimiz dialoqlarda, tədbirlərdə qeyri-şərtsiz hamını dəvət edirik. Elə təşkilat var ki, bizim verdiyimiz vəsait 5-10 min manatdır, amma başqa donordon 100-200 min manat vəsait alırlar. Onlar düşünürlər dövlət dəstəyi şurasından vəsait almaqla digər donorlardan alacaqları vəsaitə müəyyən mənada təsir edə bilərlər və gələcəkdə həmin donor vəsaiti azaldar və yaxud da verməyə bilər. Ona görə də tərəddüd edən təşkilatlar var. Bu da özlərinin şəxsi maraqlarını güdməsindən irəli gəlir. Baxmayaraq ki, biz belə bir məhdudiyyət qoymuruq. Bizim partnyorlarımız həm daxildən, həm də xaricdən istədikləri donordan qrant ala bilirlər. 

- Azərbaycanda sizin Şura ilə yanaşı bir neçə başqa Şuralar da var. İndi də Milli Şura yaranıb. Bu Şura ilə bağlı nə fikirləşirsiniz?

- Biz 1995-ci ildə Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasını yaratmışdıq. Bizim Şuranın ictimai-siyasi proseslərə o vaxt daha çox təsir imkanı var idi. Nəinki bu Şuranın. O vaxt orada çoxlu kadr yetişdirdik, Azərbaycana böyük xidmətlərimiz oldu, bu gün Azərbaycanin ictimai-siyasi həyatında böyük nüfuza sahib olan kadrlar yetişdi. Onda hələ Azərbaycan Avropa Şurasına üzv deyildi, amma biz Avropa Şurasının Gənclər Forumunun üzvü idik. Bir qrup adam burdan-ora ordan-bura gedib müxtəlif adlar altında təşkilat yaradırlar. Toplananların yerini dəyişəndə cəm dəyişmir. Bunlar hara toplaşsalar da eyni məfkurəni təmsil edirlər. Həmin şəxslər 2-3 səbəbə görə, uğur qazana bilmirlər və bilməzlər də. Onların özlərinə rəqib elan etdiyi İlham Əliyev çox güclü və xarizmatik liderdir. Yəni onların bu gün qarşısında duran elə bir güclü siyasətçi var ki, onunla müqayisədə çox zəifdirlər. Mən bunları cənab İlham Əliyevin komandasında olan bir şəxs kimi yox, səmimi deyirəm. Bu mənim vətəndaş mövqeyimdir. İkinci səbəb odur ki, Milli Şurada təmsil olunanların çoxu vaxtilə hakimiyyətdə olublar. Onlar nəyə qadir olduqlarını göstəriblər. Bəzən deyirlər ki, onları deviriblər. Hakimiyyət indiki müxalifətdə idi də bacarıb saxlayardılar. Müxalifət hakimiyyətdə olanda özlərini mənfi yöndən göstərdikləri üçün artıq insanlar da inanmır. Heydər Əliyevi devirmək istəyən azmı oldu? İlham Əliyevə təhdidlər azmı oldu? 2009-cu ildə Barak Obama İlham Əliyevə sifarış göndərdi ki, İstanbula gəlib Türkiyə- Ermənistan sərhədlərinin açılmasına razılıq verməlisən. Amma o həmin təklifə getmədi. Rusiya kimi bir dövlətin bir neçə layihəsinin üzərindən xətt çəkmək cəsarətində bulundu. Bu müxalifət bunları edə bilərdimi?

- Son bir ildə Azərbaycanın Rusiya ilə imtina siyasətini sanki Milli Şura balanslaşdırır. Sizdə də elə təəssürat yaranırmı? 

- İlham Əliyev o qədər güclü siyasətçidir ki, bu gün onun fəaliyyətini heç bir halda tənqid etmək mümkün deyil. İlham Əliyevi nədə günahlandıra bilərlər? Milli maraqların qorunmamasındamı, vətənpərvərlik ruhundamı, Türk dünyasına xidmətdəmi, geosiyasi vəziyyətdə apardığı mövqeyindəmi? Xeyr, heç birində günahlandırmaq mümkün deyil. Azərbaycan İlham Əliyevin sayəsində kosmik dövlətə çevrilib. Beynəlxalq nüfuzumuz, inkişafımız göz önündədir. Azərbaycan bu gün BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvüdür. Bu prezident başqa nə etməlidir? Bizim qarşımızdan duran yeganə problem Qarabağ məsələsinin həllidir. Torpaqlarımızı hələ ki, geri qaytara bilməmişik. Bunun da səbəbləri çoxdur. Təəssüf ki, Azərbaycandan asılı olan səbəblər çox azdır. Ümumiyyətlə, onların birliyinə heç kəs inanmır. Şəxsən mən inanmıram ki, onlar səmimi olaraq birləşiblər. Həmin insanların bir-birinə olan münasibətlərini az-çox bilirəm. Bəziləri arasında patoloji nifrət var. Bu cür komanda ola bilməz. Onlara xaricdən kimsə diktə edir ki, bir araya gəlin, görüntü yaradın. Amma bu seçkiyə qədərdir. Hazırda Azərbaycan post-sovet məkanında müstəqil siyasət aparan yeganə dövlətdir. 

- Amma yeganəlik də yaxşı deyil. Bu da təhlükəlidir.

- Əlbəttə, çevrələr daralır. Rusiya ilə bağlı son zamanlar qəbul olunan qərarlar, Ermənistanın Gömrük İttifaqına daxil olması, Türkmənistan və digər dövlətlərin bununla bağlı verdiyi qərarlar Azərbaycanı faktiki olaraq bölgədə fərqləndirir. Amma mən istəməzdim ki, pessimist düşünək. Əlbəttə, bu bölgə üçün o qədər də müsbət bir vəziyyət vəd etməyən bir prosesdir. İstənilən halda Azərbaycan bunun öhdəsindən gələcək.

- Bir neçə aydan sonra keçiriləcək seçki prosesini də dəyərləndirməyinizi istərdik. Gözlənilməz nəsə ola bilər, yoxsa siz də hesab edirsiniz ki, seçki çox rahat keçəcək. Yenidən İlham Əliyev seçiləcək və qaldığımız yerdən davam edəciyik?

- Mən hesab edirəm ki, qaldığımız yerdən davam etməyimiz çox önəmlidir. Ən azı növbəti 5 ildə İlham Əliyevin prezident olmağı dövlətçilik baxımından şərtdir. Bu Azərbaycan vətəndaşının rifahı üçün vacibidir. Əlbəttə ki, bu ilki seçkilər daha hərəkətli olacaq. Siyasi proseslər kifayət qədər inkişaf xəttinə qalxacaq. Amma bundan yuxarı getməyəcək. Seçkilər normal şəraitdə keçiriləcək və mən heç şübhə etmirəm ki, İlham Əliyev yüksək səslə qalib gələcək. Əlbəttə, seçkiyə müdaxilə etmək istəyən, adi bir epizodu şişirdib böyük bir sensasiya kimi təqdim etmək istəyənlər olacaq. Bunlar müvəqqəti xarakter daşıyacaq. Əminəm ki, seçkidən bir neçə ay sonra da bunlar unudulacaq. Beynəlxalq təşkilatlar isə həmişəki kimi ikili standartla yanaşacaqlar. Necə ki, bir neçə ay öncə Ermənistandakı seçkilərə onlar biabırcasına ikili yanaşdılar. Prezidentliyə namizədin biri tərəfindən digərini güllələməsi hadisəsinə reaksiya vermədilər. Heç bir hesabatlarında da bu cür qanun pozuntusu ilə bağlı müddəa salmadılar. Bu özlərini nüfuzdan salan bir yanaşma idi. Azərbaycanda bir müxalifət liderini yol polisi saxlayıb sənədlərini tələb edən zaman onu dərhal Avropa Parlamentinə qaldırırlar və qətnamə qəbul edirlər ki, sən niyə müxalifət partiyasının liderini saxladın. Mən çox arzu edərdim ki, bu gün Azərbaycan vətəndaşları fikir ayrılığından asılı olmayaraq bilsinlər ki, 2013-cü ilin seçkilərində Azərbaycanın taleyi həll olunur. Və buna heç kim biganə qalmamalıdır. Dövlətçiliyimizi qoruyub saxlamalıyıq. Bizə olan təhdidlərin çoxu daxildən deyil, xaricdəndir. Xaricdən də təhdid edənlərin yalnız bir məqsədi var Azərbaycanı kölə edib, maddi-mənəvi resurslarına sahiblənmək və istədikləri kimi idarə etmək. Əgər bunu istəmiriksə vətəndaş mövqeyimizi ortaya qoyub seçkilərdə dövlətimizin yanında olmalıyıq. 

- Siz bayaq qeyd etdiiz ki, 1995-ci ildə Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasını yaratmışdınız və elə o təşkilatdan da çoxlu sayda kadrlar yetişib və bu gün Azərbaycanda həmin insanlar müəyyən nüfuza da sahibdirlər. Bəs YAP 20 il ərzində İlham Əliyevi əvəz edə biləcək bir kadr hazırlaya bilmədimi?

- Əlbəttə, YAP-da kifayət qədər kadr potensialı var. Amma bu gün İlham Əliyev səviyyəsində, təcrübəsində olanı yoxdur. Dövlət idarəçiliyi elə bir şey deyil ki, biz bunu təcrübə meydanına çevirək. Keçən illər ərzində İlham Əliyev sübut etdi ki, dövlətin ən çətin, ən gərgin vəziyyətində təkbaşına qərar qəbul edən və bu məsuliyyəti üzərinə götürən yeganə şəxsdir. Bunu artıq sübut edibsə və dövlətin 10 il ərzində hansı nöqtədən hara gəldiyini görmüşüksə artıq başqasını axtarmağa ehtiyac yoxdur. YAP-ın üzvləri də düşünürlər ki, bu gün nə iqtidar daxilində, nə də xaricində İlham Əliyevə alternativ yoxdur. 

Gülnar