Bu rayonlarda içməli su ilə bağlı layihələr icra olunur - Fotolar

bu-rayonlarda-icmeli-su-ile-bagli-layiheler-icra-olunur
Oxunma sayı: 2710

“2020-ci ildə Şirvan-Muğan qrup su kəmərindən Neftçala şəhərinə 40 km uzunluğunda magistral kəməri çəkilib və Salyan şəhərinin yaxınlığında həcmi 7500 kubmetr olan su anbarı inşa edilib”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Azərsu ASC-nin sədr müavini İlqar Tağıyev jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, bu layihə Prezident İlham Əliyevin təsdiqlədiyi “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020-2022-ci illər üçün Tədbirlər Planı”na uyğun olaraq həyata keçirilib. Belə ki, 2020-ci ilin noyabr ayında həmin kəmərdən Neftçala şəhərinə suyun verilməsi təmin olunub:

“Dövlət Su Ehtiyatları Agentliyinin layihəsi əsasında Şirvan-Muğan qrup su kəmərindən Neftçala şəhərinə 38 km uzunluğunda ikinci magistral su kəməri çəkilib. 2023-cü ilin may ayında isə istismara verilib. Bu kəmərlərdən perspektiv inkişaf nəzərə alınmaqla Neftçala şəhəri, kənd və qəsəbələrin 80 mindən artıq sakini faydalanacaq”.

İ. Tağıyevin sözlərinə görə, Neftçala şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi dövlət büdcəsi hesabına həyata keçirilir:

“Magistral kəmərlərin inşası ilə paralel olaraq Neftçala şəhərində içməli su və kanalizasiya şəbəkələrinin yenidən qurulmasına başlanılıb və mərhələlərlə davam etdirilir. İndiyədək layihədə nəzərdə tutulan 144 km içməli su şəbəkəsinin 140 km-lik hissəsi yekunlaşıb. Yeni şəbəkədən ünvanlara ev birləşmələri verilərək sayğaclar quraşdırılıb. Eyni zamanda Neftçala şəhərində 140 km layihələndirilən kanalizasiya şəbəkəsinin 10 km-lik hissəsi inşa edilib, işlər davam etdirilir. Eyni zamanda Bankə qəsəbəsində 39 km mərkəzləşdirilmiş içməli su şəbəkəsi yaradılıb. Layihə çərçivəsində gələcəkdə 8,6 km kanalizasiya kollektoru və tullantı suların təmizlənib zərərsizləşdirilməsi məqsədilə məhsuldarlığı sutkada 4000 kubmetr olan tullantı sutəmizləyici qurğu da inşa ediləcək”.

Sədr müavini onu da qeyd edib ki, Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq Neftçala rayonunun içməli su çatışmazlığından əziyyət çəkən kənd və qəsəbələrinin su təchizatının yaxşılaşdırılması məqsədilə layihə icra olunub: “Layihə 27 yaşayış məntəqəsini əhatə edir və kəndlərdə ümumi uzunluğu 90 km olan daşıyıcı içməli su xətləri inşa edilib”

Şirvan-Muğan qrup su kəməri haqqında da məlumat verən İ. Tağıyev bildirib ki, 2012-2013-cü illərdə inşa edildib. 107 km uzunluğunda olan kəmər Kür-Sutəmizləyici Qurğular Kompleksindən çəkilmiş Kür-Bakı magistral kəmərindən qidalanır: “Kəmərin marşrutu boyu yaşayış məntəqələrinin içməli su ilə təmin edilməsi məqsədilə Hacıqabul, Şirvan, Salyan və Biləsuvar şəhərlərində ümumi tutumu 50 min kubmetr olan su anbarları inşa olunub. Magistral kəmərdən Hacıqabul, Şirvan, Salyan, Neftçala və Biləsuvar şəhərləri, həmçinin kəmərin marşrutgu boyu yerləşən kəndlər içməli su ilə təmin olunur. Bu layihədən perspektivdə 470 min nəfər faydalanacaq”.

Lamiyə Məmmədova