Bu yolda qəzalar işıqfor olmadığına görə baş verir? - Video

bu-yolda-qezalar-isiqfor-olmadigina-gore-bas-verir
Oxunma sayı: 996

“Tərtər rayonunun Elman Səfərov küçəsində nəvəsi ilə birlikdə yolu keçən anamı avtomobil vurub. Hadisə oktyabrın 21-də piyada zolağının üstündə baş verib, hələ də vəziyyəti ağırdır. Bu yolda dəfələrlə piyada vurulması və ölüm hadisələri baş verib. İşıqfor olmadığından sürücülər oradan yüksək sürətlə keçirlər”.

Bu şikayətlə “Qafqazinfo”ya həmin ərazidə yaşayan sakin Türkan Qurbanlı müraciət edib.

Onun sözlərinə görə, sözügedən küçədən keçmək getdikcə təhlükəli hal alır: “Biz sakinlər istəyirik ki, həmin küçəyə işıqfor qoyulsun. Həm yaşayış binalarının, həm də uşaq bağçasının qarşısı olduğundan orada daim gediş-gəliş olur, gündə bir neçə dəfə balaca uşaqlar yolu keçmək məcburiyyətində qalırlar. Əgər tədbir görülməsə, həmin küçədə piyada vurulmaları və ölümlərin sayı artacaq”.

Problemlə əlaqədar Baş Dövlət Yol Polisi İdarəsi ilə əlaqə saxladıq. İdarədən sorğumuza cavab olaraq bildirildi ki, Tərtər şəhərində 1.5 kilometr uzunluğu olan Elman Səfərov küçəsinin Heydər Əliyev və Nizami küçələri ilə kəsişməsində ışıqfor obyekti quraşdırılmaqla, aralarındakı məsafə 200 metr olan iki eynisəviyyəli yerüstü piyada keçidləri salınıb: “DYP-nin dislokasiya üzrə mütəmadi olaraq sözügedən ərazidə xidmət aparmasını da nəzərə alsaq, həmin küçədə qeydə alınan yol-nəqliyyat hadisələrini bilavasitə hərəkətin təşkili ilə əlaqələndirmək doğru olmazdı. Aparılan təhlilər göstərir ki, adətən şəhərdaxili yollarda baş verən qəzaların başlıca səbəbi sürücülərin sürət həddini yol və hava şəraitinə uyğun seçməməsi, eyni zamanda piyadaların da yol hərəkəti qaydalarına biganə yanaşmasından qaynaqlanır”.

İdarədən, həmçinin bildirildi ki, bununla yanaşı, qeyd olunan küçədə sürət rejiminə riayət etməyən sürücülərə qarşı profilaktik tədbirlərin gücləndirilməsi üçün aidiyyəti üzrə müvafiq tapşırıqlar veriləcək.

Gülnar Əliyeva