“Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən musiqi və incəsənət məktəblərinin təhsilverənlərinin attestasiya prosesi cari ildə də davam etdirilir. Ötən il 5 region üzrə attestasiya prosesi uğurla yekunlaşdı. Bu il isə digər regionlarımız üzrə 8 mindən artıq müəllimimiz bu prosesə cəlb olunacaq”.
“Qafqazinfo” xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin direktoru Vüqar Hümbətov deyib.
O bildirib ki, attestasiya proqramları artıq bir ildən artıqdır ki, müəllimlərin ixtiyarına təqdim olunub:
“Proqramla tanışdılar. Proqram onların ixtisasına, tədris etdiyi fənnə aiddir. Burada kənar heç bir sual ola bilməz. Bu proqramla həm Bakıdan onlayn görüşlər, həmçinin regionlarımızda ixtisaslı kadrların, mütəxəssislərin, ekspertlərin iştirakı ilə görüşlər təşkil olunur. Bu da birbaşa müəllimlərin, onların attestasiya prosesinə tam hazırlığına dəstək məqsədi ilə həyata keçirilir. Attestasiyada 5 komissiya üzvü olur və onun vəzifəyə uyğun olub-olmamasını qiymətləndirir.
Əgər bu gün uğurların dalınca getmək istəyiriksə, bu yola ən yaxşı müəllimlərimizlə davam etməliyik”.
Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin direktor müavini Yaşar Zeynalov isə bildirib ki, bu il ikinci mərhələ başlayır. Artıq 9 bölgə üzrə attestasiya keçiriləcək:
.jpeg)
“Bu, Mərkəzi Aran, Gəncə-Daşkəsən, Lənkəran-Astara, Qarabağ, Şərqi Zəngəzur, Şəki-Zaqatala, Qazax-Oğuz, Dağlıq Şirvan və Naxçıvan Muxtar Respublikasından olan musiqi və incəsənət məktəb və mərkəzlərinin təhsilverənləri ilə attestasiya keçiriləcək. 8 min müəllim xoreoqrafiya mərkəzlərinə cəlb olunacaq, bütün şərait yaradılıb. Şəffaflıq üçün kameralar, səsyazmalar olacaq, komissiya üzvləri mərkəzdə toplanacaq. Bu proses fevralın 10-dan Mərkəzi Aran bölgəsindən başlayır. İyul ayınadək keçirilməsi nəzərdə tutulur. Təbii ki, bu, müəllimlərin gəlməsindən, hava şəraitindən asılıdır. Bu il attestasiyanın 100 faiz bitməsi nəzərdə tutulub.
Attestasiyadan tam kəsilənlər üçün apelyasiya nəzərdə tutulmayıb. Amma komissiya üzvlərindən 3-ü əleyhinə və 2-si lehinə səs olduğu halda, onlar təlimlərə cəlb olunur. Birinci mərhələdə bu cür hallar olmuşdu. Həmin müəllimlər təlimlərə cəlb olundu, daha sonra isə DİM vasitəsilə keçirilən müsabiqədə iştirak etmişdilər. Test mərhələsindən uğurla keçənlər daha sonra müsabiqə yolu ilə işlə təmin olunublar. Ötən il 234 müəllim təlimlərə cəlb edilib, 118-i uğurla keçib”.
Lamiyə Məmmədova
Son xəbərlər
Son Xəbərlər