Cavanşir Məmmədovun eks-kürəkəninə bu maddələr üzrə hökm oxundu

cavansir-memmedovun-eks-kurekenine-bu-maddeler-uzre-hokm-oxundu
Oxunma sayı: 5521

Binəqədi Rayon Məhkəməsində əməkdar artist Cavanşir Məmmədovun qızı Xatirə Məmmədovanın qeyri-rəsmi nikah münasibətində olduğu keçmiş həyat yoldaşı, 1980-ci il təvəllüdlü Mustafa İbili barəsindəki xüsusi ittiham qaydasındakı şikayətinə baxılıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, X.Məmmədova keçmiş həyat yoldaşının Cinayət Məcəlləsinin 147 (Böhtan) və 148-ci (Təhqir) maddələri ilə cəzalandırılmasını tələb edib.

X.Məmmədova bildirib ki, M.İbili dələduzluq edərək atası Cavanşir Məmmədova 170 000 manat, anası Rəfiqə Qafarovaya 59 000 manat və Rüfət Əhmədova 10 000 manat ziyan vurmaqla təkrar dələduzluq edib. Bakı Şəhər Baş Polis İdarəsində aparılan cinayət işinin ibtidai istintaqı tamamlanaraq Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib və hazırda məhkəmə istintaqı davam edir. Həmin iş üzrə X.Məmmədova şahid qismində ifadə verdiyi gün M.İbili jurnalistlərə müsahibə verərək keçmiş arvadının dələduzluq etdiyini iddia edib: “İbili yalan olduğunu bilə-bilə şərəf və ləyaqətimi ləkələyən, nüfuzdan salan məlumatları kütləvi informasiya vasitələrində yayıb”.

Məhkəmə M.İbiliyə Cinayət Məcəlləsinin 147-ci maddəsi üzrə bəraət verib. O, Məcəlləsinin 148-ci, yəni təhqir əməli üzrə təqsirli bilinərək 1000 manat cərimə edilib.

Qeyd edək ki, Mustafa İbili eyni zamanda Bakı Ağır Cinayətlər Məhkəməsində Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsilə ittiham olunur. Bu maddədə 10 ilə qədər həbs cəzası nəzərdə tutulub. Lakin o, özünü təqsirli bilmir. Əksinə, özünü zərərçəkmiş hesab edir.

Nizam Rza