“Cənub bölgəsindən Bakıya gəlməyə ehtiyac qalmayacaq” - Uzm. Dr. Yusif Abdulov

cenub-bolgesinden-bakiya-gelmeye-ehtiyac-qalmayacaq
Oxunma sayı: 4061

Könül Cəfərli ilə “Peşəkar həkim” layihəsinin növbəti qonağı Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Ürək-damar cərrahiyyəsi şöbəsinin rəhbəri, ürək-damar cərrahı Uzm. Dr. Yusif Abdulovdur. Müsahibimiz çalışdığı şöbənin fəaliyyəti ilə bağlı suallarımızı cavablandırıb.

“Qafqazinfo” müsahibəni təqdim edir:

Arayış

Ürək-damar cərrahiyyəsi uzmanı Dr. Yusif Abdulov 2009-cu ildə Azərbaycan Tibb Universitetini bitirib. 2012-2017-ci illərdə Ege Universitetində uzmanlıq təhsili alıb. 2023-cü ildən Atatürk Universitetinin Səhiyyənin idarə edilməsi fakültəsində distant təhsil alır. 2019-2023-cü illərdə İraqda Al-Kafeel Xəstəxanasında şöbə müdiri vəzifəsində çalışıb. Uzm. Dr. Yusif Abdulov Türk Ürək və Damar Cərrahiyyəsi Cəmiyyəti və Milli Damar və Endovaskulyar Cəmiyyətinin üzvüdür.
Hazırda Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Ürək-damar cərrahiyyəsi şöbəsinin rəhbəri olaraq çalışır.

- Neçə ildir Lənkəran Rayon Mərkəzi Xəstəxanasında çalışırsınız?

- 2023-cü ildə xəstəxanadan dəvət aldım. Burada ürək-damar cərrahiyyəsi ilə bağlı şöbə yox idi. Cənub bölgəsində yaşayan xəstələr ürək əməliyyatları üçün paytaxta getməyə məcbur qalırdılar. Odur ki, belə bir təklif alanda böyük məmnuniyyətlə qəbul etdim. Bu ilin fevral ayından şöbənin quruculuq işləri ilə məşğul olduq. İstər işçi heyətinin cəlb edilməsi, istərsə də əməliyyatxananın təşkili baxımından bir neçə ay sərf etməli olduq. Nəhayət, bütün işlər tamamlanandan sonra şöbəmizdə ilk əməliyyatı avqust ayında icra etdik.

- Belə bir şöbənin açılması şəxsən sizin təşəbbüsünüzlə baş tutdu?

- Xeyr. Bu, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) təşəbbüsü ilə özəl bir şirkətin yaratdığı şöbədir. Yəni mənə qədər belə bir ideya, plan var idi. Sadəcə, bu təşəbbüsü həyata keçirmək üçün məni dəvət etdilər. Lənkəranda Ürək-damar cərrahiyyəsi şöbəsinin yaradılması tarixi hadisədir.

- Sizin kimi yüksəktəhsilli bir cərrah paytaxtda ən yaxşı hospitalların birində çalışa bilərdi. Niyə seçiminiz region xəstəxanası oldu?

- Türkiyədə həm təhsil almış, həm də orada ürək-damar cərrahı olaraq fəaliyyət göstərmişəm. Sonra İraqda fəaliyyətimə davam etdim. Oradan da Almaniyaya getməyi planlaşdırmışdım. Amma məni daha çox öz Vətənimdə çalışmaq düşündürürdü. Ona görə də səhiyyə naziri Teymur Musayevə müraciət etdim. Məni Azərbaycana dəvət edib Tədris-Cərrahiyyə Klinikasında işlə təmin etdilər. Həmin ərəfədə Lənkəran Rayon Mərkəzi Xəstəxanasından da dəvət aldım. Cənub bölgəmizdə 700 min əhali var. Düşündüm ki, paytaxtda işləməkdənsə, bölgədə vətəndaşlarımıza xidmət etmək daha faydalıdır. Hər il cənub rayonlarımızdan neçə ürək xəstəsi əməliyyat üçün Bakıya getməli olur. Halbuki eyni xidməti öz rayonlarında da ala bilərlər. Hədəfim bu oldu. Hazırda məqsədimizə doğru yavaş-yavaş irəliləyirik.

- Şöbənizdə hansı ürək əməliyyatları icra olunur?

- Koronar Arteriya By-Pass Qreft əməliyyatı, ürək qapaqcıqlarının dəyişdirilməsi və təmiri, ürəkdən çıxan ana və qarın ana atar damarlarının balonlaşmasının və yırtılmasının, boyun şah damar tutulmasının cərrahi müalicəsi, 18 yaşdan yuxarı şəxslərdə ürək qüsurları da daxil olmaqla bütün növ ürək əməliyyatlarını icra edirik.

- Şöbənizdə hər ay təxminən neçə əməliyyat icra edirsiniz?

- Yeni başlayanda 7-8 əməliyyat olurdusa, hazırda 15-20 əməliyyat icra edirik. İnsanların güvənini qazandıqca bu rəqəmin daha da artacağına heç bir şübhəmiz yoxdur. Mən anlayıram, insanların region xəstəxanasında yeni açılmış bir şöbəyə birdən-birə güvənməsi asan deyil. Amma biz komanda olaraq bu işdə daha çox uğur qazanacağımıza inanırıq. İnsanlar peşəkar bir xidmət gördükcə etimadları artmağa başlayır.

- Əməliyyatlar icbari tibbi sığorta ilə həyata keçirilir?

- Bəli, bütün əməliyyatlar icbari tibbi sığorta ilə qarşılanır.

- Şöbənizdə həyata keçirilən əməliyyatlar yeni avadanlıqlar və müasir üsullarla icra olunur? Deyə bilərikmi ki, heç də paytaxtda edilən əməliyyatlardan geri qalmır?

- Əlbəttə! Şöbəmizdəki əməliyyatxana yeni və müasir avadanlıqlarla təchiz olunub. İcra etdiyimiz əməliyyat texnikası və metodlları da müasirdir. Türkiyədə qazandığım praktikanı tətbiq edirəm. Onu da qeyd edim ki, mən tək deyiləm. Şöbəmizdə çalışan heyət Türkiyədən dəvət etdiyim tibb işçiləridir. Əminliklə deyə bilərəm ki, Lənkəranda icra etdiyimiz əməliyyatlar peşəkarlıq baxımından heç də paytaxtda həyata keçirilən əməliyatlardan geri qalmır. Hətta bir sıra özəl hospitallardan daha üstün olduğunu deyə bilərəm.

- Bizim toplumda özəl xəstəxanalara daha çox güvən var. Hesab edirlər ki, ən müasir şərait, ən yüksək xidmət, ən yaxşı cərrahlar özəl tibb müəssisələrindədir. Bu stereotipi sındırmaq asan olmayacaq. Sizcə, buna müəyyən qədər nail ola bilmisinizmi?

- Doğrudur, cəmiyyətimizdə belə bir təsəvvür var. Özəl tibb müəssisələrində daha keyfiyyətli xidmət göstərildiyini düşünürlər. Amma biz bu təsəvvürü dağıtmalıyıq. Düşünürəm ki, dövlət xəstəxanasında yüksək xidmət görmüş bir vətəndaş ikinci dəfə də dövlət müəssisəsinə üz tutacaq. Biz buna nail olmalıyıq. Şöbəmizin əsas hədəflərindən biri də məhz budur. Məncə, hədəfimizə, az da olsa, çata bilmişik. Əlbəttə, daha çox inkişaf etməliyik.

- Deyə bilərikmi ki, Lənkəran və yaxın rayonlarda yaşayan ürək xəstələri tam əminlikdə sizin şöbəyə müraciət edə bilərlər?

- Tam əminliklə deyə bilərik ki, Lənkəran və ətraf rayonlarda, kəndlərdə yaşayan ürək xəstələri heç bir tərəddüd etmədən bizə müraciət edə bilərlər. Biz elə bunun üçün çalışırıq. Xəstələr uzaq yol qət edib buradan Bakıya getməyə məcbur qalmasınlar. Ağır ürək əməliyyatı keçirən insanlar  üçün kilometrlərlə yol getmək asan deyil. Əməliyyatla da iş bitmir. Əməliyyatdan sonra həkim müayinələri də lazım gəlir. Hər dəfə get-gəl xəstələri yorur. Odur ki, heç yerə getmədən elə öz rayonunda əməliyyat olunmaq həm xəstələr, həm də xəstə yaxınları üçün komfortdur. Bir əməliyyatı eyni keyfiyyətlə Lənkəranda da icra etmək mümkündürsə, Bakıya getməyə nə ehtiyac var?

- Ağır ürək əməliyyatlarını da icra edirsiniz?

- Bəli. Ümumiyyətlə, bütün ürək əməliyyatları ağır əməliyyatlardır. Amma xüsusi vurğulamaq lazım gələrsə, ürəyin yığılma funksiyası 25-35 olan və ürəkdən çıxan ana atar damarlarında balonlaşma-anevrizma yaranan pasiyentlər daha ağır xəstələr sayılır.

- Sizin şöbənizdə xidmət səviyyəsi necədir?

- Yaxşı olardı ki, bu sualı pasiyentlərimiz cavablandırardılar. Ötən gün evə yazdığımız bir xəstə yaxını dedi ki, mən Lənkəranda belə bir müasir şöbənin olduğuna inanmazdım, elə bil xaricdəyik. Hər bir pasiyent məmnunluğu bizim üçün çox mühümdür. Tibb bacıları pasiyentlərə o qədər şəfqətlə qayğı göstərirlər ki, palatada xəstə yaxınının qalmasına ehtiyac olmur.

Qeyd: Uzm. Dr. Yusif Abdulov 18 yaşından yuxarı şəxslərdə anadangəlmə ürək qüsurları da daxil olmaqla bütün növ ürək əməliyyatlarını yüksək peşəkarlıqla icra edir. Lənkəran və yaxın rayonlarda yaşayan xəstələr Lənkəran Mərkəzi Xəstəxanasının Ürək-damar cərrahiyyəsi şöbəsinə müraciət edə bilərlər. Maraqlananlar həkimlə (077) 220 87 88 mobil nömrəsi vasitəsilə saxlaya bilərlər. Həmçinin feysbuk və dr.yabdulov instaqram hesabları ilə də həkimə elektron müraciət etmək olar.