Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov manatın növbəti dəfə ucuzlaşmasına münasibət bildirib.
"Qafqazinfo" xəbər verir ki, o, Modern.az saytına deyib ki, Mərkəzi Bank bu qərarı çoxdan verməli idi:
“Bununla da yumşaq devalvasiyanın tənzimlənən prinsipinin tətbiqi həyata keçiriləcək. Mərkəzi Bankın valyuta ehtiyatları tükənmək üzrədir. Bu azalma davam etməkdədir və uzun müddət davam edə bilməzdi. Qonşu ölkələrdə valyutalar dəyərdən düşür, biz isə ehtiyatlardan istifadə edərək manatın məzənnəsini qoruyub saxlayırdıq. Ona görə də üzən məzənnə siyasətinə keçmək mütləq idi. Manat gec-tez öz dəyərini almalıdır. Hansı səviyyədə qərarlaşacaq, onu zaman göstərəcək”.
Deputat “Manat hansı həddə qədər ucuzlaşa bilər” sualına “bunu heç kim söyləyə bilməz” cavabını verib:
“Rəqəmləri söyləmək düzgün olmaz, amma proses gedəcək. Bütün bunlar isə neftin dünya bazarlarındakı qiymətlərindən asılı olaraq tənzimlənəcək. Azalmalar davam edəcəksə, bu yaxşı heç nə vəd etməyəcək. Əksinə neftin qiyməti qalxarsa, baxmayaraq ki, bu da inandırıcı deyil, o zaman problem müəyyən qədər həll oluna bilər”.
Deputat manatı rubl qədər olmasa da, çətin günlər gözlədiyini deyib.
***
“Azərbaycanda üzən məzənnə siyasəti yoxdur, olmayacaq da. Hökumət də, Mərkəzi Bank da camaatı aldatmasın. Bu sadəcə inzibati qaydada Mərkəzi Bankın və hökumətin təyin etdiyi məzənnədir”.
Bunu isə “Qafqazinfo”ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli Mərkəzi Bankın manatın kəskin devalvasiyası ilə bağlı bu gün verdiyi qərara münasibət bildirərkən deyib. Onun sözlərinə görə, üzən məzənnəyə keçid üçün əsas elementlər ölkədə qiymətli kağızlar bazarının olması, açıq şəkildə fəaliyyət göstərən valyuta birjasının olması ölkəyə külli miqdarda valyuta gətirə biləcək çoxlu sayda şirkətlərin olması lazımdır: “Azərbaycanda bunların heç biri yoxdur. Sadəcə Azərbaycan hökuməti üzən məzənnə mədəni iqtisadi termin adı altında bir gecənin içində manatı kəskin devalvasiyaya apardı. Bu kəskin devalvasiyanın nəticələri Azərbaycan üçün çox ağır olacaq. Azərbaycan hökumətində düşünməyi, plan qurmağı bacaran bir komanda yoxdurmu? Çünki bu bankların, ticarət dövriyyəsinin çökməsinə, insanların gəlirlərinin azalmasına, qiymətlərin isə kəskin şəkildə 30 faiz civarında artmasına səbəb olacaq. Bu isə fəlakətli nəticələr doğura bilər. Bu dəfəki devalvasiya 21 fevral devalvasiyasından daha çox, yəni 47- 48 fazi civarında oldu. Bu çox böyük rəqəmdir. Bunun adı kəskin devalvasiyadır və inzibati qaydada məzənnənin təyin olunmasıdır”.
Günel Türksoy
Son xəbərlər
Son Xəbərlər