Ceyhun Bayramov BMT Baş Assambleyasının Prezidenti ilə görüşdü

Ceyhun Bayramov BMT Baş Assambleyasının Prezidenti ilə görüşdü
Oxunma sayı: 804

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Nyu Yorkda BMT Baş Assambleyasının yüksək səviyyəli həftəsi çərçivəsində BMT Baş Assambleyasının 77-ci sessiyasının Prezidenti, Macarıstan nümayəndəsi Ksaba Korosi ilə görüşüb.

“Qafqazinfo” xəbər verir ki, bu haqda XİN məlumat yayıb. 

Görüşdə Azərbaycanın BMT çərçivəsində fəaliyyəti, BMT-nin ixtisaslaşmış qurumları ilə əməkdaşlıq əlaqələri, gələcək fəaliyyət istiqamətləri və gündəlikdə duran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Ceyhun Bayramov Azərbaycanın BMT-yə 30 illik üzvlüyü ərzində bir sıra genişmiqyaslı təşəbbüslər irəli sürdüyü, BMT-nin işinə böyük töhfələr verdiyi, BMT-nin mötəbər qurumlarında üzvlüyü, Qoşulmama Hərəkatında sədr qismində fəalliyyətini diqqətə çatdırıb. BMT-nin ali rəhbər heyətinin ölkəmizə son illərdə həyata keçirdikləri səfərlər və müzakirələr xatırlanıb. BMT Baş Assambleyasının Prezidentinin ofisi ilə faydalı əməkdaşlıq münasibətlərinin mövcud olduğunu, gündəlikdə duran məsələlər üzrə müzakirələrdə Azərbaycanın fəal surətdə iştirak etdiyini vurğulayıb.

Nazir BA Prezidentinə bölgədə mövcud olan cari vəziyyət, o cümlədən işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və quruculuq işləri, mina təhdidləri, habelə Ermənistanla münasibətlərin normallaşdırılması istiqamətində Azərbaycan tərəfindən atılan addımlar barədə məlumat verib. O, Ermənistanın təxribatlarına və prosesləri ləngitmək siyasətinə baxmayaraq, bölgədə sülh və sabitliyin təmin edilməsi üçün bütün vacib istiqamətlər üzrə, o cümlədən gələcək sülh müqaviləsinin imzalanması, sərhədlərin delimitasiyası, bütün kommunikasiyaların açılışı və digər məsələlərdə Azərbaycanın səylərini davam etdirəcəyini bildirib.
 
BMT Baş Assambleyasının Prezidenti Ksaba Korosi Azərbaycanın BMT-nin ən fəal üzv ölkələrindən biri olduğunu qeyd edib və BMT üzvlüyünün 30 illiyi münasibətilə təbriklərini səsləndirib. Ksaba Korosi, Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin uğurla icrasını təqdir edib. O, Azərbaycan Prezidentinin COVID-19 pandemiyasına qarşı irəli sürdüyü qlobal əhəmiyyətli təşəbbüsləri yüksək qiymətləndirdiyini bildirib.
 
BMT Baş Assambleyası Prezidenti post-münaqişə dövründə Azərbaycanın bölgədə dayanıqlı sülh quruculuğu səylərinin və quruculuq işlərinin təqdirəlayiq olduğunu söyləyib. Bununla yanaşı, bölgədə yaranmış vəziyyətin narahatlıq doğurduğu, çətinliklərin siyasi müstəvidə həllinin vacib olduğunu diqqətə çatdırıb. O, BMT-nin minasızlaşdırma fəaliyyəti sahəsində geniş imkanlarının olduğunu nəzərə alaraq, ərazilərimizin minalardan təmizlənməsi sahəsində birgə fəaliyyətin zəruriliyini qeyd edib.
 
Tərəflər, Baş Assambleya sədrliyinin prioritet məsələləri, o cümlədən gənclərlə iş, iqtisadi dayanıqlılıq və maliyyə restrukturizasiyası və digər mövzular ətrafında fikir mübadiləsi aparıblar. Həmçinin BMT gündəliyində duran qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.