Çəyirtkələr taxıl sahələrinə ciddi ziyan vurub - Açıqlama - Video

ceyirtkeler-taxil-sahelerine-ciddi-ziyan-vurub
Oxunma sayı: 607

Cəbrayıl rayonu ərazisində kənd təsərrüfatına ciddi təhlükə yaranıb.

“Qafqazinfo”nun xəbərinə görə, rayonun Göyərçin Veysəlli kəndi ətrafında yerləşən taxıl sahələrinə çəyirtkə sürüləri hücum edib.

Bildirilir ki, ərazidə çəyirtkələrin kütləvi şəkildə artması nəticəsində əkin sahələrinə ciddi ziyan dəyib. Zərərvericilər taxılın yarpaqlarını və sünbüllərini yeyərək, məhsuldarlığın azalmasına səbəb olur.

Kənd sakinlərinin sözlərinə görə, son günlər çəyirtkələrin sayı xeyli artıb və onların qarşısını almaq çətinləşib. Fermerlər məhsul itkisi ilə üzləşdiklərini bildirirlər.

***

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinin rəisi Ceyhun İbrahimov məsələ ilə bağlı saytımıza açıqlama verib: “Cəbrayıl rayonu ərazisində müşahidə edilən Mərakeş çəyirtkisi ilə bağlı müvafiq qurumlar tərəfindən vəziyyət nəzarətə götürülüb. Aparılan monitorinqlər nəticəsində zərərvericinin yayılma riski qiymətləndirilib və operativ mübarizə tədbirlərinə başlanılıb.

Əvvəlcədən görülmüş hazırlıq işləri çərçivəsində əraziyə aqreqatlar və təsirli pestisid preparatları yönləndirilib, mübarizə tədbirlərinin gecikmədən həyata keçirilməsi üçün bütün zəruri texniki və maddi təminat yaradılıb. Yerli icra və aidiyyəti qurumlara çəyirtkəkimilərə qarşı mübarizənin koordinasiyalı şəkildə aparılması üçün müvafiq göstərişlər verilib.

Hazırda ərazilərdə kimyəvi və mexaniki mübarizə tədbirləri planlı şəkildə davam etdirilir və proses mütəxəssislərin nəzarəti altında həyata keçirilir.

Qeyd edirik ki, respublika üzrə çəyirtkəkimilərə qarşı mübarizə tədbirləri tam nəzarət altındadır və vəziyyət mütəmadi olaraq izlənilir. Əlavə risklərin qarşısının alınması üçün bütün zəruri addımlar operativ qaydada atılır”.

Ziya Əmirxanlı