Cüdo üzrə dünya çempionatında 2 qızıl medalın əhəmiyyəti...

cudo-uzre-dunya-cempionatinda-2-qizil-medalin-ehemiyyeti
Oxunma sayı: 2585

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən dünya çempionatı Azərbaycan cüdosu tarixinə, heç şübhəsiz ki, qızıl hərflərlə yazıldı. Mayın 19-da start götürən mundialın ikinci günündə Hidayət Heydərov (-73 kq) bütün rəqiblərini məğlub edərək Elxan Məmmədovun Rio de Janeyroda qazandığı uğurdan 11 il sonra dünya çempionu tituluna sahib çıxan ikinci Azərbaycan cüdoçusu oldu. Ötən günlərdə fərdi yarışların son günündə isə Zelim Kotsoyev (-100 kq) milli yığma komandamızın aktivinə ikinci qızıl medalı yazdırdı. Başqa sözlə, ikinci dünya çempionumuzu gözləmək üçün 11 il gözləməli olmuşduqsa, üçüncü qızıl medala qovuşmağımıza sadəcə üç gün lazım oldu. Bununla da ölkəmiz ümumkomanda hesabında 107 ölkə arasında Yaponiya (3-2-4), Gürcüstan (2-1-1) və Cənubi Koreyadan (2-0-3) sonra dördüncü yeri tutaraq cüdo üzrə dünya çempionatlarında ən uğurlu nəticəsinə imza atdı. Yalnız kişilərin komanda hesabında isə Azərbaycan milli yığması ilk "üçlüy"ü qapadı.

2017-ci ildən bu yana qatıldığı 6 dünya çempionatının hamısında mükafatlar uğrunda həlledici görüşə kimi irəliləyən, bunun üçün də bürünc mükafat qazanan Hidayət, yeddinci cəhdində çoxdan arzuladığı dünya çempionu tituluna sahib çıxdı. İdmançının dramatik görüşdən sonra olduqca emosional halları - hayqırtı və gözyaşları da onun bu çempionluğu nə qədər çox istədiyini, uğrunda çəkdiyi əziyyətləri bütün gerçəkliyi ilə hamının gözləri önünə sərdi. Ümumilikdə bu, Heydərovun beynəlxalq karyerası ərzində (yeniyetmələrdən bu yana) 38-ci finalı idi ki, o, 36-cı dəfə tatamini qalib tərk edərək "finalların adamı" statusunu bir qədər də möhkəmləndirmiş oldu. 

Hidayət Heydərovla hələ gənclər millisində çıxış etdikləri dövrdən bu yana uzun illərdir stabil çıxış sərgiləyən Zelim Kotsoyev isə böyüklərin mundialında ardıcıl iki bürünc mükafatdan sonra, nəhayət, qızıl medala yiyələndi. Qeyd edək ki, Zelim Kotsoyev əslən Rusiya Federasiyasından olsa da, 16 yaşından (2015-ci ildən) Azərbaycandadır. Həmin ildən yeniyetmələr arasında milli komandaya seçilib. Ölkəmizə gələndən azərbaycanlı məşqçilər və komandası ilə məşqlər keçib. Yalnız Azərbaycan adından çıxış edib. Artıq 9 ildir ki, Azərbaycan cüdo millisinin üzvüdür. 25 yaşlı idmançının bütün uğurları ölkəmizin adı ilə bağlıdır. O, buna qədər iki dəfə dünya çempionatının bürünc medalçısı, ötən il Avropa çempionu, daha əvvəl üç dəfə qitə çempionatının bürünc mükafatçısı olub. Zelim 5-i qızıl olmaqla, 16 dəfə "Dünya turu" seriyasından olan turnirlərin (Masters, Böyük dəbilqə, Qran-pri) medalçısıdır. O, həmçinin 2017-ci ildə gənclər arasında dünya və Avropa çempionu tituluna yiyələnib. 

Dünya və olimpiya reytinqində birinci olan və ən yaxın izləyicisini aşkar fərqlə qabaqlayan Hidayət Heydərov dünya çempionluğu sayəsində aktivinə yazdırdığı əlavə 2000 xalla liderliyini daha da əlçatmaz etdi. Həmçinin buna qədər dünya və olimpiya sıralamasında beşinci olan Zelim Kotsoyev də Əbu-Dabidəki zəfərdən sonra artıq hər iki reytinq siyahısında liderə çevrildi. Beləliklə, dünya çempionatının Paris-2024-ə lisenziya xalları qazandıran sonuncu yarış olduğunu nəzərə alsaq, hər iki idmançımız Olimpiadaya bir nömrəli reytinq favoriti kimi yollanacaq. Dördilliyin əsas yarışına iki cüdoçumuzun reytinq lideri kimi qatılması da özlüyündə bir tarixi ilkdir.

Sirr deyil ki, cüdo ölkəmizdə populyar idman növlərindəndir. Azərbaycan Cüdo Federasiyasının hazırkı rəhbərliyi də ölkədə bu növün daha da kütləviləşdirilməsi, hərtərəfli inkişafı üçün əlindən gələni əsirgəmir. Bütün yaş qrupları üzrə yığmalarla bağlı ciddi, sistemli yanaşma ortaya qoyulur, bunun nəticəsi olaraq, yeniyetmə və gənclərdə dünya və Avropa çempionatlarının uğurları, rekordlar bir-birini əvəz edir. Həmçinin böyüklərdən ibarət millinin son dövrlərdəki yüksəlişi diqqət çəkməyə bilməzdi. Son iki Avropa çempionatında üst-üstə dörd qızıl, bir gümüş mükafat, Dünya turu seriyalı yarışlarda əldə olunan nailiyyətlər söylənilənləri sübut edir. Nəticədə, əvvəlki illərdən fərqli olaraq, yığmada az qala bütün çəki dərəcələrində rəqabət formalaşıb. Bütün bunlara rəğmən, ölkəmizin artıq uzun illərdir dünya çempionatında baş mükafata yiyələnə bilməməsi hər kəsi düşündürür, qayğılandırırdı. Xüsusilə bu səbəblərdəndir ki, əldə olunan çempionluqlar ölkəmizdə böyük sevinclə qarşılandı, kifayət qədər rezonans doğurdu. 

Sonda xatırladaq ki, dünya çempionatı Olimpiadaya lisenziya xalı verən yarışlardan sonuncusu idi. Hazırda ölkəmizin 8 (7 kişi, 1 qadın) cüdoçusu Olimpiadaya reytinq siyahısındakı mövqeyinə, bir qadın idmançımız isə qitə üzrə kvotaya əsasən Paris-2024-ə lisenziya qazana bilir. Bu da Tokio-2020-də qeydə alınan rekordun təkrarıdır. Yekun siyahı iyunda açıqlanacaq. Ümid edirik ki, son iki Avropa çempionatında üst-üstə 4 qızıl, 1 gümüş mükafat qazanan, DÇ-də tarix yazan cüdoçularımızın zəfər yürüşü iki ay sonra start götürəcək Paris-2024 Yay Olimpiya Oyunlarında da davam edəcək.