Dağıntılar altında qalan tələbələrlə bağlı rəsmi - Açıqlama

dagintilar-altinda-qalan-telebelerle-bagli-resmi
Oxunma sayı: 14825

Türkiyənin Malatya şəhərində binanın uçması nəticəsində dağıntılar altında qalan tələbələrlə bağlı son məlumat açıqlanıb.

Bunu “Qafqazinfo”nun sorğusuna cavab olaraq Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə bildirib.

A.Hacızadə deyib ki, hazırda tələbələrin vəziyyəti ilə bağlı məlumatlar toplanır:

“Onların kimlikləri, sağlıq durumları ilə bağlı ətraflı məlumat veriləcək”.

Qeyd edək ki, ötən gün tələbələrin dağıntılar altından çıxarılması ilə bağlı məlumatlar yayılmışdı. 

Xatırladaq ki, fevralın 6-da Türkiyədə baş verən 7.7 ballıq zəlzələdən sonra 3 minə yaxın insan həlak olub, 15 mindən çox insan müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onların arasında azərbaycanlılar da var. Eyni zamanda dünən 4 azərbaycanlı tələbənin uçan binanın dağıntıları altında qaldığı açıqlanmışdı.

Türkiyənin Malatya şəhərində 4 azərbaycanlı tələbə - Samir Quliyev, Şahin Vəliyev, Hümam İsmayıllı və Gündüz Nəzərzadənin dağıntılar altında qalması ilə bağlı məlumatı azxeber yaymışdı.

***

Diasporla İş üzrə Dövlət Komitəsinin Təbliğat, informasiya və analitik təhlil şöbəsinin müdiri Vəsilə Vahidqızı da Türkiyədəki zəlzələdə dağıntılar altında qalan tələbələrlə bağlı məlumat açıqlayıb.

“Malatyada dağıntılar altından xilas edildiyi deyilən tələbələrdən biri Gündüz Nəzərzadənin hazırda Türkiyədə olan qardaşı Arzumanla əlaqə saxladıq. Qardaşı bildirdi ki, Malatyaya gedir və Gündüzün harada olması ilə bağlı dəqiq məlumatı yoxdur. Bir qədər sonra Arzumanla yenidən əlaqə yaratmağa çalışacağıq. Məsələ Diasporla İş üzrə Dövlət Komitəsinin də diqqətindədir və tələbələrimizin taleyi ilə bağlı hər hansı dəqiq məlumat əldə olunan kimi ictimaiyyətə çatdırılacaq”, - Komitə rəsmisi bildirib.