Azərbaycan əhalisi daşınmaz əmlakın icbari sığortasının lazımlılığı ilə bağlı yetərli bilgiyə sahib deyil.
“Qafqazinfo” xəbər verir ki, bu məsələ ölkədə yalnız hər hansı fövqəladə hadisələr, yanğınlar baş verdikdə gündəmə gəlməkdədir. Bu zaman insanlarımız daşınmaz əmlaklarını sığortalamaq haqqında düşünsələr də, ancaq bunu reallaşdırmırlar. Dünya praktikasında isə, vəziyyət başqadır. Belə ki, əhali bu prosesə könüllü qoşulub. Bu gün daşınmaz əmlakın sığortası dünyanın bütün inkişaf etmiş ölkələrində çox geniş şəkildə tətbiq olunur və mənzillərin 90 faizə qədəri əmlak sığortasına cəlb olunur.
Böyük Britaniya, Türkiyə, Belarus və Banqladeşdə isə əmlakın icbari sığortası tətbiq olunur.
Azərbaycanda bu sahənin tənzimlənməsi üçün 2011-ci ildən “İcbari sığortalar haqqında” qanun qəbul olunub. Qanunun adından da göründüyü kimi, sığorta məcburidir. Bununla belə, insanlar daşınmaz əmlaklarını sığortalamaq istəmirlər. Onlar çıxılmaz vəziyyətə düşdükdə köməyi dövlətdən umurlar.
Düzdür, fövqəladə hallar, yanğınlar zamanı Azərbaycan dövləti hər zaman vətəndaşının yanında olub. Prezident İlham Əliyev ötən ilin ölkədə baş verən bir neçə yanğınlarla bağlı çıxışında məsələyə toxunub və əhalinin sığorta mədəniyyətinin formalaşmasına dair çıxışlar edib.

Bu məqamda Prezidentin çıxışından müəyyən məqamları xatırlayaq.
Dövlət başçısı ötən ilin martında Nizami rayonunda baş verən yanğından sonra keçirilən müşavirədə adətən inkişaf etmiş ölkələrdə yanğın hadisələri baş verdikdə bütün maliyyə yükünü sığorta şirkətlərinin öz üzərinə götürdüyünü, bütün malların sığortalandığını bildirmişdi. Prezident təəssüf hissiylə Azərbaycanda sığorta sahəsində boşluqların olduğunu dilə gətirmişdi:
"Şamaxı, İsmayıllı, Ağsu rayonlarında baş vermiş zəlzələ nəticəsində minlərlə evə ziyan dəyib və heç bir ev sığortalanmayıb. Təbii ki, dövlət öz dəstəyini göstərir və göstərməlidir. Bütövlükdə, sahibkarlara məsləhət görülür ki, onlar öz əmlakını sığortalatsınlar. Belə olan halda tam əmin ola bilərlər ki, bədbəxt hadisə baş verdikdə onların əmlakı batmayacaq”-deyə ölkə başçısı qeyd edib.
Prezident, həmçinin 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədəki çıxışında da Azərbaycanda mülkiyyətin sığortalanması prosesi ilə bağlı çox böyük maarifləndirmə işlərinin aparılmalı olduğunu diqqətə çatdıraraq məsələ ilə bağlı müxtəlif tədbirlər keçirilməli olduğunu, atılacaq addımlar haqqında vətəndaşlara ətraflı məlumat verilməli olunduğunu bəyan edib.
Ölkə rəhbərinin pambıqçılıq mövsümünün yekunları və 2020-ci ildə görüləcək tədbirlər ilə bağlı keçirilən müşavirədəki çıxışı isə növbəti dəfə sahibkarlara sərt şəkildə xəbərdarlıq etməsiylə yadda qalıb.

"Ticarət obyektlərinin hər biri sığortalanmalıdır ki, bədbəxt hadisə, yanğın baş verəndə gedib sığorta şirkətinə müraciət etsinlər. Yoxsa ki, yanğın baş verir, günahkar da özüdür, sonra da gəlib deyirlər ki, dövlət bunun pulunu versin. Hansı ölkədə belə şey var? Digər ölkələrdə dövlət özəl sahibkarlara bədbəxt hadisə zamanı təzminat ödəmir. Hansı ölkədə dövlət özəl sahibkara hansısa bədbəxt hadisəyə görə təzminat ödəyir? Heç bir yerdə belə şey yoxdur. Hərə gedir öz əmlakını, öz mülkünü sığortalayır, bədbəxt hadisə baş verəndə sığorta şirkəti gəlib onun pulunu verir, vəssalam. Bizdə də belə olmalıdır. Mən bunu özəl şirkətlərə, ticarət obyektlərinə aid edirəm və xəbərdarlıq edirəm ki, əgər haradasa daşqın, yanğın nəticəsində nəsə yanır, batırsa, dövlətdən dəstək almağa ümid etmək lazım deyil. Düzdür, biz bəzi hallarda ən kasıb, ən yoxsul təbəqəyə kömək göstəririk. Amma altında böyük maşınlar, mülklər, villalar olan sahibkara dövlət nə üçün kömək etməlidir? Axı, bu, ədalətsizdir. Dövlət kimə kömək etməlidir, ehtiyacı olana. Pulu olan adam özü kasıba kömək etməlidir”-deyə Prezident bildirib.
Prezidentin də xəbərdarlığından göründüyü kimi, artıq sığorta ilə bağlı məsələnin öz həllini tapmasına, 9 ildir qəbul edilmiş qanunun yerinə yetirilməsinə ciddi ehtiyac yaranıb.
Nəhayət ki, bizim ölkəmizdə də insanların əmlaklarını sığortalamaq mədəniyyəti formalaşmalıdır. Vətəndaş evini sığortalasa, içində rahat yaşaya bilər və sabah baş verə biləcək hansısa fövqəl hadisədə rahatıqla sığorta şirkətindən kompensasiyanı ala bilər.
Belə olan halda, köməksiz vəziyyətdə qalmaz.
Düzdür, ölkədə sığorta şirkətləri ilə bağlı hər şeyin qaydasında olduğunu söyləmək də bir qədər çətindir. Bir sıra hallarda bu şirkətlərin əməkdaşları müştəriylə peşəkar ünsiyyət qura bilmirlər. Yaxud hər hansı böyük obyektlər yandıqda həmin obyektin təhlükəsizlik qaydalarına cavab vermədiyini vurğulayaraq məsələdən yayınırlar.
Məsələnin digər tərəfi isə bu sahədə hələ də öz həllini tapmayan daşınmaz əmlakın elektronlaşdırılması məsələsidir ki, bu mexanizm hələ də reallaşa bilməyib.
İcbari Sığorta Bürosu tərəfindən elan edilmiş “Daşınmaz əmlakın icbari sığortası və daşınmaz əmlakı istismarı ilə bağlı mülki məsuliyyətin icbarı sığortası haqqında nə bilirik” mövzusundakı müsabiqə maarifləndirmə xarakteri daşıdığından ölkədə sığorta mədəniyyətinin formalaşmasına kömək edə bilər. Oxuculara qısa şəkildə bir daha anlayışların mahiyyətini açmaqda fayda var.

İlk növbədə, daşınmaz əmlaka dövlət tərəfindən qeydiyyata alınmış torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri və torpaqla möhkəm bağlı olub təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan bütün əşyalar, ocümlədən binalar, qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr daxildir.
Daşınmaz əmlakın icbari sığortası isə, əmlakın yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərin əvəzinin ödənilməsi mexanizmidir.
Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası isə müvafiq əmlakın istismarı, o cümlədən həmin əmlakın ərazisində inşaat, təmir, yenidənqurma və ya digər işlərin həyata keçirilməsi zamanı üçüncü şəxslərin sağlamlığına və əmlakına dəyən zərərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir.
Daşınmaz əmlakın icbari sığortalanması zamanı yalnız şəxsiyyət vəsiqəsi və Əmlakın Dövlət reyestrindən çıxarışı tələb olunur. Vətəndaş ilk olaraq sığorta şirkətini seçir. Daşınmaz əmlakın faktiki sahibi icbari sığorta müqaviləsi bağlamaq üçün daşınmaz əmlakın icbari sığorta növünün aparılmasına icazəsi olan hər hansı sığortaçını seçməkdə sərbəstdir. Digər tələblər də qanunvericilikdə öz əksini tapıb. Vətəndaş hadisə baş verdikdə sığorta şirkətinə və aidiyyəti üzrə müvafiq dövlət orqanlarına dərhal məlumat verməlidir. Daşınmaz əmlakın sonrakı itkilərinin qarşısının alınması üçün bütün zəruri tədbirlər görülməlidir. Sığortaçı ödəmə qabiliyyətinin olmamasına görə şəhadətnamə üzrə əmlaka dəyən zərərlə bağlı öhdəliklərini yerinə yetirə bilmədikdə, zərərin əvəzi sığorta olunanın müraciəti əsasında İcbari Sığorta Bürosu tərəfindən kompensasiya ödənişi verilməklə ödənilir.
Xatırladaq ki, ötən ilin fevralında Şamaxıda baş verən zəlzələ və ardınca “Diqlas” ticarət mərkəzinin yanaraq külə dönməsi, “Eurohome” bazarında, Sədərək ticarət mərkəzində ard-arda baş verən yanğınlar hər dəfə bu sahədə olan problemləri üzə çıxarıb.
Prezident İlham Əliyev ötən il “Diqlas” ticarət mərkəzində baş verən yanğından sonra sığorta sahəsində olan problemlərin aradan qaldırılmasıyla bağlı tapşırıq verib. 2019- cu ilin may ayında 2019-2021-ci illər sığortanın inkişafı üçün plan hazırlanıb. Planın tərkib hissələrindən biri fiziki şəxslərin daşınmaz əmlaklarının sığorta edilməsinə nəzarətin gücləndirilməsi idi. Qərara alındı ki, 2020-ci ildən etibarən daşınmaz əmlakını sığorta etdirməyən fiziki şəxslər İnzibati Xətalar Məcəlləsinə əsasən, 30 manat cərimələnsinlər.
Bu ilin əvvəlində cərimə məsələsi gündəmə gəldikdə isə, bu ictimaiyyət tərəfindən narazılıqla qarşılandı. Ona görə də, proses başlamadan dayandırılmalı oldu.
Paytaxt əhalisi və bir neçə rayon əhli ilə bu istiqamətdə aparılan sorğuda maraqlı məqamlar da ortaya çıxıb. Daha çox rayonlarda yaşayan insanlar daşınmaz əmlakın icbari sığortasından kifayət qədər məlumatlı olmadıqlarını bildirirlər. Eyni zamanda, kənd yerlərində yaşayanlar evlərinin çıxarışlarının olmamasından gileylənirlər. Onlar hər hansı fövqəladə hadisə baş verəcəyi halda köməyi dövlətdən istəyəcəklərini bəyan edirlər.
Paytaxt əhlinin bir qismi isə məsələdən xəbərdardır. Əsasən də bu ilin əvvəlində sığorta ilə bağlı cərimə məsələsi gündəmə gəldikdə, bu məsələ onlar üçün aktuallaşmışdı. Ancaq bununla belə könüllü sığortaya cəlb olunmaq istəyənlərin sayı çoxluq təşkil etmir. Onlar məsələnin aidiyyatı qurumlar tərəfindən tənzimlənməsinin vacib olduğunu qeyd edirlər.
Məsələ ilə bağlı “Qafqazinfo” ya danışan Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, 2020- ci illərin əvvəllərindən etibarən, daşınmaz əmlakın icbari sığortası ən çox müzakirə edilən mövzulardandır:
.jpg)
“Daşınmaz əmlakın icbari sığortasının məcburiliyi ilə bağlı, eyni zamanda, vətəndaşlarımız tərəfindən bəzi hallarda cərimələrin yazılmasıyla bağlı müzakirələr getdi. Daşınmaz əmlakın icbari sığortası birbaşa əmlaka dəyən ziyanın ödənilməsi məqsədi daşıyır. 2019- cu ildə baş verən bəzi yanğın hadisələrində sahibkarlar onlara dəyən ziyanın sığorta şirkətləri tərəfindən ödənilməsinə nail ola bilmədilər. Çünki sığorta şirkətləri tərəfindən sığorta olunmamışdılar. Daşınmaz əmlakın sığortası sahibkara və vətəndaşlara onların əmlakına ziyan dəydiyi halda ödənilməsi baxımından vacibdir.
Baxmayaraq ki, qanun qəbul edilib, ancaq onun icra mexanizmi tam formalaşmayıb. İcbari sığortadan istifadə etməyən vətəndaşlarımız üçün müəyyən cərimələrin yazılması və onların mütəmadi olaraq cərimələnməsiylə bağlı əksər hallarda sığorta şirkətləri tərəfindən məlumatlar yayılırdı. Bəzi hallarda bu vətəndaşlarımızda müəyyən narazılıqlar yaradırdı. Əmlakın tam olaraq elektronlaşmaması, elektron bazanın formalaşmaması icbari sığortadan istifadə etməyənlərlə bağlı cərimələrin yazılmasını mümkünsüz edirdi. Baxmayaraq ki, sığorta icbaridir, məcburidir, amma həmin sığortadan istifadə etməyən əmlak sahibləriylə bağlı cərimənin yazılması mexanizmi yoxdur. Belə ki, prosesə nəzarət imkanları məhduddur. Buna görə də mövcud qurumun təsir mexanizmləri yoxdur.
Buna görə də, dünya praktikasını nəzərə alaraq, xüsusilə də vətəndaşlarımız üçün sığortanın əhəmiyyəti daha yaxşı izah edilməlidir. İnkişaf etmiş ölkələrin əksəriyyətində insanlar icbari yox, könüllü şəkildə öz əmlaklarını sığortalayırlar”.
Deputat, həmçinin icbari sığorta məbləğlərinin artırılmasını da təklif edib
Onun sözlərinə görə, Azərbaycanda icbari sığortanın tətbiq edildiyini nəzərə aldıqda, icbari sığorta məbləğlərinin baxılmasına və artırılmasına ehtiyac var:
“Nəzərə alsaq ki, sığorta hadisəsi baş verən zaman 15-25 min manat arası sığorta ödənişləri aparılır. Xüsusən də Bakı şəhərində bu cür hadisələr baş verən zaman dəymiş ziyan daha çox olur. Nəticə etibarilə sığorta ödənişi ilə məbləğin az olması dəymiş ziyanın tam olaraq ödənilməsinə imkan vermir. Bu baxımdan da daha məqsədəuyğun olardı ki, həmin məbləğin artırılması ilə bağlı qərar qəbul edilərdi. Vətəndaş icbari sığortadan istifadə edirsə, sığorta hadisəsi baş verdikdə daha çox sığorta məbləği almağa nail olmalıdır”.
Maarifləndirmə tədbirlərinin də önəminə toxunan V. Bayramov bildirib ki, bütün hallarda bu tədbirlərin həm Bakıda, həm də rayonlarda təşkil edilməsinə ehtiyac var: “Eyni zamanda regionlarda da ödəniş məbləğinin artırılmasına və baxılmasına ehtiyac var. Regionlar üçün müəyyənləşdirilmiş 15 min manat da bir sıra hallarda dəymiş ziyanın ödənilməsinə imkan vermir. Ödəniləcək məbləğ yüksək olarsa, bu nəticə etibarilə regionlarda da icbari sığortaya marağı artıra bilər. Bu baxımdan maarifləndirmə çox vacibdir. Çünki sığortaya maraq son günlər artıb.
Həmçinin icbari sığortaya marağın təkmilləşdirilməsinə ehtiyac var. Bunun üçün də bütövlükdə əmlakın elektronlaşdırılması ilə bağlı baza formalaşdırılıb başa çatmalıdır. Qanun qüvvədədir, bəzi vətəndaşlarımız icbari sığortadan istifadə edir, bəziləri etmirlər. Onu da qeyd etmək yerinə düşər ki, icbari sığorta ilə bağlı məbləğlər illik məbləğlərdir. Yəni ildə bir dəfə ödənilir”.
Bu arada bildirək ki, Bakıda daşınmaz əmlakın icbari sığortası 25000 min manat, Gəncə, Sumqayıt, Naxçıvanda 20 min manat, digər yaşayış məntəqələrində isə 15000 manatdır. Daha böyük sığorta məbləği almaq istəyənlər könüllü olaraq sığorta ödənişinin məbləğinin artırılmasına nail ola bilər. Dövlət az təminatlı ailələri xüsusi nəzərə alıb. Belə ki, ünvanlı dövlət sosial yardımı almaq hüququna malik olan aztəminatlı ailələrə məxsus yaşayış evlərinin və mənzillərin icbari sığortası üzrə sığorta haqlarının dövlət büdcəsinin vəsaitləri hesabına ödənilməsi nəzərdə tutulub.
Sığorta mütəxəssisi Tural Şükürov “Qafqazinfo” ya açıqlamasında praktikada baş verən vəziyyəti də şərh edib.

Onun sözlərinə görə, daşınmaz əmlakın icbari sığortasıyla bağlı sahə iki yerə bölünür: “Birinci, fiziki şəxslərin mülkiyyətində olan daşınmaz əmlak, digəri isə sahibkarlıq fəaliyyəti olan məşğul olan şəxslərin daşınmaz əmlakının sığortalanmasıdır. Sahibkarlıq fəaliyyətinin icbari qaydada sığorta olunmasına nəzarəti Fövqəladə Hallar Nazirliyi həyata keçirir. Nazirlik bu sahədə sığorta işini təbliğ etməlidir. Sahibkarlar bunu etmədikdə isə inzibati məsuliyyətə cəlb etməlidir.
Təbliğat işi zəif olarsa, hadisə baş verəndə vətəndaşlar çıxılmaz vəziyyətdə qalırlar. Belə olan halda sahibkara tam sığorta ödənişləri verilmir. Azərbaycanda 50 mindən yuxarı olan sığorta hadisələrinin hamısı demək olar ki, məhkəmə müstəvisində həll olunur. Bu da illərlə çəkən prosesdir.
Mülkiyyətində fərdi yaşayış evləri olan vətəndaşların daşınmaz əmlakının sığortalanması mexanizmi isə ümumiyyətlə işləmir. Bu barədə qanun, müqavilə forması var. İcbari şəkildə sığortalamaq mümkündür. Vətəndaşları icbari qaydada icra hakimiyyətləri sığortaya məcbur etməli olduğu halda, bunu həyata keçirə bilmir. Elə bu məqamda da vurğulamaq yerinə düşər ki, icra hakimiyyətlərinin inzibati binaları da sığortalı deyil. Halbuki qanunda göstərilib ki, dövlətin əmlakı da icbari qaydada sığortalanmalıdır. Yerli icra hakimiyyətlərinin əməkdaşları da vətəndaşların daşınmaz əmlakının hansı qaydada sığortalana biləcəyindən məlumatlı deyillər. Bu yalnız pərakəndə şəkildə, yəni, hansı vətəndaş könüllü istəyirsə, əmlakını sığortalayır. Yenə də kütləvi, irimiqyaslı hadisələr, təbii fəlakətlər və ya yanğınlar baş verəndə vətəndaşlar dövlətlə üz-üzə qalır. Bu zaman dövlət onlara maliyyə kompensasiyası ayırmalı olur. Sonuncu belə hadisəni xatırlayaq. Lerik rayonunda ev uçqunu baş verdi. Uçqun zamanı ailə başçısı öldü və 3 nəfər də yaralandı. Dövlət özü müəyyən kompensasiyanı ayırmaq üzrədir. Halbuki o ev sığortalanmalı və dəymiş zərər də ödənilməli idi.
Dünyada sığorta məsələsi könüllüdür. Vətəndaşları kimsə məcbur etmədən də onlar öz əmlakını könüllü qaydada sığortalayırlar. Onların sığorta təfəkkürü yaxşı formalaşıb.
Bizdə əmlakın elektronlaşdırılması prosesinə başlanmayıb. Bu proses başlasa, Dövlət Əmlak Komitəsindən evlərlə bağlı məlumat İcbari Sığorta Bürosuna, oradan da yerli icra hakimiyyətlərinin sisteminə inteqrasiya edilər. Gərək bu üç baza olsun ki, sığorta da reallaşsın”.
Sığorta mütəxəssisi təkcə maarifləndirməklə yolu ilə işin bitmədiyini, eyni zamanda, mexanizmin mövcud olmasının labüdlüyünü də dilə gətirib: “Ödənişlər düzgün verilməli, inhisarçılıq aradan qaldırılmalıdır. Bundan əlavə, sığorta şirkətlərinin əməkdaşlarının da səviyyəsi artırılmalıdır. Bütün günü KİV-lərdə reklam etməklə məsələni həll etmək mümkün olmayacaq. İnsanların sığorta hadisəsi baş verir, ancaq pulunu sığorta şirkətlərindən ala bilmir. Belə olanda sığorta şirkətlərinə olan inam aradan qalxır. Sığorta şirkətlərinin əməkdaşlarının biliyinin artırılması istiqamətində tədbirlər planı həyata keçirmək lazımdır. Ödənişi vaxtı vaxtında vermək, eyni zamanda keyfiyyətli xidmət göstərmək lazımdır. Vətəndaşda maraq oyatmaq üçün sığorta ödənişkəri keyfiyyətli verilməlidir. Tək ödənişlə kifayətlənməməlidir. Sığorta şirkətləri hadisə yerinə nümayəndəni göndərməlidirlər. Baş vermiş hadisəyə laqeyd yanaşmamalıdırlar. Sığorta şirkətlərinin işini bilən peşəkar əməkdaşları olmalıdır. Elə sığorta şirkətləri var ki, onların “Qaynar Xətti”nə aylarla düşə bilmirsən. Bu sahədə də Asan Xidmət mexanizminə ehtiyac var. Onlarla əlaqə qurmaq necə rahatdırsa, sığorta şirkətləriylə də belə olmalıdır".
T. Şükürov qeyd edib ki, daşınmaz əmlakın istismarı ilə mülki məsuliyyətin sığortası vətəndaşdan çox sahibkara lazımdır: “Sahibkar obyekti istifadə edir. Məsələn, bir sahibkarın çörək evi var. Bu kimi obyektlər yüksək təhlükə mənbəyidir. Çünki istənilən vaxt yanğın hadisəsi baş verə bilər. Mən praktikada görmüşəm ki çörək evi yanıb və onun yanında dayanan maşınlar da yanıb. Bu zaman sığorta şirkətləri istismarla bağlı məsuliyyəti də sığortalamış olur və bu zaman kompensasiya da verilir. Bu sahə ilə bağlı maarifləndirici reklam çarxları olsa, yaxşı olar”.
Günel Türksoy