“Dedi ki, başına oyun açacağam” - “Bolt” sürücüsü qadına zorakılıq edib? - Yenilənib

dedi-ki-basina-oyun-acacagam
Oxunma sayı: 5876

Vətəndaş Bakı-Sumqayıt (“Riyad” TM ərazisində - red.) yolunda “Bolt” şirkətinə məxsus taksi sürücüsü tərəfindən hədə-qorxu və zorakılığa məruz qaldığını iddia edir.

“Qafqazinfo” xəbər verir ki, Elvira Vəliyeva bu barədə “TikTok” hesabında video yayımlayıb.

O bildirib ki, hadisə dünən saat 23:50 radələrində heyvan sığınacağından qayıdarkən baş verib.

Qadının sözlərinə görə, taksi tapa bilmədiyi üçün çatdırılma xidmətindən istifadə edib, amma sürücüyə özü gedəcəyi haqda öncədən məlumat verib.

Şikayətçi iddia edir ki, sürücü buna etiraz etməyib, lakin xahiş edib ki, xanım sifarişi ləğv etsin, sonra onu ünvana aparsın.

Mənzil başına çatmağa 3-4 dəqiqə qalmış gedişhaqqı ilə bağlı mübahisə yaranıb. Belə ki, tətbiqdə 4 manat göstərilən xidmət üçün sürücü 7 manat tələb edib.

E. Vəliyeva deyir ki, əlavə ödənişdən imtina etdikdə sürücü avtomobilin qapılarını kilidləyərək onu hədələyib: “Artıq ödənişi etməyəcəyimi deyəndə qapıları kilidlədi. Dedi ki, “bilirəm sənin başına nə oyun açacağam”. Qorxudan pəncərədən çıxmaq istəyəndə sürəti artırıb ani tormozlama etdi. Yerə yıxıldım, başımdan və bədənimdən xəsarətlər aldım. Bir insanın canına qəsd etmək bu qədərmi asandır?”

Vətəndaş əlavə edib ki, hadisə zamanı içərisində iki ədəd orijinal adapter, qulaqlıq, poverbank və qızıl-zinət əşyaları olan çantası da taksidə qalıb.

Qeyd edib ki, 567 qeydiyyat nişanlı, BYD markalı taksi sürücüsünün əməli ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verib.

***

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, artıq məsələ ilə bağlı ərazi polis orqanında araşdırmalara başlanılıb.

***

Məsələ ilə bağlı “Bolt” şirkətindən sorğumuza belə cavab aldıq: “Elvira Vəliyevanın 20 oktyabr 2026-cı il tarixli paylaşımı ilə bağlı sistemimizdə yoxlama apardıq. Hazırda paylaşımda təsvir edilən hadisəyə uyğun səfər və ya “Bolt Send” sifarişi və ya qeyd olunan avtomobil nömrəsi istifadəçinin hesabı üzrə qeydə alınmayıb. Bu məsələ ilə bağlı Müştəri Dəstəyinə də müraciət daxil olmayıb.

Anlaşılmazlıqların qarşısını almaq və hər bir halı konkret sifariş əsasında araşdırmaq üçün sərnişinlərdən hər hansı problemlə qarşılaşdıqda tətbiqdə müvafiq sifarişi seçərək Müştəri Dəstəyinə müraciət etmələri xahiş olunur. Bu, vəziyyəti operativ araşdırmağa və zərurət olduqda müvafiq tədbirlər görməyə imkan verir.

“Bolt Send” bağlamaların çatdırılması üçün nəzərdə tutulmuş xidmətdir və sərnişindaşıma və ya taksi xidməti deyil. Müştərilərdən sürücülərdən sərnişin daşımağı xahiş etməmələri və ya bunu gözləməmələri xahiş olunur. Sürücü sifarişin ləğv edilməsini istəyərsə, müştəriyə sifarişi özü ləğv etmək əvəzinə “Bolt” tətbiqi vasitəsilə Müştəri Dəstəyinə müraciət etməsi tövsiyə olunur.

Sürücü sifarişi qəbul etdikdən sonra səfəri yerinə yetirməlidir. Səfəri yerinə yetirə bilmədiyi halda, sifarişi özü tətbiqdə uyğun səbəbi seçərək ləğv etməli və zərurət olduqda Dəstək xidmətinə müraciət etməlidir. Sərnişindən sifarişi ləğv etməsini istəmək düzgün yanaşma deyil. 

İddialar araşdırılır və təsdiqləndiyi halda, pozuntunun xarakteri və ağırlığı nəzərə alınaraq sürücüyə qarşı müvafiq tədbirlər görülür. Bunlara xəbərdarlıq və ya sürücünün platformaya girişinin müvəqqəti məhdudlaşdırılması, ciddi və ya təkrarlanan hallarda isə platformaya girişinin dayandırılması daxil ola bilər. 

Sərnişin itirilmiş əşya barədə “Bolt” tətbiqində səfəri seçərək Dəstək xidmətinə müraciət edə bilər. Tətbiq vasitəsilə sürücü ilə əlaqə saxlamağa və əşyanın qaytarılmasını təşkil etməyə kömək edilir. Əşyanın qaytarılması sürücü ilə sərnişin arasında razılaşdırılır; “Bolt” itirilmiş əşyaları saxlamır və onların qaytarılmasına zəmanət verə bilmir. Sürücü ilə tətbiq üzərindən əlaqə saxlamaq üçün 24 saat ərzində müraciət etmək mümkündür”.

Fatimə Şahverdiyeva