Elm və Təhsil Nazirliyinin rəsmi mətbuat orqanı olan “Azərbaycan müəllimi” qəzeti ötən gün Yasamaldakı 225 saylı orta məktəbdə jurnalistlərin hücuma məruz qalması ilə bağlı məsələyə münasibət bildirib.
“Qafqazinfo” xəbər verir ki, yazı sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Belə ki, sözügedən məqalədə media nümayəndələri də tənqid edilib.
Qeyd edilib ki, məktəbdə azyaşlı şagirdin həyatını itirdiyi faciəvi hadisədən dərhal sonra əsas prioritet uşaqların, ailənin və məktəb kollektivinin yaşadığı ağır sarsıntıya hörmətlə yanaşmaq olmalıdır: “Hadisə şahidlərinin bildirdiyinə görə, televiziya operatorundan dəfələrlə azyaşlı şagirdlərdən müsahibə almamaq, onların psixoloji vəziyyətini nəzərə almaq xahiş edilib. Lakin bu müraciətlərə məhəl qoyulmadığı, çəkilişlərin davam etdirildiyi, hətta həyatını itirən şagirdin yaxınlarının razılığı olmadan görüntülərinin lentə alındığı bildirilir. Şahidlərin sözlərinə görə, məhz bu davranışlar hadisə yerində ciddi narazılıq və gərginlik yaradıb.
Bəs azyaşlılara hansı suallar veriləcəkdi? “Hadisə necə baş verdi?”, “Onun hansı problemləri var idi?”, “Hadisəni kim gördü?” Bu uşaqların bəziləri bəlkə də həyatlarında ilk dəfə belə ağır bir faciə ilə üzləşib, meyit görüblər. Onların yaşadığı psixoloji sarsıntını nəzərə almadan müsahibə almağa çalışmaq hansı peşəkar jurnalistika prinsiplərinə uyğundur?”
Həmçinin vurğulanıb ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin məsələ ilə bağlı açıqlamasında da bu məqama xüsusi diqqət yetirilib: “İdarə bir daha xatırladıb ki, belə həssas hadisələrlə bağlı məlumatların yayılması zamanı dəqiqlik və məsuliyyət prinsiplərinə riayət olunmalı, uşaqların qanunvericiliklə nəzərdə tutulmuş anonimliyi, psixoloji təhlükəsizliyi və mənafeləri qorunmalıdır. Açıqlamada, həmçinin, şagirdlərlə müsahibələrin aparılmasına və onların emosional vəziyyətinə mənfi təsir göstərə biləcək digər davranışlara yol verilməməsinin vacibliyi vurğulanıb.
Əlbəttə, bütün bunlar operatora qarşı fiziki zorakılığı haqlı etmir. Ancaq hadisəni yalnız jurnalistin döyülməsi üzərindən təqdim etmək, qarşıdurmaya gətirib çıxardığı bildirilən halları görməzdən gəlmək də düzgün deyil. Jurnalistin hüquqları olduğu kimi, faciə yaşamış uşaqların və ailələrin də hüquqları var. Mətbuat azadlığı heç kimə azyaşlıların psixoloji təhlükəsizliyini, insanların şəxsi həyatını və faciə qarşısındakı həssaslığını nəzərə almamaq haqqı vermir. Peşəkar jurnalistika təkcə nəyi çəkməyi deyil, nəyi çəkməməyi, kimə sual verməyi deyil, hansı məqamda susmağı da bilməyi tələb edir.
Bu hadisədə zorakılığa hüquqi qiymət verilməli, eyni zamanda media nümayəndələrinin davranışları da peşə etikası baxımından obyektiv araşdırılmalıdır. Çünki jurnalistikanın əsas prinsipi yalnız informasiya əldə etmək deyil, həm də insana hörmət etməkdir”.
Qeyd edək ki, ötən gün adıçəkilən məktəbdə 7-ci sinif şagirdi intihar edib. Telekanalın əməkdaşları hadisə ilə əlaqədar çəkiliş aparmaq üçün məktəbə gediblər. Lakin orta məktəbin mühafizəçisinin təkidi ilə bir qrup şəxs həyətdə çəkiliş qrupuna hücum edib. Hadisə nəticəsində televiziyanın operatoru müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Polis tərəfindən saxlanılanlar var. Araşdırma aparılır. “Space TV”dən bildirilib ki, hadisə zamanı onların da çəkiliş qrupu hücuma məruz qalıb.
Son xəbərlər
Son Xəbərlər