Deportasiya zamanı ermənilər tərəfindən döyülən şəxslər də müəyyən olunub

deportasiya-zamani-ermeniler-terefinden-doyulen-sexsler-de-mueyyen-olunub
Oxunma sayı: 3480

“İşin böyüklüyü nəzərə alınmaqla 76 rayon prokurorluğuna ayrı-ayrı istintaq hərəkətlərinin icra edilməsi məqsədilə müvafiq tapşırıqlar göndərilib və hazırda bu tapşırıqları icra edilməkdədir”. 

“Qafqazinfo” xəbər verir ki, bu fikirləri Baş Prokurorun müavini Elmar Camalov “Qərbi Azərbaycana qayıdış: Hüquqi aspektlər” mövzusunda ictimai dinləmədə çıxışı zamanı bildirib. 

E.Camalovun sözlərinə görə, müxtəlif rayonlarda məskunlaşmaqla yaşayan Qərbi Azərbaycandan didərgin düşmüş şəxslərin müəyyən edilərək dindirilmələri ilə bağlı zəruri istintaq hərəkətləri davam etdirilir: “Eyni zamanda, arxiv sənədlərinin aşkar edilərək götürülməsi və digər üsullarla bağlı Türkiyə Respublikasına hüquqi yardım göstərilməsi ilə bağlı müvafiq vəsatət göndərilib. İstintaq zamanı 1987-1991-ci il tarixlərində baş vermiş kütləvi deportasiya və soyqırımı zamanı ermənilər tərəfindən Qərbi Azərbaycan ərazisində qətlə yetirilən 216 şəxsdən 30 nəfər şəxsin yaxın qohumları, habelə hadisənin şahidləri müəyyən edilərək dindirilib. Zərərçəkmiş şəxslərin hüquqi varisi qismində tanınıb.

Həmçinin 15 nəfər şəxsin Qərbi Azərbaycan ərazisində ermənilər tərəfindən deportasiyaya məruz qalarkən, erməni əsilli şəxslər tərəfindən müxtəlif predmetlərlə döyülərək xəsarət almaları müəyyən edilib. Həmin şəxslər və onların qohumları müəyyən olunaraq zərərçəkmiş şəxs və ya zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilib”. 

E.Camalov bildirib ki, bu dövr ərzində Bakı şəhəri və ölkənin digər regionları üzrə deportasiya və soyqırımı qurbanlarından 2500 nəfər müəyyən edilərək dindirilib,  arxiv sənədlərinə baxış keçirilərək çap edilməklə cinayət işinə əlavə olunub.

Zaur Mirzə