“Qafqazinfo” kulis.az-a istinadən Dilsuzun yeni şeirlərini “Kitab evi”nin oxucularına təqdim edir:
NƏ BİLƏSƏN...
Dişləyəndə ağrıyırmı alma?
Çiçək də məst olurmu
insan ətrindən?
Su buz olmaq istəyir, yoxsa buxar?
Dəniz də islanırmı
yağışlı havalarda?
Londonda,
Santyaqoda,
Seulda
birdirmi ana bətninin ekologiyası?
Niyə günəş dəyirmi,
pəncərələrimiz dördküncdür?
Ağac, yamyaşıl ağac
ağzı ovxarlı baltadan çox qorxur,
yoxsa quraqlıqdan?
Heyvanların da
ərəbi, yəhudisi, hindlisi varmı?
Cənnət yaxındadı, ya cəhənnəm?
O dünyada da
ermənilərlə qonşu olacağıq?
Şuşadan da uzaq yer varmı kainatda?
Nə biləsən...
DUA
Dənizin ortasında
parça-parça olmuş bir qayığam -
Duz yandırır yaralarımı...
Saman çöpünə çatmır əlim,
Uzaqlarda,
lap uzaqlarda
qəfil ümid kimi
peyda olmuş bir gəmi
birdən-birə dəyişir səmtini –
Üz tutur qüruba doğru...
Budur, axıb qurtardı günəşin qanı.
Göydənmi endi,
dalğaların arasındanmı çıxdı
kaftar gecə?
Vurnuxur ətrafımda
qismətini axtaran bir köpəkbalığı
Və heç nə gəlmir ağlıma
şəhadət kəlməsindən-
duadan savayı...
YA MƏNƏ BELƏ GƏLDİ?
İndicə burada –
Gülhanə parkında,
şabalıd ağaclarının altında idilər:
Nazim Hikmət,
Abidin Dino,
bir də İbrahim Balaban...
Ya mənə belə gəldi?
Gül səbətlərinin,
uşaq arabalarının
və göy qübbəsindən sallanan
yelləncək iplərinin arasında
heyrətlə baxırdılar İstanbula...
İstanbul da İstanbuldu ha! -
köksündə – ürək yerinə mavi dəniz,
boynunda – şərf yerinə
allı-güllü yaz mövsümü...
Ya mənə belə gəldi?
İndicə burada –
Gülhanə parkında,
şabalıd ağaclarının altında idilər:
birinin əlində
infarktdan dəlik-deşik olmuş ürək,
birinin əlində
qaranlığı dəlmək üçün
günəşdən düzəltdiyi külüng,
birinin də əlində
boyası qurumuş fırça...
Torpaq çanaqlarda
günəşin şəfəqlərini içə-içə
türkü oxuyurdular:
“Sən yanmasan,
mən yanmasam,
biz yanmasaq –
Necə çıxar qaranlıqlar aydınlığa...”
Ya mənə belə gəldi?
İndicə burada –
Gülhanə parkında,
şabalıd ağaclarının altında idilər...
Yox oldular...
Deyəsən, ömrün o üzünə keçdilər...
Ya mənə belə gəldi?..
Son xəbərlər
Son Xəbərlər