“Dost Azərbaycan xalqına növbəti humanitar yardıma görə təşəkkür edirik”

dost-azerbaycan-xalqina-novbeti-humanitar-yardima-gore-tesekkur-edirik
Oxunma sayı: 2106

“Biz dost Azərbaycan xalqına növbəti humanitar yardıma görə bir daha təşəkkür edirik. Bugünkü yardım Ukraynaya çatdırılandan sonra fəlakət bölgəsinə yola salınacaq”.

“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, bunu Ukraynanın ölkəmizdəki səfiri Vladislav Kanevski jurnalistlərə açıqlamasında deyib.

O bundan əlavə onu da qeyd edib ki, hazırkı yardımla yanaşı, həmçinin 20 ton yanacaq göndərilib:

“Bu da xilasetmə əməliyyatlarında istifadə olunan texnika və gəmilər üçün nəzərdə tutulub. Deyə bilərik ki, bizim strateji tərəfdaşlığımız daha da yüksək səviyyəyə qalxıb. Bu əsl və səmimi dostluqdur”.

Səfir Kaxovka SES-in partladılması barədə də danışıb:

“Əslində vəziyyət çox pisdir, çünki bütöv yaşayış məntəqələri su altında qalıb. Söhbət yüzlərlə qəsəbə və kəndlərdən gedir və təxminən 60 min kv.km ərazini əhatə edir. Baş verən qəza nəticəsində yarım milyon kv.km ərazi quraqlığa məruz qala bilər. Qeyd etmək istəyirəm ki, artıq uzun müddətdir ki, Rusiya Ukrayna ərazisində hərbi aqressiya nümayiş etdirir, müharibə cinayətləri həyata keçirir. Kaxovka SES-də baş verən faciədən sonra Ukraynanın nəzarətində olan ərazilərdə xilasetmə işləri davam etdirilir. Bu işlər bizim dostlarımızla birlikdə həyata keçirilir”, - o deyib.

Qeyd edək ki, humanitar yardım Ukrayna tərəfindən daxil olmuş müraciət nəzərə alaraq, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə göndərilib.