Dünən AŞPA-da qəbul edilən qətnamə əvvəlkilərdən nə ilə fərqlənir?

dunen-aspa-da-qebul-edilen-qetname-evvelkilerden-ne-ile-ferqlenir
Oxunma sayı: 1788

AŞPA-nın payız sessiyasında iştirak edən deputat Kamal Cəfərov ötən gün qurumda qəbul edilən “Ermənistanla Azərbaycan arasındakı Dağlıq Qarabağ münaqişəsinin humanitar nəticələri” adlı qətnamə ilə bağlı bəzi detalları açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, K. Cəfərovun sözlərinə görə,  AŞPA-nın bundan əvvəlki sənədləri ilə müqayisədə bu sənəddə ilk dəfə olaraq 1-ci Qarabağ müharibəsində Azərbaycan tərəfindən itkin düşmüş şəxslərin dəqiq sayı göstərilir: “AŞPA-da müəyyən qüvvələr 3 tərəfli bəyanata qısqanclıqla yanaşırdı, hansısa formada ATƏT Minsk qrupunu diriltməyə çalışırdılar. Lakin, qətnamədə 3 tərəfli bəyanat birbaşa istinad var, eyni zamanda bu bəyanatın münaqişənin humanitar nəticələri ilə yanaşı digər məsələri də ehtiva etdiyi göstərilir. Sənəddə 30 illik sülh danışıqlarının nəticəsiz olduğunu və müharibənin baş verdiyi qeyd edilir. Qətnamədə xüsusilə münaqişə zonasından kənar yerlərə (Gəncə və Bərdə) edilən hücumlar nəticəsində Azərbaycan tərəfindən 548 mülki şəxsin həlak olması qeyd edilir. Ermənistan tərəfindən basdırılmış minalar nəticəsində 158 Azərbaycanlının həlak olması, təqdim edilən mina xəritələrinin dəqiq olmaması və Ermənistandan bütün mina xəritələrinin dərhal verməsi, 1-ci Qarabağ müharibəsində 650 min Azərbaycanlının, 2-ci Qarabağ müharibəsində isə Azərbaycan tərəfindən 86 min şəxsin məcburi köçkün düşməsi qeyd edilir.

Eyni zamanda Ağdam və Fizuli şəhərlərinin Ermənistan tərəfindən tamamilə dağıdılması və məhv olunması göstərilir. Bundan əlavə, Azərbaycanda ağıllı şəhər layihələrin icrası müsbət qarşılanır. Buna baxmayaraq, Türkiyə nümayəndə heyəti ilə birgə formada qətnamənin əleyhinə səs verdik, çünki qətnamədə əsassız iddialar da var”.

Günel Türksoy