Dünya qəfil dəyişib...

dunya-qefil-deyisib
Oxunma sayı: 325

Yeni araşdırma 66 milyon il əvvəl Yerə çırpılan nəhəng asteroidin yaratdığı fəlakətin quru canlıları üçün əvvəlki təsəvvürlərdən daha sürətli və dağıdıcı olduğunu göstərir. Alimlərin hesablamalarına görə, quru ekosistemlərindəki canlıların böyük hissəsi asteroidin toqquşmasından sonra ilk iki saat ərzində məhv ola bilərdi.

“Qafqazinfo” xəbər verir ki, tədqiqat “Journal of Geophysical Research: Biogeosciences” elmi jurnalında dərc edilib.

Alimlər təxminən Everest dağı böyüklüyündə asteroidin indiki Meksikanın Yukatan yarımadasında yerləşən Çiksulub ərazisinə düşdüyünü və Yer kürəsindəki canlı növlərinin təxminən 75 faizinin məhvinə səbəb olduğunu qəbul edirlər.

Yeni araşdırmada geoloji məlumatlar kompüter simulyasiyaları ilə birləşdirilərək toqquşmanın ilk mərhələsində baş verənlər modelləşdirilib.

Hesablamalara görə, zərbə zamanı təxminən 1000 kubkilometr qaya və çöküntü dərhal buxarlanıb. Ümumilikdə isə təxminən 1,6 trilyon ton maddə atmosferə atılaraq minlərlə kilometr məsafəyə yayılıb.

Atmosferə qalxan materialın bir hissəsi soyuyaraq xırda hissəciklərə çevrilib və daha sonra Yerə meteor yağışı kimi qayıdıb. Atmosferdə sürtünmə nəticəsində yenidən qızan bu hissəciklər planetin səthinə böyük miqdarda istilik yayıb.

Lakin tədqiqatçılar əsas dağıdıcı təsirin atmosferi bürüyən incə toz təbəqəsi olduğunu hesab edirlər. Bu təbəqə istiliyin kosmosa yayılmasının qarşısını alaraq Yer səthində temperaturun kəskin yüksəlməsinə səbəb olub.

Araşdırmaya görə, toz buludunun yaratdığı izolyasiyaedici təsir nəticəsində temperatur onun olmadığı ssenari ilə müqayisədə təxminən 3,5 dəfə yüksək olub.

Alimlərin hesablamalarına əsasən, həmin dövrdə Yer səthinə çatan istilik radiasiyası insanlar üçün ölümcül hesab edilən dozadan təxminən 17 dəfə çox olub.

Bu həddə çatan temperaturun otları, şam iynələrini və şibyələri alovlandıra, hətta bəzi hallarda odunun birbaşa yanmasına səbəb ola biləcəyi bildirilir.

Nəticədə dünyanın müxtəlif bölgələrində genişmiqyaslı meşə yanğınlarının baş verdiyi və quru ekosistemlərinin böyük hissəsini məhv etdiyi ehtimal olunur.

Araşdırmaya görə, dəniz canlıları asteroidin yaratdığı ilkin istilik dalğasından quru canlıları qədər ağır təsirlənməyib. Lakin onların üzləşdiyi fəlakətin ikinci mərhələsi daha uzun sürüb.

Atmosferə yayılan nəhəng toz buludu illərlə, hətta onilliklər ərzində Günəş işığının Yer səthinə çatmasını məhdudlaşdırıb. Bunun nəticəsində uzunmüddətli qaranlıq və soyuma baş verərək “nüvə qışı”na bənzər şərait yaranıb.

Günəş işığından asılı olan fitoplanktonların kütləvi şəkildə məhv olması isə okeanlardakı qida zəncirinin əsasını dağıdıb. Buna görə də dəniz ekosistemlərində kütləvi məhv prosesinin qurudakından daha yavaş baş verdiyi düşünülür.

Tədqiqatçılar Çiksulub fəlakətinin iki mərhələli məhv ssenarisi yaratdığını irəli sürürlər: quru canlılarının böyük hissəsi ilk saatlarda həddindən artıq istilik və yanğınlar nəticəsində məhv olub, dəniz canlıları isə sonrakı illərdə qaranlıq, soyuma və qida zəncirinin dağılması ilə üzləşib.

Alimlər bu nəzəriyyənin ən güclü sübutlarından birinin asteroid zərbəsindən sonra bütün dünyada yaranmış genişmiqyaslı yanğınların izlərini göstərən qlobal kül yataqları ola biləcəyini bildirirlər.

Bu izlərin təsdiqlənməsi dinozavrların və digər quru canlılarının məhvinin əvvəllər düşünüldüyündən daha qəfil və dağıdıcı baş verdiyini göstərən mühüm dəlil ola bilər.