Dürdanə Əliyevanın şikayəti ilə bağlı - Qərar

durdane-eliyevanin-sikayeti-ile-bagli
Oxunma sayı: 2584

Bakı Slavyan Universitetinin korrupsiya cinayətlərində təqsirli bilinərək azadlıqdan məhrum edilmiş sabiq şöbə müdiri Dürdanə Əliyevanın şikayəti üzrə məhkəmə baxışı yekunlaşıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Bakı Apellyasiya Məhkəməsində keçirilən sonuncu iclasda qərar elan edilib.

Cavid Hüseynin sədrlik etdiyi hakim heyəti birinci instansiya məhkəməsinin qərarında hər hansı qanun pozuntusu olmadığı qənaətinə gəlib.

Qərara əsasən, həm D.Əliyeva, həm də Bakı Slavyan Universitetinin şikayəti rədd edilib.

Təqsirləndirilən şəxsin vəkili Rövşən Mərəndskiy qərardan narazı qaldıqlarını, tezliklə kassasiya şikayəti verəcəklərini bildirib. 

Qeyd edək ki, D.Əliyeva Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb edilib. İttihama görə, o, BSU-nun Əlavə və qiyabi təhsil şöbəsinin müdiri olduğu 2018-2021-ci illərdə mənimsəmə və rüşvət alma yolu ilə 226 min manat ələ keçirib.

D.Əliyeva özünü təqsirli bilməyib. Məhkəmədə tələbələrdən alınan pulları sabiq rektor Nurlana Əliyevaya verdiyini deyib. Sabiq rektor isə şahid qismində verdiyi ifadəsində təqsirləndirilən şəxsin dediklərini təkzib edib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Əliyeva 6 il azadlıqdan məhrum edilərək məhkəmə zalında həbs edilib. 

Sail Ağasəlim