Dekabrın 23-də Dövlət Gömrük Komitəsinin “e.customs.gov.az” portalı və "Smart Customs" mobil tətbiqinin yeni versiyalarının təqdimatı keçirilib.
“Qafqazinfo” xəbər verir ki, media nümayəndələri üçün keçirilən tədbirdə DGK-nin Texnoloji İnnovasiyalar və Statistika Baş İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Təmkin Xəlilov, Rəqəmsal Gömrük İnzibatçılığı İdarəsinin rəisi Rauf Quliyev və komitənin aidiyyəti strukturlarının nümayəndələri iştirak ediblər.
T.Xəlilov çıxış edərək bildirib ki, gömrük orqanları tərəfindən sahibkarlıq mühitinin daha da yaxşılaşdırılması, xarici iqtisadi ticarət fəaliyyəti zamanı şəffaflığın təmin edilməsi, gömrük işinin təkmilləşdirilməsi məqsədilə gömrük infrastrukturunun və əsasən də komitənin mövcud informasiya sistemlərinin inkişaf etdirilməsi sahəsində mütəmadi olaraq işlər görülür.
Qeyd olunub ki, komitə tərəfindən vətəndaşlara göstərilən xidmət səviyyəsinin daha da yüksəldilməsi məqsədilə bu ildən elektron gömrük xidmətlərinin vahid sistemdə cəmləşdiyi “e.customs.gov.az” portalı istifadəyə verilib. Yeniliklərdən biri də odur ki, portalda qeydiyyatdan keçmiş istifadəçilər üçün “Bildiriş” və “Elanlar” funksiyaları əlavə olunub. Portalda bəzi xidmətlərin IP həlləri təqdim olunur. Artıq 8 bank və 100-dən çox poçt və kuryer şirkətləri bu həllərdən istifadə edir.
Eyni zamanda, “e.customs.gov.az” portalında daha çox istifadə edilən elektron xidmətlərin mobil versiyaları "Smart Customs" mobil tətbiqi üzərindən təqdim olunur. Hal-hazırda istifadəyə verilmiş 13 elektron xidmətdən 5-i mobil tətbiqə inteqrasiya edilib. “Smart Customs” mobil tətbiqinin vizual və texniki baxımdan təkmilləşdirilmiş versiyasına bir çox funksionallıqlar əlavə olunub. Xarici ticarət iştirakçıları “e.customs.gov.az” portalındakı bilidirişləri artıq “Smart Customs” mobil tətbiqi vasitəsi ilə də izləyə biləcəklər.
Tədbir çərçivəsində Rəqəmsal Gömrük İnzibatçılığı İdarəsinin rəisi Rauf Quliyev tətbiq edilən yeniliklərlə bağlı xüsusi təqdimatla çıxış edib.






Son xəbərlər
Son Xəbərlər