“Əhalinin gəlirləri illik inflyasiya səviyyəsini üstələyib”

ehalinin-gelirleri-illik-inflyasiya-seviyyesini-usteleyib
Oxunma sayı: 346

“2025-ci ildə əhalinin nominal gəlirləri və orta aylıq əməkhaqqı artımı illik inflyasiya səviyyəsini üstələyib”.

“Qafqazinfo” xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Milli Məclisin bu gün keçirilən plenar iclasında Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında məruzəsinin müzakirəsi zamanı bildirib.

O qeyd edib ki, 2025-ci il dövlət büdcəsi xərclərinin 39.5%-i və ya 15.3 mlrd. manatı sosialyönlü xərclərin maliyyələşdirilməsinə yönəldilib: “Bu, 2024-cü illə müqayisədə 601.5 mln. manat və ya 4.1% çoxdur.

Son yeddi il ərzində 4 milyon insanı əhatə edən 5 sosial islahat paketi icra edilib ki, bu məqsədlərə təqribən 8 mlrd. manat məbləğində vəsait sərf edilib. Təkcə keçən il 1.4 milyard manat büdcə vəsaiti bu məqsədlər üçün xərclənib. Maaşlar, pensiyalar, müavinətlər müntəzəm olaraq artırılır, pensiyalar indeksləşdirilir. Təhsil, səhiyyə və sosial müdafiəyə ayrılan vəsaitlərin artımı isə iqtisadi inkişaf üçün dayanıqlı insan kapitalı bazası yaradır.

Dövlət büdcəsindən təhsil və elm xərclərinə 4.8 milyard manatdan artıq vəsait ayrılıb (artım 5,1%). 2025-ci ildə 31 təhsil müəssisəsində (o cümlədən 11-i Heydər Əliyev Fondu tərəfindən) işlər yekunlaşdırılıb, 97 təhsil müəssisəsində isə tikinti-quraşdırma işləri davam edir.

Eyni zamanda, 959 təhsil müəssisəsində, o cümlədən 10 peşə, 4 kollec, 185 məktəbəqədər və 760 ümumi təhsil müəssisəsində cari təmir işləri aparılıb. Bu işlərin mərhələli şəkildə davam etdirilməsi planlaşdırılır.

Hesabat ilində əhalinin sağlamlığının qorunması, səhiyyə xidmətlərinin keyfiyyətinin artırılması və əlçatanlığın təmin olunması məqsədilə səhiyyə xərcləri sahəsinə büdcədən təxminən 1.3 milyard manat vəsait ayrılıb”.

Nuranə Daxilqızı