“Qafqazinfo”nun “Azadlıq” radiosuna istinadən verdiyi məlumata görə, Ə.Əylislinin yeni povesti “Dağlar deyir ki, soyuqdur” adlanır.
Povestdə eyni kənddə doğulmuş, uşaqlığı birlikdə keçmiş, lakin şəhərə köçdükdən sonra uzun müddət bir-birlərini görməyən və ahıl yaşlarında təsadüfən qarşılaşıb görüşən Mamed Mamedov və Cəfərin münasibətlərindən bəhs olunur.
Mamedov sovet dönəmində zavod direktoru kimi çalışan dürüst və nəzakətli birisi olsa da, Cəfər pulla başqalarına dissertasiya işi, kitablar yazan, müxtəlif imkanlı şəxslərin rüşvət qarşılığında alimlik dərəcəsi almasına vasitəçilik edən birisidir.
Uşaqlıqları eyni kənddə keçməsinə baxmayaraq, kəndə münasibətinə görə bu adamlar bir-birinə tamam ziddir.
Cəfər kəndlə bağlı acı uşaqlıq xatirələrinə sahibdir deyə, bir daha oraya qayıtmaq istəmir, Mamedsə Amerikada yaşayan oğlunun yanına köçməkdənsə gecə-gündüz öz doğma kəndinə qayıtmaq arzusu ilə yaşayır.
Hər iki obraz görüşlərində daim kəndlərindən danışırlar və tez-tez kəndlə bağlı xatirələrindən ibarət yuxular görürlər. Əsər boyu tez-tez yuxu və gerçəkliyin əks olunduğu lövhələr bir-birini əvəz edir.
O cümlədən şəhər lövhələri:
“Zəng eləyən özgə adam deyildi, onun hər gün səsini eşitdiyi adam idi: ƏJDƏR ƏZİMOVİÇ – Mərkəzi Komitənin sənaye üzrə katibi. Ancaq katibin o günkü səsi elə bil öz səsi deyildi, Mamedovun heç vaxt eşitmədiyi yad, kobud, cığal və cındır bir adamın səsiydi. Həmişə mülayim səslə danışan, nəzakətlə kef-əhval tutan Əjdər Əzimoviç o gün Mamedova heç salam da vermədi.
-Sən hələ ordasan, Mamedov?
-Burdayam. Bəs harda olum?
-Fəhlələrin də ordadı?
-Bəli, çoxusu yerindədi.
Əjdər Əzimoviç bar-bar bağırdı:
-Hamısını göndər mitinqə. Sroçno, nemedlenno! Özün də rədd ol, get otur evində. Zavod işləməyəcək, Mamedov, başa düş, əl çək qanmazlığından. Sənin o cındır zavodun indi heç kəsə lazım deyil. Bizə lazımdı ki, bu saat fəhlələrin hamısı mitinqdə olsun.
-Bəs sonra necə olacaq? – Eşitdiyi sözlərdən yarımcan olmuş Mamedov az qala ağlaya-ağlaya soruşdu.
-Sonra canıva azar olacaq. Sənə deyirlər, burax fəhlələri, çıx get.
Telefon söhbəti bitdi. Və o söhbətin üstündən hələ heç beş dəqiqə keçməmiş Mamedovun o çağacan zavodda ən tərbiyəli və başıaşağı cavan oğlanlardan biri kimi tanıdığı bir fəhlə içəri girib , salamsız-kəlamsız:
-Dur bas bayıra! – dedi. – Sənin hökumətin çezdi. İndi demokratiyadı.
“Sən demə, demokratiya buymuş, Cəfər!” – Mamedov ürəyində dedi...”
Son xəbərlər
Son Xəbərlər