Elbrus Vahidov kinostudiyadan qovulub? - Rəsmi münasibət

elbrus-vahidov-kinostudiyadan-qovulub
Oxunma sayı: 1501

Tanınmış qrim rəssamı, Əməkdar incəsənət xadimi Elbrus Vahidov “Azərbaycanfilm” kinostudiyasındakı otağından zorla çıxarılıb. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə kinoşünas Sevda Sultanova məlumat yayıb. 

“İndi belə bir xəbər eşitdim. Yeni rəhbərlik “Tütək səsi”, “Yeddi oğul istərəm”, “İstintaq”, “Fəryad” və onlarla filmdə qrim rəssamı işləmiş 75 yaşlı Elbrus Vahidovu “Azərbaycanfilm” kinostudiyasındakı otağından çıxarıb. Bəli, Elbrus müəllim orada ştatda deyil. Amma ən pisi odur ki, Elbrus müəllimə xəbərdarlıq etmədən, hörmətsizliklə otağına girərək əşyalarını çıxarıb tullayıblar, üstəlik, deyilənə görə, onun qrim masasını doğrayıblar. Bəhanə də bu olub ki, otağı arendaya veririk.

Tofiq Tağzadəni, Eldar Quliyevi, Fazil Salayevi tanımayan, kinomuza bir faydası olmayan, kino məmurları! Bu il yublieyi olacaq, əməkdar incəsənət xadimi Elbrus Vahidov, illərlə, sizdən fərqli olaraq, kinoya xidmət edib, ən yaxşı yaxşı filmlərdə qrim rəssamı işləyib, kinostudiya ilə nəfəs alıb. Zəhmət olmasa, kinostudiyanın rəhbərliyi, həmçinin, ARKA məsələyə aydınlıq gətirsin”, - paylaşımda bildirib. 

Məsələ ilə bağlı Azərbaycan Respublikasının Kino Agentliyinə (ARKA) sorğu ünvanladıq. Qurumdan bildirildi ki, uzun illər ərzində milli kino sənətimizin inkişafına töhfələr vermiş, peşəkar fəaliyyəti ilə seçilən qrim rəssamı Elbrus Vahidovun Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasındakı iş otağı ilə bağlı sosial şəbəkələrdə və bəzi media resurslarında yayılan məlumatlar reallığı əks etdirmir:

“Hazırda kinostudiyanın ərazisində onun kino sənayesi parkına çevrilməsi istiqamətində mərhələli şəkildə abadlıq, təmir və bərpa işlərə başlayıb. Bu çərçivədə mövcud məkanların funksional baxımdan yenidən təşkili aparılır. Elbrus Vahidovun istifadəsində olan otaqlardan anbar kimi istifadə edilən hissə onun razılığı və iştirakı ilə təmir məqsədilə boşaldılıb, şəxsi əşyaları özü tərəfindən götürülüb. Otaqda olan istifadəyə yararsız inventar da razılığı əsasında çıxarılıb.

Eyni zamanda, Elbrus Vahidovun kinostudiyada ayrıca iş otağı mövcuddur və o, fəaliyyətini davam etdirir. Təmizlənmiş məkanın qrim xidmətləri üçün istifadəsi nəzərdə tutulur. Həmin otağın icarəyə verilməsi ilə bağlı səsləndirilən fikirlər isə təsdiqini tapmır.

Ümumilikdə həyata keçirilən işlər kinostudiyada daha səmərəli və rahat yaradıcı mühitin formalaşdırılmasına, kino sahəsində çalışan mütəxəssislər üçün imkanların genişləndirilməsinə xidmət edir. Tarixi ənənələrə malik “Azərbaycanfilm” kinostudiyasının müasir yanaşmalar əsasında yenilənməsi və inkişafı istiqamətində tədbirlər davam etdirilir”.

Qeyd edək ki, Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının hazırkı direktoru Qurban Pirimovdur. O, ötən ilin oktyabrında bu vəzifəyə təyin edilib.

Lamiyə Məmmədova