Meksika hökuməti Çivaua ştatında keçirilən əməliyyat zamanı iki ABŞ və iki Meksika rəsmisinin həlak olması ilə bağlı Vaşinqtona diplomatik nota təqdim edib.
“Qafqazinfo” xəbər verir ki, bunu Meksika Prezidenti Klaudiya Şeynbaum Milli Sarayda keçirdiyi gündəlik brifinqdə deyib.
O bildirib ki, hadisənin ölkənin milli suverenliyinin pozulması olub-olmadığını müəyyən etmək üçün araşdırma aparılır.
Prezidentin sözlərinə görə, məsələ ilə bağlı ABŞ-dən ətraflı izahat tələb olunub.
“Bu vəziyyət tam aydınlaşdırılmalıdır. Bu, milli təhlükəsizlik və suverenlik məsələsidir və baş verənlərə ciddi yanaşılmalıdır”, – deyə Şeynbaum vurğulayıb.
O qeyd edib ki, federal qurumlar iki xarici agentin əməliyyatda iştirakından əvvəlcədən xəbərdar olmayıb. Şeynbaum əlavə edib ki, Meksikada heç bir ştat hökuməti federal orqanların razılığı olmadan xarici qurumlarla təhlükəsizlik sahəsində əməkdaşlıq qura bilməz.
Prezident xatırladıb ki, xarici agentlərin ölkə ərazisində fəaliyyəti Konstitusiya və Milli Təhlükəsizlik Qanunu ilə tənzimlənir və bu əməkdaşlıq yalnız qarşılıqlı razılaşma çərçivəsində həyata keçirilməlidir.
Qeyd edək ki, Şeynbaum aprelin 21-də verdiyi açıqlamada sözügedən əməliyyat barədə federal hökumətə əvvəlcədən məlumat verilmədiyini bildirmiş və bunun qanun pozuntusu olub-olmadığının araşdırılacağını qeyd etmişdi.
Çivaua ştatının prokuroru Sezar Xaurequi Moreno isə 19 apreldəki açıqlamasında iki meksikalı rəsmi və iki ABŞ səfirliyi əməkdaşının cinayətkar qruplaşmaya aid olduğu müəyyən edilən obyektin sökülməsi əməliyyatından qayıdarkən baş verən qəza nəticəsində həlak olduğunu bildirib. Onların olduğu yük avtomobilinin dərəyə düşdüyü qeyd olunur.
“New York Times”ın məlumatında ölən amerikalıların Mərkəzi Kəşfiyyat İdarəsinin əməkdaşları olduğu iddia edilir.
Son xəbərlər
Son Xəbərlər