“Fantaziya” hamamının söküləcəyi ilə bağlı iddialara - Cavab

fantaziya-hamaminin-sokuleceyi-ile-bagli-iddialara
Oxunma sayı: 1070

Bakının Dilarə Əliyeva küçəsində yerləşən, 1896-cı ilə aid tarixi “Fantaziya” hamamının söküləcəyi ilə bağlı iddialar yayılıb.

“Qafqazinfo” xəbər verir ki, bu iddialar sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib.

Məsələ ilə bağlı Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə sorğu ünvanladıq. Qurumdan müraciətimizə cavab olaraq bildirildi ki, hamamın sökülməsi ilə bağlı yayılan iddialar doğru deyil: “Həmin hamam tarixi abidədir, hazırda xüsusi mülkiyyətdədir. Tarixi tikilinin bərpa və konservasiyaya ehtiyacı var. Amma onun sökülməsindən söhbət gedə bilməz. Qorunmasına Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən nəzarət həyata keçirilir”.

Xəbəri rus dilində oxuyun: Что ждет “Фантазию”? Госслужба ответила на слухи о сносе - ФОТО

Qeyd edək ki, “Fantaziya” hamamı 1896-cı ildə inşa olunub və Bakının ilk Avropa tipli hamamlarından biri hesab edilir. Bina eyni zamanda şəhərdə elektrik xətti çəkilən ilk kommersiya obyektlərindən olub. 13 yanvar 1897-ci ildə istifadəyə verilən hamam 2010-cu ilə qədər fəaliyyət göstərib. Həmin ildən etibarən isə dövlət tərəfindən yerli əhəmiyyətli tarix-mədəniyyət abidəsi kimi qorunur. 2012-ci ildən sonra obyekt istifadəsiz qalıb. Həmin il burada “Qorxma, mən səninləyəm! 1919” filminin bir səhnəsi də çəkilib.

2022-ci ildə isə mülkiyyətçi tərəfindən binanın sökülərək yerində yeni tikinti aparılması məqsədilə ərazi hasarlanıb. Lakin ictimaiyyətin və Azərbaycan Memarlar İttifaqının müdaxiləsi nəticəsində söküntünün qarşısı alınıb, hasarlar sökülüb və müvafiq tədbirlər görülüb.

Lamiyə Məmmədova