İran Hörmüz boğazından keçən gəmilərin rüsumlarından ilk dəfə gəlir əldə edib.
“Qafqazinfo” “Fars” agentliyinə istinadən xəbər verir ki, bu barədə məlumatı İran parlamentinin vitse-spikeri Hacı Babai açıqlayıb.
“Hörmüz boğazında rüsumlardan əldə edilən ilk qazanc Mərkəzi Bankın hesabına köçürülüb”, - deyə Babai vurğulayıb.
Xatırladaq ki, bundan əvvəl İranın xarici işlər naziri Abbas Əraqçi Hörmüz boğazının kommersiya gəmiləri üçün açıldığını bildirib. Vaşinqton isə öz növbəsində tərəflər arasında yekun razılaşma əldə olunana qədər İrana qarşı dəniz blokadasını davam etdirəcəyi ilə bağlı xəbərdarlıq edib.
Bundan sonra İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri ABŞ-nin dəniz blokadası tam aradan qaldırılana qədər İranın boğazı bağladığını bildiriblər. SEPAH gəmi sahiblərini yalnız İran tərəfinin tövsiyələrinə əməl etməyə çağırıb.
Son xəbərlər
Son Xəbərlər