Emin Əmrullayev Parisdə görüşlər keçirdi - Fotolar-Yenilənib

emin-emrullayev-parisde-gorusler-kecirdi
Oxunma sayı: 1591

UNESCO-nun “Elm Diplomatiyası üzrə Qlobal Nazirlər Dialoqu”nda iştirak edən elm və təhsil naziri Emin Əmrullayevin rəhbərlik etdiyi nümayəndə heyəti ötən gün UNESCO Baş direktorunun Təbiət elmləri üzrə müavini Lidiya Brito ilə görüşüb. 

“Qafqazinfo” xəbər verir ki, görüşdə təbiət elmləri sahəsində birgə layihələrin həyata keçirilməsi və institusional tərəfdaşlıqların genişləndirilməsi imkanları müzakirə olunub.

Həmçinin COP29 çərçivəsində Elm və Təhsil Nazirliyi ilə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) arasında əldə edilmiş razılığa əsasən şagirdlərin iqlim savadlılığı üzrə göstəricilərinin Beynəlxalq Şagird Qiymətləndirilməsi Proqramına (PISA) daxil edildiyini nəzərə alaraq bu istiqamətdə mümkün əməkdaşlıq imkanları müzakirə edilib. 

Bundan əlavə, STEAM layihəsi üzrə beynəlxalq təcrübə mübadiləsinin inkişaf perspektivləri dəyərləndirilib. 

Nümayəndə heyəti daha sonra Mərakeş Krallığının ali təhsil, elmi tədqiqatlar və innovasiyalar naziri Azzedine El Midaoui ilə görüşüb. Görüş zamanı iki ölkə arasında elm və ali təhsil sahəsində cari əməkdaşlıq və gələcək inkişaf perspektivləri müzakirə edilib.

***

Elm və təhsil nazirinin rəhbərlik etdiyi nümayəndə heyətinin Paris səfəri çərçivəsində ikitərəfli görüşləri davam edir.

Martın 26-da elm və təhsil naziri Emin Əmrullayevin rəhbərlik etdiyi nümayəndə heyəti UNESCO-nun “Elm Diplomatiyası üzrə Qlobal Nazirlər Dialoqu” çərçivəsində UNESCO Baş direktorunun Təhsil üzrə köməkçisi Stefania Giannini ilə görüşüb.

Görüş zamanı iqlim dəyişikliyi üzrə məlumatlılığın artırılması məqsədilə UNESCO-nun qlobal təşəbbüsü olan “Yaşıl Təhsil Tərəfdaşlığı” çərçivəsində Azərbaycan ilə UNESCO arasında əməkdaşlıq müzakirə olunub.

Elm və təhsil naziri Azərbaycanın təşəbbüsü ilə şagirdlərin iqlim savadlılığının Beynəlxalq Şagird Qiymətləndirilməsi Proqramı (PISA) çərçivəsində ölçülməsi məsələsinə toxunaraq bu istiqamətdə həyata keçiriləcək işlər barədə fikir mübadiləsi aparıb.

Eyni zamanda, məktəbəqədər təhsilin əhatə dairəsinin genişləndirilməsi imkanları nəzərdən keçirilib.