Əmlakları xanımı və digər yaxınlarının adına imiş

emlaklari-xanimi-ve-diger-yaxinlarinin-adina-imis
Oxunma sayı: 993

“Qumar kralı” Yusif Baqiyev və onunla birgə ittiham olunanların cinayət işi üzrə məhkəmə istintaqı başlayıb.

“Qafqazinfo”nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən bugünkü iclasda ittiham elan edilib.

İttihamda deyilir ki, Yusif Baqiyev, Ramil Saadov, Pərviz Məmmədov və Samir Nəsibov qumarxana şəbəkəsi yaradaraq 171 milyon manatdan çox pul qazanıblar. Cinayət yolu ilə qazanılmış pulların böyük hissəsi müxtəlif yollarla leqallaşdırılıb. Yusif Baqiyev qumardan gələn pullar hesabına böyük əmlaka sahib olub. Onun Səbail, Xəzər, Şəki rayonlarında alınmış çoxsaylı əmlakları həyat yoldaşı və digər yaxınlarının adlarına rəsmiləşdirilib.

Prosesin davamında hakim təqsirləndirilən şəxslərin ittihama münasibətini öyrənib. Nə Yusif Baqiyev, nə digərləri özlərini təqsirli bilib. Onlar verilmiş ittihamlarla razılaşmadıqlarını deyib, ifadələrində hər şeyi ətraflı danışacaqlarını qeyd ediblər.

Proses dekabrın 22-də müttəhimlərin sərbəst ifadələri ilə davam edəcək.

Qeyd edək ki, bu qumarxana şəbəkəsi Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən ifşa edilib. Təqsirləndirilən şəxslərin dördü də həbsdədir.

Sail Ağasəlim