“Ən zəif bənd- Kaxovka bəndi...” - Fotolar

en-zeif-bend-kaxovka-bendi
Oxunma sayı: 4067

“Ən zəif bənd- Kaxovka bəndi... Vəziyyətin hər an nəzarətdən çıxa biləcəyinə hazır olmalıyıq”.

“Qafqazinfo” xəbər verir ki, bunu Ukraynanın Azərbaycandakı Fəxri Konsulu Mehrəli Qasımov bildirib.

Onun sözlərinə görə, Ukraynanın Rusiyanın nəzarətinə keçmiş Nova Kaxovka su anbarında törədilən partlayışdan sonra sel 600 kvadrat kilometr ərazini əhatə edib:

“İndiyə qədər Ukrayna rəsmilərindən aldığımız məlumatlara əsasən, sel sularının orta hündürlüyü 5 metri keçib. 16 mindən çox evi su basıb. Mina təhlükəsi xəbərdarlığı bütün Ukrayna bölgə sakinlərini təlatümdə saxlayıb. Eyni zamanda ərazidə minaların suyun üzünə çıxma təhlükəsi də yaranıb. Bu bir insanlıq faciəsidir. Burada artıq xüsusi ambisiyalar, haqlı-haqsız tərəf yoxdur. Bu artıq qlobal faciədir. Baxmayaraq ki, Ukrayna və Rusiya bəndin vurulmasına görə bir-birini günahlandıran bəyanatlar da verib. Hazırda bəndin partladılmasından 3 gün ötməsinə baxmayaraq, minlərlə insan daşqınlardan qaçır. Ölüm sayı arta bilər”.

“Məlumdur ki, Kaxovka su elektrik stansiyası Ukraynanın cənubundakı quraq rayonların enerji təchizatı, suvarma və su təchizatı, həmçinin Xersondan Zaporojyeyə naviqasiya üçün Dnepr axınının illik tənzimlənməsini təmin edirdi. Qısaca tarixə nəzər salsaq, 30 metr hündürlüyündə və 3,2 kilometr uzunluğundakı bənd Kaxovka su elektrik stansiyasının bir hissəsi kimi 1956-cı ildə Dnepr çayı üzərində yaradılmışdı. Anbar eyni zamanda Krım yarımadasını su ilə təmin edirdi. Törədilən faciə bir ölkənin tək iqtisadiyyatını deyil, infrastrukturunu, təbiətini, gələcəyini tələfinə səbəb oldu”, - deyə Mehrəli Qasımov qeyd edib.

“Orada olmasaq da, xarici və yerli media kanalları, əsasən də “Reuters” vasitəsi ilə hadisənin masştabını anlamaq o qədər də çətin olmur. İnsanlar çarəsizdir. İnsanlıq da çarəsizdir. Hazırda əlimizdən gələn olduğumuz yerdən Ukraynaya xüsusi yardım və yardım vasitələri göndərmək olur. Həmçinin BMT Dnepr çayının hər iki sahilindəki bütün ehtiyacı olan ukraynalılara su, qida və pul yardımına davam edir.

Aldığımız son məlumata əsasən, bəndinin dağılmasından sonra bölgədən 1995 nəfər təxliyə edilib, 16 minə yaxın insan zərər çəkib. İnsanlar içməli sudan məhrum olub və gələcəkdə bu zərərin fəsadları nələrə səbəb ola biləcək, onu da ehtimal etmək çətin deyil”.

Ukraynanın Azərbaycandakı Fəxri konsulu Mehrəli Qasımov təkcə bölgənin böyük ekoloji fəlakətlə üzləşdiyi yox, bütün ətraf ərazilərin bu durumdan əziyyət çəkəcəyini vurğulayıb:

“Bu gün Ukrayna tərəfinin müraciəti nəzərə alınaraq Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə humanitar yardım göndərilib. Müxtəlif ləvazimatlardan, o cümlədən nasoslar, boru kəmərləri, rezin qayıqlar və müvafiq geyim əşyalarından ibarət olan bu yardım Polşanın Jeşuv hava limanına, oradan isə Ukraynaya çatdırılacaq. Ötən gün də qardaş Türkiyə dövlətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna və Rusiya liderləri ilə telefonla da danışıb. O, Ukrayna Prezidenti Volodimir Zelenski və Vladimir Putinə Nova Kaxovka bəndinin partlayışı ilə bağlı istintaq komissiyasının yaradılmasını təklif edib və “Türkiyə olaraq biz buna hazırıq”, – deyə bildirib. Türkiyə Prezident Rusiya və Ukrayna ekspertlərinin, BMT-nin iştirakı ilə komissiyanın yaradıla biləcəyini söyləyib. Digər tərəfdən də, Rusiya Prezidenti Vladimir Putin 7-8 iyulda nüvə silahlarının qurğuların hazırlanması başa çatdıqdan dərhal sonra Belarusda yerləşdirilməsinə başlanılacağını açıqlayıb”.