“Ermənilər Kəlbəcəri təhvil vermək üçün noyabrın 25-nə kimi vaxt istəyib”

ermeniler-kelbeceri-tehvil-vermek-ucun-noyabrin-25-ne-kimi-vaxt-isteyib
Oxunma sayı: 13036

“Azərbaycanın işğal olunmuş ərazilərin təhvil verilməsi üçün Ermənistan tərəfi 25 noyabr tarixinə qədər əlavə vaxt istəyib”.

“Qafqazinfo” bildirir ki, bu sözləri Prezidentin köməkçisi Hikmət Hacıyev Hərbi İnformasiya Mərkəzində keçirilən brifinqdə deyib.

O qeyd edib ki, Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonu coğrafi baxımdan böyük bir ərazini əhatə edir və ərazidən cəmi bir yol fəaliyyət göstərir: 

"Bu da Kəlbəcər-Zor-Vardenis yoludur. Bu yolun ötürücülük qabiliyyəti çox məhduddur. Ərazinin coğrafiyası və relyefi də çox mürəkkəb xarakter daşıyır, hava şəraitinin ağırlaşması prosesi də baş verir. Belə ki, artıq qış hava şəraitinin çalarları özünü həmin ərazilərdə biruzə verməkdədir.

Ona görə də Azərbaycanın işğal olunmuş ərazilərində, xüsusən də Kəlbəcər rayonunda yerləşdirilmiş mülki əhalinin çıxışını təmin edilməsi prosesini nəzərə alaraq Azərbaycan tərəfi humanizmdən çıxış edərək 25 noyabr tarixinədək Kəlbəcər rayonunun ərazisinin təhvil verilməsinə öz güzəştini və icazəsini bildirmişdi ki, bu çərçivədə işlər həyata keçirilsin”. 

Prezidentin köməkçisinin sözlərinə görə, bununla bağlı hansısa əlavə protokolun və bəyanatın imzlanmasına ehtiyac yoxdur, öhdəliklər qüvvədə qalır.

Hacıyev deyib ki, qrafikə uyğun olaraq Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş əraziləri təhvil verilir:

"Ermənilərin Ağdamı 20 noyabr, Laçını isə dekabrın 1-dək təhvil verməsinini nəzərdə tutan vaxt olduğu kimi saxlanılır. Bircə Kəlbəcərlə bağlı bu zaman 15 noyabrdan 25 noyabradək uzadılıb”.