Mer GTA VI oynadığı üçün işə gecikib? - Özü açıqladı

mer-gta-vi-oynadigi-ucun-ise-gecikib
Oxunma sayı: 138

Parisin meri Emmanuel Qrequar “Grand Theft Auto VI” (GTA VI) oyununa görə işə üç saat gecikməsi ilə bağlı yayılan iddialara münasibət bildirib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə mer “X” sosial şəbəkəsində paylaşım edib.

Məsələ jurnalist Enzo Morelin Qrequarın noyabrın 19-da səhər saat 09:00-a təyin edilən Paris Şəhər Şurasının iclasına qatılmadığını və yalnız günorta saatlarında işə gəldiyini iddia etməsindən sonra gündəmə gəlib. Morel merin gecə saatlarını GTA VI oynamaqla keçirdiyini ehtimal edib. O, iddiasına əsas kimi Qrequarın oyunun çıxışına geri sayım etdiyi və “Let's Go!!!!” (“Başlayaq!”) sözlərini yazdığı sosial şəbəkə paylaşımını göstərib.

Lakin Paris meri yayılan iddiaları təkzib edib:

“İş qrafikimlə maraqlandığınız üçün təşəkkür edirəm. Amma mən səhər saat 09:00-a təyin edilmiş görüşə vaxtında gəlmişəm. Daha sonra isə Paris Şəhər Şurasının iclasına sədrlik etmişəm”.

Qeyd edək ki, noyabrın 19-da, 13 illik fasilədən sonra satışa çıxarılan GTA VI bütün dünyada böyük marağa səbəb olub. ABŞ-də təxminən 12,5 milyon insan oyuna vaxt ayırmaq üçün məzuniyyət götürüb və ya dərslərdən yayınmağı planlaşdırıb. Böyük Britaniyada isə 83 minə yaxın işçinin GTA VI oynamaq üçün işdən icazə aldığı bildirilir.