““Zvarnots” aeroportunda rusiyalı sərhədçilərin xidmətinin dayandırılması Ermənistanın artıq bu məsələni özü həll etmək imkanına sahib olması ilə əlaqədardır”.
“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bunu həmin ölkənin xarici işlər naziri Ararat Mirzoyan deyib.
“Əvvəllər rusiyalı sərhədçilərin iştirakı gənc Ermənistan dövləti üçün dəstək qismində idi və onların Ermənistanın buna ehtiyacı olduğu müddətcə bu funksiyanı yerinə yetirməsi planlaşdırılırdı. Lakin artıq Ermənistan “Zvarnots” hava limanında sərhəd xidmətini özü həyata keçirə bilər”, - deyə Mirzoyan qeyd edib.
O, sözügedən aeroportda rusiyalı sərhədçilərin xidmətinin dayandırılması ilə bağlı Rusiyaya məlumat verildiyini açıqlayıb. Onun sözlərinə görə, məlumat müvafiq xidmət kanalları vasitəsilə göndərilib. Bununla belə, Ermənistanın XİN rəhbəri bu məlumatın nə vaxt göndərildiyini qeyd etməyib.
Xatırladaq ki, martın 6-da Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ölkəsinin bu məsələ ilə bağlı Rusiyaya rəsmi məktub göndərildiyini bəyan edib.