Ermənistan parlamenti ilk turda ölkə prezidentini seçə bilmədi

ermenistan-parlamenti-ilk-turda-olke-prezidentini-sece-bilmedi
Oxunma sayı: 1526

Ermənistan parlamenti iclasda respublikanın yeni prezidentini seçə bilməyib.

“Qafqazinfo” “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, yeganə namizəd - yüksək texnologiyalar sənayesi naziri Vaaqn Xaçatryan 69 səs toplayıb ki, bu da prezident seçilmək üçün kifayət etməyib.

Seçki üçün birinci turda 81 səs lazımdır. Xaçatryanın namizədliyini irəli sürmüş hakim partiya isə 71 səs toplayıb. Müxalifətdəki “Mənim şərəfim var” və “Hayastan” fraksiyaları prezidentliyə namizədliyin müzakirəsini boykot ediblər.

Konstitusiyaya görə, prezident seçkilərinin ikinci və üçüncü turlarına icazə verilir, burada seçki üçün müvafiq olaraq 65 və 54 səs lazımdır.

Parlamentin sədri Akop Arşakyan bəyan edib ki, bu gün seçkilərin ikinci turu keçiriləcək.

Qeyd edək ki, Ermənistan parlamentli idarəetmə formasına malikdir, ona görə də prezidenti deputatlar seçirlər.