Ermənistanın hərbi sursatı niyə təftiş edilmir?

ermenistanin-herbi-sursati-niye-teftis-edilmir
Oxunma sayı: 9310

Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ ərazisində aparılan döyüş  əməliyyatlarının 26-ci günündəyik. “Qafqazinfo” xəbər verir ki, müzəffər Azərbaycan Ordusu 26 gündə Cəbrayıl, Füzuli, Zəngilan şəhərlərini, onların bir neçə kəndlərini, eyni zamanda Xocavənd rayonunun  bir neçə kəndini, Hadrut, Mincivan qəsəbəsini və bir neçə mühüm strateji nöqtələri, Zəngilanın Ağbənd qəsəbəsini işğaldan azad edib. 

Uzun müddətdir “məğlubedilməz” ordu kimi təqdim edilən Ermənistan ordusunu Azərbaycan əsgəri cəmi bir neçə gündə məğlub edərək irəliləməkdə davam etməkdədir. Müdafiə Nazirliyinin də təqdim etdiyi məlumatlardan və videolardan da aydın olur ki,  düşmən əsgəri döyüşmək istəmir, texnikaları qoyub qaçır. Qaçmayanların isə aqibəti hər kəsə aydındır. Əldə olunan hərbi qələbələrin əsasında Prezident İlham Əliyevin rəhbərliyi və uzun illərdir ki, gərgin zəhməti ilə formalaşmış, ən son texnoloji silahlarla təchiz edilmiş müasir ordu dayanır. 

Ölkə başçısı dövlət televiziyasında xalqa son müraciətində düşmənin məhv edilən texnikalarının sayını açıqlayıb və haqlı olaraq bir neçə sualı beynəlxalq qurumların diqqətinə çatdırıb. Dağlıq Qarabağ ərazisində bu qədər silah-sursat hardandır? Beynəlxalq konvensiyalar, hərbi texnika, limit – niyə beynəlxalq strukturlar buna nəzarət etməyib, təftiş etməyib? 

Aydındır ki, Ermənistan iqtisadiyyatında vəziyyət ürəkaçan deyil, ölkə yalnız xarici donorlardan gələn vəsait hesabına idarə edilir. Ölkənin hərbiyə ayırdığı büdcə qat-qat aşağıdır. Ermənistanın 2020-ci il üçün hərbi büdcəsi cəmi  640 milyon dollar təşkil edib. Ümumilikdə Ermənistanın  3.6 milyard dollarlıq dövlət büdcəsi var, hərbi büdcələri onun 25  faizinə yaxındır.  Bu büdcəylə sadalanan silahları almaq mümkün deyil. Reallıq onu deməyə əsas verir ki, Ermənistana silahlar pulsuz verilir. Oktyabrın 16-sı tarixinə əsasən Azərbaycan ordusu 2 milyard dollar ətrafında Ermənistan ordusuna ziyan dəyib və bu proses hər gün davam edir. 

Qeyd edək ki, Avropada Adi Silahlar Haqqında Saziş hər bir ölkə üçün kvotaları müəyyən edir. Ermənistanın da da tərəfdar çıxdığı bu Sazişin şərtləri kobud şəkildə pozulub. Təkcə Ermənistanın Azərbaycan Ordusu tərəfindən məhv edilmiş və hərbi qənimət kimi götürülmüş hərbi texnikasının sayı bu kvotanı çoxdan ötüb. Ermənistanın hədsiz silahlanması bütün bölgəni təhlükə altına atır. Bu silahlardan terror məqsədilə istifadə edilir. Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəyə ermənilər mülki əhali üçün qadağan edilmiş Skad ballistik raketi atıb.  Bu ballistik raketlər bu gün münaqişə zonasından uzaqda yerləşən Qəbələ, Kürdəmir və Siyəzən şəhərlərinə də atılıb. Erməni terroru nəticəsində təkcə Gəncədə 24 dinc sakin  bu raketlərin qurbanı olub. Ümumlikdə hazırkı vaxtadək ermənilərin yaşayış məntəqələrimizi atəşə tutması nəticəsində 63 mülki şəxs həlak olub, 292 nəfərdən çox şəxs isə  yaralanıb.

Məhv edilən texnikaların siyahısını bir daha diqqətə çatdıraq:

Oktyabrın 20-si  tarixinə qədər düşmənin 241 tankı məhv edilib, 39 tank hərbi qənimət kimi götürülüb - toplam 280 tank. 
Piyadaların 50 döyüş maşını məhv edilib, 24-ü qənimət kimi götürülüb Özüyeriyən 17 artilleriya qurğusu, 198 top məhv edilib. 
58 minaatan məhv edilib, 12 minaatan qənimət kimi götürülüb. 
25 qumbaraatan hərbi qənimət kimi götürülüb. 53 tank əleyhinə vasitə məhv edilib. 
Həmçinin 70 “Qrad” qurğusu, 2 ”, 2 “YARS” (Yaylım Atəş Raket Sistemi), 1 TOS, 4 “S-300” zenit-raket kompleksi, 3 TOR zenit-raket kompleksi, 40-a yaxın OSA zenit-raket kompleksi, 5 KUB və KRUQ zenit-raket kompleksi, 6 pilotsuz uçuş aparatı, 2 əməliyyat-taktiki raket kompleksi - “Elbrus”, 1 ballistik raket, 1 “Toçka-U” raketi, 8 radioelektron mübarizə vasitəsi,198 yük avtomobili məhv edilib. 
Onlardan 15-i sursatlarla dolu yük avtomobilləridir, 102 yük avtomaşını hərbi qənimət kimi götürülüb. Burada sadalanan hər bir kompleksin və qurğunun qiyməti bəllidir. Üstəgəl çox bahalı hərbi texnikalardır.

Ermənistanın hərbi büdcəsiylə bu qədər bahalı texnikanı almasının mümkünsüzlüyü artıq hamıya gün kimi bəllidir. Hələ cari ilin iyul ayında Tovuz hadisələrindən sonra Azərbaycan  tərəfi Ermənistana müxtəlif marşrutlarla qeyri-qanuni silah daşınması ilə bağlı məsələni  yerli və beynəlxaq ictimaiyyət qarşısında qaldırmışdı. Proses avqust ayında davam etmişdi. Əks hücum əməliyyatlarının başladığı sentyabrın 27-sindən etibarən də bu mənzərənin şahidiyik. 

Ölkə  başçısı TASS informasiya agentliyinə verdiyi müsahibəsində Ermənistana qaçaq yollarla silah daşınması məsələsinə xüsusilə toxunmuşdu. Prezident qeyd edib ki, qarşıdurmanın aktiv fazasında Rusiya şəhərlərindən Ermənistan ərazisinə külli miqdarda silah keçirilir: “Bizdə bu barədə məlumatlar var, uçuşların xəritələri var, silahların tipləri var. Bütün bunlar Rusiya tərəfinə çatdırılıb. Əlbəttə, bu, bizim cəmiyyətdə çoxlu suallar və müəmmalar doğurur. Zəruri hallarda biz bu müddətdə Rusiya tərəfindən Ermənistana göndərilmiş silahların nomenklaturunu, bunların hansı nəqliyyat vasitələri ilə, hansı aviaşirkətlər tərəfindən çatdırılması barədə məlumatları dərc edə bilərik. Bunlar indi əsasən qeyri-qanuni şəkildə çatdırılır”. 

Azərbaycan Prezidenti bu məsələylə bağlı ICAO-ya rəsmən müraciət edildiyini də diqqətə çatdırıb. “Biz Rusiya tərəfinə bildirmişik ki, bu işlərin qaçaqmalçılıq yolu ilə görüldüyünü güman edirik. Ona görə ki, Rusiyanın, həmçinin Fransa və ABŞ-ın da ATƏT-in Minsk qrupunun həmsədri və bitərəfliyi saxlamalı olan ölkə kimi münaqişənin aktiv fazası dövründə erməni tərəfini silahlandırmasına inanmağımız çətindir. Bizdə olan məlumata görə, bu sxemdə erməni mənşəli rusiyalı iri sahibkarların əli var, bu məsələdə beynəlxalq sanksiyalar tətbiq edilmiş məşhur silah alverçilərinin əli var. Bizim Rusiyaya müraciətimiz, o cümlədən bu məsələnin araşdırılmasına yönəlmişdi. Ona görə ki, əgər Rusiya silahları qaçaqmalçılıq yolu ilə, necə deyərlər, kəş üsulu ilə nağd pulla ödənilir və daşınırsa, araşdırmaq lazımdır, bu, necə ola bilər? Bizim bu cür narahatlığımız var və bizim narahatlığımız faktlara əsaslanır”- deyə Ali Baş Komandan vurğulayıb.

Ermənistana daşınan qeyri-qanuni silahların beynəlxalq təşkilatlar tərəfindən təftiş edilməməsi məsələsiylə bağlı “Qafqazinfo”ya açıqlama verən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, deputat Kamal Cəfərov bildirib ki, beynəlxalq mülki aviasiyanın və beynəlxalq daşımalar üzrə beynəlxalq standartlar Çikaqo Konvensiyası ilə müəyyən edilir:

“Bu Konvensiyanın müddəalarını nəzarəti isə BMT-nin ixtisaslaşmış qurumu olan Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) həyata keçirir. Çikaqo Konvensiyasının 3-cü maddəsində hərbi məqsədlər üçün istifadə olunan təyyarələr mülki təyyarələrdən prinsipial şəkildə fərqləndirilir. Konvensiyasının 4-cü maddəsi isə mülki təyyarələrin digər məqsədlər üçün, o cümlədən hərbi məqsədlər üçün istifadəsinin qadağan edir. 

Ermənistan tərəfindən silahların mülki təyyarələr vasitəsilə bəzi hallarda Dağlıq Qarabağın da hava ərazisindən istifadə edilməklə daşınması isə Çikaqo Konvensiyasi, eyni zamanda bir neçə beynəlxalq konvensiyaların pozuntusudur.  İCAO-nun Assambleyası bu məsələyə baxacaq, nəticədə Ermənistan İCAO-da səs vermə hüququndan məhrum ola bilər, eyni zamanda həmin silahların daşınması həyata keçirən hava yolları da üzv ölkələrin hava məkanından istifadə hüququndan məhrum edilə bilər. Ermənistanın beynəlxalq konvensiyanın tələblərini kobudca pozması eyni zamanda BMT Təhlükəsizlik Şurasında da müzakirə edilə bilər və bununla da bağlı müvafiq qətnamə qəbul edilə bilər.  
Digər bir məsələ isə əgər Ermənistan mülki və ya hərbi təyyarə vasitəsilə beynəlxalq hüquq çərçivəsində tanınmış Azərbaycanın hava məkanından istifadə edərsə bu atəşkəsin pozulması hesab edilir və hətta da BMT Nizamnaməsinin 51-ci maddəsi çərçivəsində hərbi məqsədlər üçün istifadə olunan mülki təyyarə legitim hərbi hədəf kimi qəbul edilə bilər. 

Ermənistan eyni zamanda Qlobal Silah Ticarəti (Arms Trade Treaty) müqaviləsinin tələblərini pozub. Hər bir üzv ölkə əldə etdiyi silahlar barədə məlumatı QST-nin Katibliyinə təqdim etməlidir. Qlobal Silah Ticarəti müqaviləsinin 16-cı maddəsinə əsasən, silahları export edən ölkə silah göndərdiyi ölkənin bu silahlardan müharibə cinayəti törədəcəyi barədə gümanları və ya məlumatı varsa, bu cür export əməliyyatını həyata keçirə bilməz. Bu beynəlxalq hüquq çərçivəsində silahları export edən ölkə üçün də məsuliyyət yaradır. Məsələn, Ermənistanın Gəncəyə birinci hücumundan sonra onlarla mülki əhalinin qətlə yetirilməsi və yaralanmasını bütün dünya mediası ışıqlandırdı. Bu 4-cü Cenevrə Konvensiyasının kobud pozuntusudur, müharibə cinayətidir. 

Müharibə cinayəti törətmiş ölkəyə qanuni və ya qeyri-qanuni yolla silah göndərən ölkə də beynəlxalq hüquq çərçivəsində eyni məsuliyyəti daşıyır. Bu cür beynəlxalq cinayəti törədən export ölkəsinin milyard dollarlıq silah ticarəti də təhlükə altına düşə bilər. Hesab edirəm ki, Ermənistanın hərbi-siyasi rəhbərliyi və ona dəstək olanlar beynəlxalq hüquq çərçivəsində öz layiqli cavablarını alacaqlar. Ona görə də hər bir ölkə öz istək və arzularını yalnız beynəlxalq hüquqa əsasən həyata keçirməlidir. Azərbaycan bu məsələni mütləq qaldıracaq və müvafiq faktları təqdim edəcək. Bu, bir daha göstərir ki, işğal olunmuş ərazilər nəzarətdən kənar zona olub. Tək Ermənistan yox, nəzarət etməyən beynəlxalq qurumlar da məsuliyyət daşıyır”.

Günel Türksoy