“Ətraf küçələr asfaltlanıb, bizim küçəyə baxan yoxdur” - Fotolar

etraf-kuceler-asfaltlanib-bizim-kuceye-baxan-yoxdur
Oxunma sayı: 2399

“Küçəmizin yolları bərbad haldadır. Bir az yağış yağan kimi hər yer palçıq olur. Ətraf küçələr asfaltlanıb. Amma bizim küçəyə baxan yoxdur”. 

Bu şikayətlə “Qafqazinfo”ya Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Əhməd Mehbalıyev küçəsinin bir qrup sakini müraciət edib.

Sakinlərin sözlərinə görə, küçənin bu hala düşməsində başqa bir səbəb də var: “Təzəlikcə gəlib kanalizasiya turbalarını da dəyişdilər. Lakin turbaları dəyişərkən qazıdıqları hissələrdə torpaqları hamarlamadılar. Elə olduğu kimi qaldı. Bu da küçəni daha da bərbad hala qoydu. Palçıqdan ayağımızı qapıdan çölə qoya bilmirik”.

Məsələ ilə bağlı Suraxanı Rayon İcra Hakimiyyətinə sorğu ünvanladıq. Qurumdan müraciətimizə belə cavab verildi: “Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Əhməd Mehbalıyev küçəsi 121-125 ünvanlarında küçə kanalizasiya xətləri sıradan çıxdığına görə Rayon Sukanal İdarəsi tərəfindən 25 p/m kanalizasiya xətti yenilənib. Yaxın günlərdə həmin ərazidə asfalt örtüyü bərpa olunacaq”.

Lamiyə Məmmədova