Sosial şəbəkələrdə Fəvvarələr meydanında aparılan tikinti işləri ilə bağlı çəkilmiş foto müzakirələrə səbəb olub. İzləyicilər Bakının mərkəzi küçəsində belə tikintiyə icazə verilməsini qınayıblar və şəhərə xoşagəlməz görüntü verdiyini qeyd ediblər.
"Qafqazinfo" xəbər verir ki, bundan sonra Dövlət Şəhərsalma və Arxitektura Komitəsi məlumat yayıb. Komitə yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsindən verilən məlumata görə, paytaxtın Səbail rayonunun Nigar Rəfibəyli küçəsində (Fəvvarələr meydanı) şəhərsalma nəzarəti qaydasında monitorinq zamanı heç bir razılıq olmadan tikinti işlərinin aparıldığını müəyyən edərək onu dərhal dayandırıb.
Məlumata görə, bununla bağlı Komitə şəhərsalma nəzarəti qaydasında aidiyyəti üzrə Bakı Şəhər İcra Hakimiyyətinı və Səbail Rayon İcra Hakimiyyətinə məlumat verərək qanunvericiliklə müəyyən edilmiş tədbirlərin görülməsi barədə müraciət edib.
Hazırda tikinti işləri tam dayandırılıb, Komitənin Baş İdarəsinin nəzarəti altına götürülüb.