Fövqəladə Hallar Nazirliyi Baş əməliyyat idarəsinin təşkilatçılığı ilə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin ərazisində “Fövqəladə hallar zamanı xəbərdarlığın təşkili, dağıntılar altında qalanların axtarışı və qəza-xilasetmə işlərinin aparılması zamanı qüvvə və vasitələrin idarə edilməsi” mövzusunda taktiki-xüsusi təlim keçirilib.
“Qafqazinfo” xəbər verir ki, təlimin keçirilməsində məqsəd Qoruğun ərazisində yaşayan əhalinin və fəaliyyət göstərən obyektlərin əməkdaşlarının üzləşə biləcəyi fövqəladə hallarla bağlı məlumatlandırılması, fövqəladə hallar zamanı fəaliyyət üzrə əməliyyat və qarşılıqlı fəaliyyətin təkmilləşdirilməsi və bu istiqamətdə mövcud planların reallığının yoxlanılması, habelə müvafiq maarifləndirmə işinin aparılması olub.
Tədbirə FHN və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin ümumilikdə 46 nəfərdən ibarət şəxsi heyəti və 6 xüsusi texnikası cəlb edilib.
Təlim praktiki və nəzəri hissədən ibarət olub.
Təlimin nəzəri hissəsində FHN əməkdaşları tərəfindən “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin əməkdaşlarına fövqəladə hallar və bunlarla bağlı davranış qaydaları, o cümlədən təxliyənin təşkili məsələləri barədə geniş məlumat verilib, suallar cavablandırılıb.
Təlimin praktiki hissəsində Qoruğun ərazisində baş vermiş şərti yanğınla müşayiət olunan “partlayış”la əlaqədar yaranmış vəziyyətin qiymətləndirilməsi, qüvvə və vasitələrin hadisəyə çevik reaksiyası, habelə kəşfiyyat, axtarış-xilasetmə və qarşılıqlı fəaliyyətin təşkili üzrə komandir-rəis heyətinin fəaliyyətləri təşkil olunub. Şərti yanğın Nazirliyin yanğından mühafizə qüvvələri tərəfindən qısa müddətdə söndürülüb, “hadisə” baş vermiş binada “köməksiz vəziyyətdə qalmış” şəxslər xilasedicilər tərəfindən “xilas edilərək ilk yardım göstərildikdən” sonra aidiyyəti üzrə təhvil verilib.
Uğurla reallaşdırılan təlimdə qarşıya qoyulan məqsədlərə nail olunub.
Təlimin sonunda əldə edilmiş nəticələrin müzakirəsi məqsədilə toplantı keçirilib, müvafiq tapşırıqlar verilib.




















Son xəbərlər
Son Xəbərlər