FHN yanında İctimai şuranın iclası keçirilib - Fotolar

fhn-yaninda-ictimai-suranin-iclasi-kecirilib
Oxunma sayı: 827

Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyinin fəaliyyəti ilə əlaqədar FHN yanında İctimai şuranın iclası keçirilib.

“Qafqazinfo” xəbər verir ki, iclasın keçirilməsində əsas məqsəd Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyinin ölkə ərazisində nüvə və radiasiya təhlükəsizliyinin təmin edilməsi istiqamətində həyata keçirdiyi fəaliyyət, bu istiqamətdə görülən işlər və qarşıda duran vəzifələrin ictimai müzakirəsi olub.

İclasda İctimai şuranın sədri Fuad Hacızadə və şuranın digər üzvləri, FHN Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyinin rəisi Nicat Əliyev, Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarə rəisinin müavini Gündüz Həmzəyəv, İctimaiyyətlə əlaqə idarəsinin rəis müavini Vüqar Novruzov və Agentliyin əməkdaşları iştirak ediblər.

İclasda çıxış edən Agentliyin rəisi N.Əliyev təmsil etdiyi qurum tərəfindən ölkə ərazisində nüvə və radioloji təhlükəsizliyin təmin olunması istiqamətində görülən işlər və qarşıda duran vəzifələr barədə ətraflı məlumat verib. Qeyd olunub ki, Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi tərəfindən səlahiyyətlərinə uyğun olaraq nüvə və radioloji fəaliyyət növləri ilə məşğul olan təşkilatlarda nəzarət-yoxlama tədbirləri həyata keçirilib, nüvə və radiasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində aşkar edilmiş pozuntulara qarşı sanksiyalar tətbiq edilib, ionlaşdırıcı şüalanma mənbələrindən istifadə ilə əlaqədar fəaliyyət növləri üçün xüsusi icazələrin verilməsi, ionlaşdırıcı şüalanma mənbələrinin və onlardan istifadə edən obyektlərin reyestrinin aparılması, ixrac nəzarətinə düşən malların idxalı, ixracı və tranzitinə nəzarətdə iştirak təmin edilib, nüvə və radiasiya təhlükəli obyektlərdə nüvə və radiasiya təhlükəsizliyinin qiymətləndirilməsi, eyni zamanda, nüvə və radiasiya təhlükəsizliyi sahəsində maarifləndirmə işləri həyata keçirilib.

Agentliyin fəaliyyətini ümumilikdə müsbət qiymətləndirən İctimai şura üzvləri nüvə və radioloji təhlükəsizliyin təmin edilməsi istiqamətində aidiyyəti qurumlarla birgə əlaqəli fəaliyyətin əhəmiyyətini qeyd ediblər.

Qarşılıqlı fikir mübadiləsi şəraitində keçən iclas zamanı İctimai şura üzvləri nüvə və radioloji təhlükəsizliyin təmin edilməsi məsələləri ilə bağlı fikir və təkliflərini bildiriblər.