“Fundamental təhsilin gücləndirilməsi əsas prioritetlərdən biridir” - Yenilənib

fundamental-tehsilin-guclendirilmesi-esas-prioritetlerden-biridir
Oxunma sayı: 142

“Rəqəmsal bacarıqlar” layihəsinə başlayanda 5 min şagird var idi, indi isə 600 minə çatmışıq”.

“Qafqazinfo” xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “Baku ID 2026” innovasiya festivalının açılış mərasimində deyib.

Nazir bildirib ki, bu, Azərbaycan ümumtəhsil məktəblərindəki şagirdlərin, demək olar ki, yarısıdır: “STEAM istiqamətində də əhəmiyyətli genişlənmə baş verib. STEAM istiqamətinə başlayanda, bəlkə də, cəmi 50 məktəb və bir neçə min şagird var idi. İndi isə 300 mindən çox şagirddən danışırıq. Rəqəmsal bacarıqların inkişafı ilə yanaşı, fundamental təhsilin gücləndirilməsi də əsas prioritetlərdən biri olaraq qalır. Əgər siz “rəqəmsal bacarıqları inkişaf etdirəcəyəm” deyib, eyni zamanda çox yaxşı ibtidai təhsil sisteminə malik deyilsinizsə, bu, problem yaradacaq. Fundamental məsələlər çox vacibdir. Biz hələ bu səyahətin başlanğıcındayıq”.

***

Tədbirdə çıxış edən iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib ki, əsas hədəf Azərbaycanın iqtisadiyyatının mürəkkəbliyini artırmaqdır: “Bunu daha sadə dillə desək, məqsədimiz sadəcə daha çox məhsul istehsal etmək deyil, daha çox əlavə dəyər yaradan məhsul və xidmətlər istehsal etməkdir.

Bunun əsas açarı isə istedad, texnologiya və ekosistemin birləşməsidir. Burada istedadın, insan kapitalının rolu son dərəcə böyükdür. Mövzu əmək bazarı prizmasından təqdim olunsa da, bu yanaşma müəyyən qədər məhdudlaşdırıcı ola bilər. Xüsusilə ona görə ki, auditoriyadakı bir çox insan mütləq şəkildə iş axtaran şəxslər deyil, əksinə, iş yerləri yaradan insanlardır.

Məncə, məhz bu, bu auditoriyanın və Baku ID fəlsəfəsinin ən yüksək dəyəridir. Əlbəttə, beşillik ilk kiçik yubileyinizə doğru irəliləməyiniz böyük nailiyyətdir. Texnologiyadan danışanda isə söhbət süni intellektdən - AI-dan gedir.

Azərbaycan nümunəsində də, düşünürəm ki, burada çox açıq danışmalıyıq. Məncə, qarşıdakı dövr - 2030-cu ilə qədər olan müddət üçün əsas məqsədimiz bu texnoloji dəyişikliklərin gətirə biləcəyi imkanlardan çox yüksək səviyyədə, səriştəli şəkildə istifadə edən bir ölkə olmaqdır”.

Fidan Etibar