“Gecə saat 3-də onlar iş başındadır”

gece-saat-3-de-onlar-is-basindadir
Oxunma sayı: 2557


 “Yaşadığım binanın ətrafında tikinti işləri gedir. Bu tikintidə çalışan fəhlələrin hansı qeyri-insani şərtlər altında çalışdıqlarını görmək böyük əziyyətdir. Səhər saat 8-də də, 40 dərəcə istidə də, axşam saat 10-da da, hətta bəzən gecə saat 3-də onlar iş başındadır.

Bu zəngin ölkənin kasıb vətəndaşları elə acınacaqlı vəziyyətə salınıblar ki, hansısa tikintidə müvəqqəti iş tapanda sevincək olurlar. Heç ağıllarına da gəlmir ki, əmək müqaviləsi və normal iş şəraiti tələb etsinlər. Azərbaycanın sərvətlərinə sərəncam verən oliqarxlarda isə insaf adına bir şey olmadığından 21-ci əsrdə ölkəmizdə qul əməyini bərpa ediblər.

Ölkəmizdə 100 minlərlə zəhmətkeş insan dəhşətli dərəcədə istismar edilir. Onlar üçün istirahət günləri, məzuniyyət, 8 saatlıq iş rejimi çoxdan ləğv olunub. Bu insanları gün ərzində 10-14 saat işlədirlər. Bir qayda olaraq onlarla əmək müqaviləsi imzalanmır, onların adına pensiya fonduna ödəmələr edilmir (yaşlananda da normal pensiya ala bilməyəcəklər), tikintidə təhlükəsizlik qaydalarına əməl olunmur. Aldıqları əməkhaqqı da ölkədəki qiymətlərin müqabilində qəpik-quruşdur. Təkcə tikintidə deyil, ümumiyyətlə heç bir sahədə işçi hüquqları qorunmur. Azərbaycanlılar eyni işin müqabilində bəzən əcnəbi həmkarlarından 8-10 dəfə az əməkhaqqı alırlar.

Milli Şuranın prezidentliyə vahid namizədi professor Cəmil Həsənlinin vətəndaşlarımızın bu hüquqsuz vəziyyətindən nə qədər narahat olduğunu yaxşı bilirəm. Qalib gələcəyi təqdirdə Cəmil müəllimin və bütövlükdə Milli Şuranın ilk addımlarından biri işçi hüquqlarını Əmək Məcəlləsinə tam uyğun şəkildə nizamlamaq olacaq. Əməkçilərin normal və təhlükəsiz iş şəraiti, istirahət hüququ təmin olunacaq. Onlarla əmək müqaviləsi imzalanacaq, əməklərinə müvafiq yüksək və qanuni məvacib alacaqlar. Çalışdıqları illərdəki ödəmələr hesabına yaşlananda da normal pensiya təminatları olacaq”.