Elə gözəl, elə təmiz, elə səmimiyyətlə sevir ki, vətəni, bayrağı, adını eşitdiyi Qarabağı, Xocalını... Atasından daha qəhrəman hesab edir Ramil Səfərovu… Təxminən onun yaşlarında cızma-qara etdiyim vətənpərvərlik şeirlərimi xatırlayıram. Bir söz deyə bilmirəm. Ana kimi onu anlamaqdan başqa yolum yoxdur.
Ümid edirəm, bir gün Nazim Hikmətin aşağıdakı misralarını oxuyanda mənim keçirdiyim hissləri keçirib qəhr olmaz.
Vatan çiftliklerinizse,
kasalarınızın ve çek defterlerinizin içindekilerse vatan,
vatan, şose boylarında gebermekse açlıktan,
vatan, soğukta it gibi titremek ve sıtmadan kıvranmaksa yazın,
fabrikalarınızda al kanımızı içmekse vatan,
vatan, tırnaklarıysa ağalarınızın,
vatan, mızraklı ilmühalse, vatan, polis copuysa,
ödeneklerinizse, maaşlarınızsa vatan,
vatan, amerikan üsleri, amerikan bombası, amerikan donanması topuysa,
vatan, kurtulmamaksa kokmuş karanlığımızdan,
ben vatan hainiyim.
Hələ 9 yaşı var. İnanıram ki, bütün günü əynindən çıxarmadığı hərbi forması, əlindən, dilindən düşməyən bayrağımızın, “vətən” sözunun dəyəri böyüyüb əsgərlik yaşına çatanda da onun üçün qutsal olaraq qalacaq. Və eyni həvəslə vətənin divarının böyük, əhəmiyyətli bir daşı olacaq.
Ümidlər bəzən, hətta çox vaxt elə ümid olaraq qalır.
Son illər qeyri-döyüş şəraitində ordumuzda ölən, ya da öldürülən əsgər sayını görəndə ümidimizi qatlayıb arxa cibimizə qoyasımız gəlir. Bəlkə də hər əsgər ölümünü “vətən sağ olsun!” şüarıyla qarşılamaq olardı. Amma bu halda hansısa bir oliqarx çıxıb deyir ki, orduda əsgər ölər də!
Yadımdadı, onda bəzi adamlar dedi: “Utanmazlığa bax!”
Mənsə belə fikirləşməmişdim. Adama haqsızlıq etmişdilər. Əslində o, kifayət qədər utanırdı. Yoxsa demək istədiyini belə yumşaq şəkildə yox, eynən olduğu kimi, elə beləcə deyərdi: “Orduda yetim-yesir, fəhlə-kəndli uşağı ölməyəcək də mənim uşağım öləcək?!”
Artıq xalq öz qara taleyiylə barışıb deyə bilərik. 1995-ci il doğumluların hərbi xidmətə çağırış qərarının çıxdığı bu günlərdə şahidi olduğum bir hadisədən sarsılmamaq əldə deyil.
Kəndə zəng edib anamla danışmaq istəyirdim. Bütün günü telefondan asılsam da mənə cavab verən olmadı. Axşam nigarançılıq içərisində oturmuşdum ki, anam zəng elədi. Yazıq arvada salamlaşmağa belə imkan vermedim. Gün boyu keçirdiyim narahatlığın təəssüratını arvadla birnəfəsə bölüşdükdən sonra məlum oldu ki, qonşumuz Qədir kişinin oğlunun toyundaymışlar.
Əlim üzümdə qalmazmı?! Axı mən bilən kəndçimiz “qəleyçi Qədir”rin bir oğlu var, o da hələ məktəblidi.
Anam dedi:
- Hə, elə odu. Toy deyəndə ki, uşaq bu il qurtarıb məktəbi. Əsgərliyə gedirdi. Atası deyir, gözümün ağı-qarası bir oğlum var. Mən də ki, xəstə adamam. İndi də gündə bir əsgər tabutu gəlir evlərə. Biz də uşağı allaha təvəkküllə göndəririk. Min-bir zülüm-zillətlə böyütdüyüm uşağın toyunu görmək bu dünyada yeganə arzumdur. Azərbaycandı də…nə olar, nə olmaz!
Beləcə Qədir kişi həyətdə mağar qurub oğlunu hərbi xidmətə sazlı-zurnalı yola salıb.
Gəl indi sevə-sevə, canu-könüldən qoru bu vətəni, öl bu vətən üçün, yaşa bu vətən üçün! O vətən üçün ki, vətəndaş uşağının fatihəsni bəri başdan verib göndərir səngərə.
Ölmədik, qaldıq, gəlinsiz də toy gördük bu məmləkətdə!
Bilmirsən bu yazıq kəndlinin sadəlövhlüyünə güləsən, ya ağlayasan.
Amma bir şeydən əminəm ki, vətəndaşının gözündə bu qədər etibarsız, bu qədər ümidsiz, bu qədər güvənsiz olan bir vətənin gününə ağı deyib ağlamaq gərək.
Son xəbərlər
Son Xəbərlər